Mübarizəsi ilə örnək olan insan-Tale Bağırzadə
Featured

06 Oktyabr 2017

Böyük alman filosofu Marbini deyirdi ki, "müsəlmanların bir xalq kimi mövcudluğu İmam Hüseynin (ə) şəhadətinə bağlıdır. Ona görə ki, Hüseyn eşqi ilə yanan hər bir şəxs heç vaxt zilləti, köləliyi qəbul etməz".

Söhbət eşq görüntüsü yaradanlardan deyil, Hüseyn eşqi ilə içdən yanan və əməli ilə eşqinə bağlı insanlardan gedir. O adamlar xoşbəxtdir ki, bu böyük eşqin alovu ilə yananları real həyatda gördü və onların böyüklüyünü duya bildi.

Bu ailəyə hər gəlişimizdə bu böyüklüyü gördüm- Uşaqların saf, inamlı baxışlarında, Leyla xanımın dərin məntiqində, mübariz ruhunda.

Müsəlman Birliyi Hərəkatının sədri, siyasi məhbus Tale Bağırzadənin doğulub boya –başa çatdığı və övladlarının böyüdüyü evdəyik.

Uşaq olan evdə hər zaman şənlik, istilik, sevgi var.

Bu evdə 3 uşaq böyüyür, Məhəmmədhəsən, Məhəmmədhüseyn və Əbülfəzlabbas.

İkinci sinif şagirdi olan Məhəmmədhəsən dərs əlaçısıdı. O, şahmat yarışmalarında iştirak edir və bu sahədə uğurları ürəyimizi açır.

Qardaşı Məhəmmədhüseyn hələ məktəbə getməsə də indidən öz yolunu seçib. Deyir ki, boksçu olacaq. 

Məhəmmədhəsən

Balaca Abbas isə Məhəmmədhəsənin dili ilə desək, vəkil olacaq: "Abbasın işini indidən vəkillər həll edir, o, böyüyəndə vəkil olacaq".

Əbülfəzlabbas... Balaca Abbasa atası bu adı qoysa da, adın rəsmiləşdirilməsinə etiraz edənlər idda edirlər ki, addakı "l" səsi Azərbaycan dilinin qanunlarına ziddir. Bəli, nə qədər gülünc olsa da adiyyatlı qurumlar belə bir iddiada bulundular. Ailəsi məcbur olub Əbülfəzlabbasın adını vəsiqədə Abbas yazdırdı.

Məhəmmədhüseyn

Tale Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə deyir ki, vəkil Yalçın İmanov Abbasın adıyla bağlı məhkəmə işində iddalıdır və bu işlə bağlı Avropa Məhkəməsinə də müraciət edəcəyini bildirib.

Ağır repressiya illərində Stalin "uşaqlar atalarına cavabdeh deyil" deyirdi. Amma müstəqil Azərbaycanımızda siyasi məhbus övladlarının, hətta yaxınlarının üzləşdiyi qanunsuzluqlar feodal dövrünün özbaşınalığını xatırladır.

Alman filosofun "Hüseyn eşqi ilə yanan hər bir şəxs heç vaxt zilləti, köləliyi qəbul etməz" fikiri bu ailəni tanıyanlara tanışdır. Tale Bağırzadənin şərlənərək həbs edilməsi və istintaq dövründə də, məhbəsdə də ona edilən dəhşətli işgəncələr Azərbaycanın böyük oğlunu dəyişdirə bilmədi. O, bütün əməlləri ilə, hər kəlməsi ilə Kərbəla Məkətbinin layiqli davamçısı oduğunu sübut etdi.

Əbülfəzlabbas

Deyirlər, insana bacarıqlar və dünyagörüş ana xətti ilə keçir. Biz  gördüklərimizi də, eşitdiklərimiz də şüuraltının bizə təqlin etdiyi şəkildə qəbul edirik. Şüuraltında ilişib qalanlar isə beşikdəki laylalardan süzülüb gəlir, ananın südü ilə qana, cana keçir. Tale Bağırzadənin anası ilə tanış olanda xəyalımda canlandırdığım qoçaq, cəsarətli, mərd, dönməz, qürurlu bir qadınla rastlaşmışdım. Bu qadın danışdıqca oğlunun böyüklüyündən qürrələndiyini sezməmək olmazdı və bunu duymaq özü bir ayrı ləzzət idi. 

Yerigəlmişkən, deyim ki, Tale Bağırzadənin və onunla birgə Nardaran olaylarında şərlənərək həbs edilənlərin məhkəmə prosesində, eləcə də sonrakı zamanlarda, yaxınlarının, doğmalarının və həbs edilənlərin özlərinin bütün addımları ölkədəki "məni həbs edərlər", "amanın günüdür, balamı tutarlar" kimi xaosu məhv elədi.

O gün yadımdadır; "Nardaran işi-1"  məhkəmə prosesi başa çatmışdı. Tale Bağırzadəyə və onunla yanaşı digər 11 nəfərə höküm oxunduğu o gün. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin verdiyi hökmə əsasən, Taleh Bağırzadə və Abbas Hüseynova 20, Fuad Qəhrəmanlıya 10, Rasim Cəbrayılova 17 il həbs cəzası verildi.
Taleh Bağırzadə və Abbas Hüseynovun həbslərinin ilk 7 ilini qapalı rejimli həbsxanada çəkəcəklərini dedilər.
Zakir Mustafayev, Cahad Babakişizadə, Aqil Quliyev, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay müddətinə azadlıqdan məhrum edildilər. 

Şərlənərək həbs edilən, minbir işgəncəyə məruz qalan Tale Bağırzadə 20 il müddətinə azadlıqdan məhrum edildi. İndi əziz oxucum, siz çöldəki mənzərəyə baxın. Möhtəşəm, möhtəşəmliyi tüklərimizi ürpədən o mənzərə. Çöldə 20, 18 il müddətinə həbs cəzası alanların yaxınları bir-birini qucaqlayır və sevinərək "Qəzavətin mübarək" deyirdilər. Bu mənzərəni görəndə alman filosofunun İmam Hüseyn Eşqinə verdiyi qiyməti xatırladım. Mənə qəribə gələn eyni zamanda bir almanın bu Eşqi bu qədər dərindən anlaması idi. Bu yaxınlığın səbəbi yəqin ki, ağıllı, mübariz alman xalqının ruhuydu. Kimliyindən, harda yaşamasından aslı olmayaraq bu dünyada ədalətsizliyə boyun əyməyən bütün insanları bir dəyər birləşdirir-Ədalətsevərlik.

O ədalət ki, məşhur xristian yazar Corc Cordak "İmam Əli ədalətinin şiddətinin qurbanı oldu" deyirdi.

Bu mübarizə davam edir. Leyla xanım deyir ki, Tale sentyabrın 5-də evinə zəng edib. O, bütün dindarlara salamını çatdırmasını istəyib. Tale Bağırzadə Milli Şuranın 7 oktyabr mitinqini  dəstəklədiyini bildirib:

"Zülmə qarşı hər deyilən söz, atılan addım bizi Allaha, haqqa yaxınlaşdırır. Biz Uca Rəbbimə yaxınlaşdıqca, o da bizim qəlbimizdəki mübarizə əzmini artırır."

Abbas yeriməyə başlayıb, divardan tuta-tuta yeriyir, əllərini çəkən kimi yıxılır, amma ayağa qalxması üçün kömək gözləmir, yerindən qalxıb yoluna davam edir. Bu gözəl anları seyr etdikcə düşünürəm ki, bu özünəinam, bu güc genetikdir və Abbas da, qardaşları da hər addımında, səsində, təbəssümündə, ədalətində bu genetik bacarığı ifadə edir. Ədalətsizliyə dirənən, haqsızlıqla barışmayan və bütün anlarında güclü, məğrur, möhtəşəm olmaq bacarığını...

Top
JoomlaLock.com All4Share.net