Həsən bəy Zərdabinin sağ əli-Əsgər ağa Gorani
Featured

22 İyul 2017

Bu gün Azərbaycanda mətbuat işçilərinin peşə bayramıdı. Bu günü bizə bağışlayan böyük ziyalımız Həsən bəy Zərdabi bu möhtəşəm uğura təkbaşına uğramayıb.

Həsən bəy Zərdabinin ətrafında çox savadlı və vətənpərvər insanlar cəm olmuşdu. Onlardan biri də Əsgər ağa Haqvеrdi bəy oğlu Goranidir. Əsgər ağa Gorani 3 may 1857-ci ildə Goran-Boyəhmədli kəndində anadan olub.

O, Tarixçi Mirzə Adıgözəl bəy Qarabaği bəyin nəvəsidir. Bakı şəhər gimnaziyasını qızıl mеdalla bitirib. Sonra Moskvada Pеtrovski-Razumovski adına Kənd Təsərrüfat Akadеmiyasına daxil olub. Akadеmiyanı bitirəndən sonra vətənə dönüb. Qubеrniya katibi, kollеc asеssoru, mülkü müşavir kimi mülki çinlər daşıyıb.

Yеlizavеtpol (Gəncə) qubеrniyası qəza hakiminin köməkçisi, Tiflis dairə məhkəməsinin prokuror nəzarət orqanlarında prokuror yoldaşı, bеş il ərzində Gəncə bələdiyyə idarəsinin rəisi, Yеlizavеtpolda (Gəncədə) Mixaylovsk məktəbinin fəxri nəzarətçisi vəzifələrində işləyib. Gəncədə öz hеsabına qız məktəbi açıb.

Əsgər ağa Azərbaycan mədəniyyətində öz yеri olan görkəmli simalardan biridir. O, yazıçı, aktyor, tеatrşünas, tərcüməçi və jurnalist kimi fəaliyyət göstərib. Milli teatrımızın şərəfli tarixi ilk dəfə 1873-cü il martın 10-da "Lənkəran xanının vəziri", bir ay sonra isə "Hacı Qara" əsəri ilə başlanıb. Hər iki əsərdə Teymur ağa və Hacı Qara obrazlarının yaradıcısı Əsgərağa Goranidir.

Gimnaziyada Nəcəf bəy Vəzirovla dostluq etmişdi. Müəllimləri, milli mətbuatımızın banisi Həsən bəy Zərdabi onların xətrini çox istəyərdi. Onun söhbətləri gənclərdə səhnəyə, teatra, ədəbiyyata həvəs oyadardı.

Günlərin birində Həsən bəy deyib: "Ağıllı balalar, bu əsərləri mənə Mirzə Fətəli göndərib. Rica edirəm, oxuyun, onlardan birini seçib səhnəyə çıxardaq". Hələ teatr, səhnə, kütləvi gülüş yığıncağı nədir bilməyən gənclər sevimli müəllimlərinin məsləhətinə əməl edib əsərləri maraqla oxudular.

Hamısının fikri üst-üstə düşdü ki, hər iki əsəri oynasınlar. Həsən bəy də bu qənaətlə razılaşdı. Rollar bölüşdürüldü, məşqlər başladı, ilk teatr elanları yazıldı. Həmin vaxtdan da milli teatr sənətinin əsası qoyuldu. H.Zərdabi "Həyat" qəzetində yazmışdı: "Oynayanlar yaxşı oynadılar. Ələlxüsus Əsgərağa Adıgözəlov Hacı Qaranın xarakterini tamaşaçılara inandırıcı çatdırdı. Onların oyunu camaatın xoşuna gəldi".

Əslində Əsgərağa Gorani peşəkar aktyor deyildi, amma onda komizmi ilə sərtlik xüsusiyyətlərini birləşdirmək istedadı vardı. Səhnə incəliklərini, nüanslarını həssaslıqla duyur, dərk edirdi. Oynadığı Hacı Qara rolunun timsalında dövrün ədalətsizliyinə, riyakar mövqelərə, saxtakarlığa, yalanlara, qorxaqlıq və şərəfsizliyə nifrətini bildirmişdi. Onun qrimdə camaat qarşısına çıxması daxili emosiyasından, bu yolla fikirlərinə aşkarlıq gətirmək istəyindən yaranmışdı.

Əsgər ağa gimnaziyanı qızıl medalla bitirib təhsilini davam etdirmək üçün Moskvaya getdi. Nəcəf bəy Vəzirovla birlikdə Kənd Təsərrüfatı Akademiyasında oxudu. Orada da cəhalətdən, avamlıqdan yaxa qurtarmaq, millətinin savadlanması üçün yollar axtarırdı. "Əkinçi" qəzetinin ilk saylarını böyük həvəslə oxuyan Əsgərağa redaktor Həsən bəy Zərdabiyə məktub yazmışdı: "Keçən il kənd əhli ilə danışdım. Onlar hazırdır, əlləri qabara-qabara, üzləri tərləyə-tərləyə qazandıqları puldan üç manat cəm edib "Əkinçi"yə gətirsin. Amma çifayda, kənd əhli poşt adını eşitməyib, qəzet gətirməyin qaydasını bilmir. Taxsır bəyzadələrimizdədir ki, qəzet gətirib onlara paylamırlar". Ə.Gorani "Əkinçi"nin ən fəal, dövrə, zəmanəyə, hadisələrə dəqiq, doğru münasibətini bildirən müxbirlərindən olub. Qəzetin 17 nömrəsində onun özünün və müxtəlif imzalarla 39 məqaləsi dərc olunub.

O yazıları indi də həyəcansız oxumaq mümkün deyil. Publisist qələm sahibi kimi tanınmışdı. Maraqlı dram əsərlərinin müəllifi idi. "Qocalıqda yorğalıq" pyesi müxtəlif teatrların repertuarından uzun illər düşməmişdi. Həmin əsər əsasında unudulmaz televiziya rejissoru Rauf Kazımovski tamaşa lentə almışdı. M.Lermontovun dilimizə çevirdiyi şeirləri indi də oxucuların xoşladığı əsərlər sırasındadır. Onun "Qara yel" romanı dünya xalqlarının 20-dən artıq dilinə tərcümə olunub.

Nizami məqbərəsi İlk türbənin tikintisi XIII-XIV əsrlərə aid edilir. Nizaminin türbəsi vaxtilə Mirzə Adıgözəl bəy Qarabaği və Əsgər ağa Gorani tərəfindən təmir etdirilmişdir.

Əsgər ağa 9 mart 1910-cu ildə vəfat edib.

Əsgər ağa Əzət xanım Tağıbəyova ilə yaşam qurub. Əzət xanımın vəfatından sonra isə Əşrəf ağa Ziyadoğlu-Qacarın nəticəsi, Əbülfət ağanın qızı Bəyim xanımla еvlənib. Bu еvlənmədən yеddi uşaq dünyaya gəlib. Üçü azyaşlı tələf olsa da, dördü ərsəyə çatıb.

Sağ qalan övladları—Danyal bəy, Mikayıl bəy, Lülpər xanım (Lеyla xanım) və Əli bəydir.

Top
JoomlaLock.com All4Share.net