''Boru mafiyası 170 ailəni susuz qoyur''
Featured

12 İyun 2017

Göyçay rayonunun üç kəndini birləşdirən su kəməri məhv edilib. Bu barədə rayon sakini Taleh Xasməmmədov məlumat verib. Bildirib ki, sökülərək satılan içməli su və suvarma borularının aqibəti ilə yerindəcə tanış olub:

''Su borularına qənim kəsilmiş bir qrup şəxs artıq daha geniş planda hərəkətə keçib. Onların tapşırığı əsasında ayrı-ayrı qruplar olduqlarını bildirən işçilər mənə dedilər ki, "biz burada oğurluqla məşğul deyilik, hər halda razılıq əldə olunmasa bizim nə ixtiyarımız var ki, kəndlərə gedən su borularını çıxarıb daşıyaq".

Deməli "qrup"lardan birinin işçiləri Kürtmaşı-Qarabaqqal kəndləri arasında çəkilmiş, təxminən 25 km uzunluğunda olan əkin sahələrinin suvarma borularını, digər "qrup" işçiləri isə Bığır-Qarabaqqal kəndləri arasında çəkilmiş 170 ailənin bir müddət əvvələ qədər istifadə etdiyi uzunluğu 12 km olan boruları sökərək daşıyırdılar. Həmin vaxt kənd sakinləri ilə ərazidə iş aparan şəxslərə yaxınlaşaraq "boruları niyə sökdüklərini, hara və niyə daşıdıqlarını" soruşduq. Bəziləri özlərini fəhlə, bəziləri Su-Kanal idarəsinin işçiləri olduqlarını bildirdilər. 

Dövlət nömrə nişanı olmayan ekskovatorun sürücüsü isə fəhlələri götürərək işlədikləri ərazidən qaçaraq uzaqlaşdılar. Biz orada gördükləri işin qanuni olub-olmamasını və hər hansısa sənəd təqdim etməklərini istəsək də bizə doğru-dürüst cavab verə bilmədilər. Onlar müdir və nümayəndə çağırmaq üçün zənglər etməyə başladılar.

Bundan sonra telefonda hansı cavabı aldılarsa onlar da dərhal ərazini tərk etdilər. Müşahidə etdiyimiz hallar bunu deməyə əsas verir ki, bir qrup vəzifəli şəxs öz tamah məqsədləri üçün Göyçay sakinlərinin ehtiyaclarını düşünmədən onlara qarşı düşmən mövqe sərgiləyirlər. Onlar həm əkin sahələrinin suvarılması üçün, həm də içməli su üçün istifadə olunan su borularını dövlətdən oğurluq etməklə satıb pullarını mənimsəyirlər. 

Eyni zamanda kənd sakinlərini narazı salaraq dövlətə qarşı nifrət hissi oyadırlar. Budurmu məmurların vətəndaşlara nümunə olaraq göstərdikləri dövlət qayğısı? Əlavə olaraq qeyd etmək istəyirəm ki, bu hal Göyçay rayonunda ilk deyil.

Son bir neçə ay ərzində rayonun Mirzəhüseynli kəndindən keçən 5 km uzunluğunda olan əkin sahələrinin suvarılması üçün nəzərdə tutulmuş borular, qaraməryəm kəndində "Çərmədil" adlanan böyük əkin sahəsinin suvarılması üçün istifadə olunan 4 km uzunluqda olan paslanmayan su boruları sökülərək naməlum istiqamətlərdə daşınaraq aparılıb.

"Boru mafiya"sının Göyçay rayonuna vurduğu zərər 100 minlərlə, bəlkə də milyonlarla ölçülür... Axı niyə? Şikayətçi demiş "durbaları sənin atan gətirib basdırıb ki, sökdürüb satdırırsan?"''. 

Məsələ ilə bağlı Qarabaqqal kənd bələdiyyəsinin sədri Nəbi Nəbiyev Criminal.az-a açıqlamasında bildirdi ki, sökülən borular artıq 10 ildən artıqdır istismar müddətini bitirib. Onun sözlərinə görə, hazırda sökülən borular vasitəsilə ancaq Qarabaqqal kənd sakinləri su götürə bilirdi, Bığır kəndi isə susuz qalmışdı. 

N.Nəbiyev qeyd etdi ki, dövlət tərəfindən layihələndirilmiş şəkildə yeni su xətti çəkiləcək. Hazırda sökülən boruların isə sakinlərin su təchizatına heç bir təsiri yoxdur. 

Top
JoomlaLock.com All4Share.net