Ülvi Həsənlinin məhkəməsi olacaq
Featured

01 Noyabr 2017

Noyabrın 4-də NİDA Vətəndaş Hərəkatının möhlət hüququ olmasına rəgmən hərbi xidmətə aparılmış üzvü Ülvi Həsənlinin məhkəməsi olacaq.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə hüquq müdafiəçisi Xalid Ağalıyev vəkil Elçin Sadıqova istinadən məlumat verib:

"Məhkəmyə şikayətdə iddia olunur ki, Ülvi Həsənlinin zorla hərbi qulluğa aparılarkən qeyri-insani, insan ləyaqətini alçaldan rəftara və işgəncəyə məruz qalıb. Məhkəmədən bu iddiların araşdırılması istənilib.

Şikayətə Bakı Hərbi Məhkəməsinin hakimi Siyavuş Hacıyev baxacaq. Məhkəmədən istənilib ki, Ülvi Həsənlinin prosesdə iştirakı və ekspertizadan keçirilməsi təmin olunsun.
Bundan əlavə baş prokurora, hərbi prokurora, Müdafiə Nazilriyinə də şikayət göndərilib. Ancaq hələlik şikayətlərlə bağlı hər hansı araşdırma aparılmayıb".

Qeyd edək ki, NİDA Vətəndaş Hərəkatının üzvü Ülvi Həsənli oktyabrın 26-da hərbi polis tərəfindən saxlanılıb. O, məcburi şəkildə hərbi xidmətə aparılıb.

Bu barədə məlumatı Ülvi Həsənli özü Medan tv-yəverib. O, bildirib ki, sonuncu dəfə 2016-cı ilin sentyabrında Gəncə şəhər Hərbi Komissarlığında yoxlamadan keçib və ona 3 illik möhlət hüququ verilib:

“Şiddətli revmatizmə görə, 2017-ci ildən hərbi xidmətə yararsız olduğum bildirilib. Kəpəz Rayon Hərbi Komissarlığından oktyabrın əvvəlində mənə zəng etdilər. “Səndən şikayət var, yenidən komissiyadan keçməlisən. Haqqındakı möhlət qərarı ləğv olunub”, - dedilər. Bundan sonra Hərbi Hospitalın komissiyasında yoxlamadan keçdim. Böyrəyimdə daş olduğu bildirildi. Sonradan eşitdim ki, Hərbi Hospitalda bunu mənə deyən həkim xanımı danlayıblar. Halbuki yay aylarında böyrək tutmam olmuşdu, böyrəyimdən daş düşmüşdü”.

Ülvi Həsənli deyib ki, 2 gün öncə, oktyabrın 24-də ondan Abdullayev adına Elmi-Təhqiqat Kardioloji İnstitutunda müayinədən keçməyi tələb ediblər. Ancaq böyrək problemi barədə heç nə deməyiblər:

“İnstitutda müayinədən keçsəm də, böyrəyimdəki problemi qeyd etmədilər. Mən həkimə bu barədə söyləsəm də, UZİ-dən keçirib heç bir problem olmadığını dedilər. Həkim buraya ürəklə bağlı göndərildiyimi söylədi. Dünən bütün günü Abdullayev adına Elmi-Təhqiqat Kardioloji İnstitutunda olmuşam”.

Ülvi Həsənli oktyabrın 26-da, səhər saat 12-də üç hərbçinin onu saxlayaraq, məcburi şəkildə Səfərbərlik Xidmətinə apardığını deyir: 

“Orada 2017-ci ildə komissiyalardan necə keçməyim haqda izahat yazdırdılar. Bir-iki saat gözlətdilər. İdarədən çıxanda Gəncə Şəhər Hərbi Komissarlığının rəisi mənə “Bakı Hərbi Polisinə gedirik”, - dedi. 15-20 dəqiqə orda saxladıqları zaman mübahisə etdim ki, ailəm və dostlarım var. Məndən narahatdırlar. Bəlkə oğurlayıb, harasa aparırsınız. Bu insanları məlumatlandırmalıyam. Mənə Bərdə polisinə getdiyimizi dedilər”.

Ülvi Həsənli başına gələnlərlə bağlı artıq vəkilini məlumatlandırıb:

“Məsələ ondadır ki, heç bir yoxlamadan keçirmədən məni hərbi xidmətə aparırlar. Heç şəxsiyyət vəsiqəmi də soruşmurlar. Bəlkə mən başqa adamam?”

Ülvi Həsənlinin vəkili Elçin Sadıqov deyib ki, qanunun tələbinə görə, heç kəsi fiziki zor tətbiq edib, öz iradəsi xaricində hərbi xidmətə apara bilməzlər. Şəxs növbəti dəfə hərbi xidmətdən yayınıbsa, barəsində cinayət işi aça bilərlər. Ancaq heç bir hal fiziki zor tətbiq etməklə hərbi xidmət keçməyə məcbur edə bilməz. Ülvi Həsənlinin 2019-cu ilədək möhlət hüququ var. Düşünürəm ki, bütün bunlar nəzərə alınmadan onun qanunsuz hərbi xidmətə aparılması son zamanlar NİDA-nın tədbirlərində fəal iştirakına görədir”.

Vəkil baş verən qanunsuzluqla bağlı müvafiq hüquqi addımlar atacaqlarını da bildirib.

Xatırladaq ki, Ülvi Həsənli 2013-cü ildən NİDA Vətəndaş Hərəkatının üzvüdür.

NİDA Vətəndaş Hərəkatı isə 2011-ci ilin fevralında, Bakıda bir qrup gənc fəal tərəfindən yaradılıb. Hərəkatın manifestində bildirilir ki, məqsədləri hüququn aliliyinin təmin edilməsi və sosial-iqtisadi dəyişikliklərin həyata keçirilməsidir.

Təşkilatın bir neçə üzvü hazırda həbsdədir.

Top
JoomlaLock.com All4Share.net