“Pilot layihə” yoxsa özbaşınalıq?
Featured

02 Noyabr 2017

Bakı şəhərində son bir ildə “pilot layihə” adlı tikintilər geniş vüsət almışdır. Mənə son dövrlər tikinti şirkətinin qanunsuzluqları ilə üzləşən vətəndaşların müraciətləri ilə kiçik araşdırma aparmağa vadar etdi.

“Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarı qəbul olunur.

Həmin qərara əsasən onun qəbul edilməsinin məqsədi Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması olmuşdur. 

Qərara əsasən qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması; qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması nəzərdə tutulur.
Qərarda “pilot” ifadəsi yoxdur.

Amma Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin internet saytında (http://www.arxkom.gov.az/articles/191/155.html) bu layihənin adı “pilot layihə” adlanır.

İstənilən halda çox yaxşı projedir. Qəzalı evlərin sökülməsi və yerində gözəl binaların tikilməsi alqışlanmalıdır. Lakin görünən odur ki, bu prosesdə yumşaq desək ciddi qanunsuzluq var.

Nazirlər Kabinetinin qərarı qəbul ediləndən sonra adlarında “Pilot” olan Məhdud Məsuliyyətli Cəmiyyətlər yağışdan sonra göbələk kimi çıxmağa-qeydiyyata alınmağa başlayır. Bunların da nizamnamə kapitalı 10, 20 ən insaflılarının maksimum 100 manatdır. Milyonlarla qiyməti olan “Pilot layihələr” yeni yaradılmış şirkətlərə həvalə olunur. Bunlar “PİLOT İNŞAAT”, “PİLOT İNŞAAT-A”, “YENİ PİLOT”, “PİLOT-HƏYAT”, “PİLOT-1”, “PİLOT-2”, PİLOT-RESİDENCE ŞƏRİFZADƏ”, “PİLOT-16” Məhdud Məsuliyyətli Cəmiyyətləridir. Cədvəl aşağıda əlavə olunur.

Mətubatda gedən məlumatlardan da görünür ki, bəzi şirkətlər bir çox hallarda tikinti laiyhələrinin “pilot” olmasını qabardıb, bundan sui-istifadə edirlər.

Vətəndaşlarla bağlanması üçün təqdim olunan müqavilələrdə onlara 300 manat kirayə haqqı üçün aylıq vəsait verilir, yeni mənzillərin təmirli təhvil olunacağı göstərilir. Lakin burda çox ciddi və hətta təhlükəli məqamlar vardır.

1) Nizamnamə kapitalları 10, 20, 100 manat olan şirkətlərin Nazirlər Kabinetinin yuxarıda göstərilən qərarından sonra göbələk kimi ortaya çıxması bu prosesin qeyri-şəffaf, hər hansı müsabiqə olmadan, məmurların mülahizəsinə həll edildiyi açıq aşkar görünür;
2) Tikiləcək banaların vaxtında, yaxud ümumiyyətlə tikilib başa çatdırılması üçün hər hansı zəmanət yoxdur. Bununla bağlı nə dövlət zamanəti nədə ki, bank zəmanəti təqdim olunur;
3) Bakı şəhərinin daşınmaz əmlak mənzil kirayə bazarı bu həcmdə müştərinin eyni vaxtda kirayə ilə təmin etmə potensialı yoxdur və tələbin təklifi üstələməsi artıq qiymətlərin artmasına gətirib çıxartmışdır;
4) Təklif olunan 300 manat aylıq kirayə haqqı əvvəlki (xüsusi ilə Bakı şəhərinin mərkəzi rayonların) yerə və şəraitə açıq-aşkar kifayət etmir.
5) Təklif olunan kirayə haqları belə bir dəfəyə deyil, hər ay verilməsi müqavilələrdə nəzərdə tutulur və bu da əlavə təhlükələr yaradır.

Bir çox hallarda tikinti şirkətləri vətəndaşların bir qismi ilə razılaşandan sonra həmin mənzilləri, binanın aparıcı konstrukisyalarını, hətta binaları belə qismən, bəzi hallarda kommunikasiyaları sökərək faktiki olaraq digər vətəndaşların həyatlarını təhlükəyə atıb onları razılığa məcbur edirlər. Bu tamamilə qanuna ziddir və burada əmlakın qəsdən məhv edilməsi cinayətinin əlamətləri vardır. 

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. 227.2. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin.

 

Belə qanunsuzluqlara yol verən şirkətlər barəsində vətəndaşlar həmçinin prokurorluqa şikayət verməlidirlər.

Vətəndaşlara məsləhətim odur ki, bu məsələlərdə birgə danışıqlar aparsınlar və qanunsuzluqlarla bağlı kollektiv müraciətlər etsinlər, müqavilələri kor-koranə imzamasınlar, mənzilləri təmiri və keyfiyyəti ilə bağlı müddəaların salınmasını tələb etsinlər və ümumiyyətlə binaların tikiləcəyini, vaxtında tikilib başa çatdırılması ilə bağlı zəmanət tələb etsinlər. 

Dövlət orqanlarına da müraciət edib xahiş edirəm vətəndaşlara qarşı qanunsuzluq edən şirkətlərin hərəkətlərinə ciddi reaksiya versinlər və tikinti prosesini heç olmasa nəzarətdə saxlasınlar. Hər hansı şirkətin maliyyə problemlərinə görə tikintinin aparılmadığı meydana çıxması yüzlərlə ailəni faciəvi duruma sala bilər. Sonradan isə cinayət işi başlanılması, kimlərinsə məsuliyyətə cəlb edilməsi heç kimin yarasını sağaldan deyil.

Javad Javadov adlı şəxsin şəkli.
Daha çox münasibət göstər

Top
JoomlaLock.com All4Share.net