İlk dərsim
Featured

05 Oktyabr 2017

1979-da BDU-dan təyinatımı Sabirabada, Sabirabad Maarif  Şöbəsindən də 135 saylı Texniki Peşə məktəbinə fizika müəllimi kimi verdilər.

Məktəbdə məndən əvvəl işləyən fizika müəllimi İsfəndiyar müəllim Əhədov bilərəkdən, ya bilməyərəkdən ən pis qrupları dərs bölgüsündə mənə saxlayıb. Sentyabrın 1-də birinci dərsim də demə pislərin ən pisi olan TA-7 (traktorçu-avtomobilçi) qrupuna imiş. O vaxt məktəb köhnə xəstəxananın binasında yerləşirdi. Siniflər uçuq-sökük, pis gündə idilər.
 
TA-7 qrupu ancaq oğlanlar idilər və hamısı şəhər uşaqları. Bunlar eşidiblər, bəlkə də məni görüblər ki, xarici görünüşdən bunlardan heç də fərqlənməyən yeni müəllim gəlib və mənə sürpriz hazırlayıblar.
Jurnalı götürüb sinfə gedirdim ki, koridorda gedəcəyim sinfdə səs-küyün ərşə dirəndiyini eşitdim. Qapını açanda içəridə tozdan, siqaret tüstüsündən göz-gözü görmürdü. Jurnalı uzaqdan müəllim stolunun üstünə tulladım.
 
Gəlib oturan kimi cibimdəm Marlboro qutusunu çıxardıb bir siqaret damağıma qoydum. Jurnalı açıb vərəqləməyə başladım. Sonra o vaxt çox az tapılan, bahalı alışqanı çıxarıb siqareti yandırdım. Siqaret qutusunu və alışqanı üst-üstə qoyaraq jurnalın yanına, uşaqların görə biləcəyi yerə qoydum. Cibimdəm qələm çıxarıb jurnalda guya nəsə qeydlər apardım.
 
Başımı qaldırmadan özümü elə aparırdım ki, giqareti çəkib qurtarandan sonra ayağımın altına atıb əzdim.
 Artıq sinifdə milçək uçsa idi qanadının səsi eşidilərdi. Uşaqlar hamısı sakitləşib gözlərini mənə zilləmişdilər. Nə baş verdiyini heç cür başa düşə bilmirdilər.

Başımı qaldırıb bunlara baxdım və bir az gülüməsyib özümü təqdim etdim. Uşaqların da bir-bir adlarını söruşub jurnalda qeyd etdim. Təəccüblü bu idi ki, kimdən adını soruşurdumsa ədəblə ayağa qalxıb özünü təqdim edirdi. Sonra bunların öz dilində dərsin sonuna qədər məsləhət verdim.

Onlar məktəbi qurtarana qədər qədər mənim dərsimdən qalmadılar. Başqa dərsə gəlməyənləri də mənim dərsimə gətirir, dəftər-kitab gətirir, qeydlər aparırır və sonda qiymət alırdılar.

İndi də həmin uşaqlar məndən yaşlı görünsələr də məni harda görsələr hörmətlə təzim edirlər.
Bu fəndi BDU-da psixologiya müəllimim, rəhmətlik Səadət müəllim Hələtaidən öyrənmişdim. O da başına gələn, buna bənzər bir əhvalat danışmışdı.
 
Sahib RÜSTƏMLİ
 
Top
JoomlaLock.com All4Share.net