Lütfi Zadə akademik Rafiq Əliyevə böyük məbləğdə pul vəsiyyət etdi
Featured

13 Noyabr 2017

Bu ilin sentyabrında 96 yaşında  dünyasını dəyişən dahi alim Lütfi Zadənin vəfatı bütün bəşəriyyət üçün böyük itki oldu. Lakin Zadədən sonra onun elmi irsi və nəzəriyyələri yenə də bu bəşəriyyətə xidmət etməkdədir.

Zadə elmi irsinin varisi isə dünya çapında tanınan başqa bir həmyerlimiz professor Rafiq Əliyevdir. Rafiq Əliyev bu günlərdə Lütfi Zadənin irsinin tədqiq və təbliği, öyrənilməsi istiqamətində həddindən artıq böyük addım atıb.

Moderator.az  xəbər verir ki, Rafiq Əliyev Lütfi Zadənin ona vəsiyyət etdiyi maddi mirasın hamısını birbaşa rəhbəri olduğu  “Zadə irsi və süni intellekt” Assosiasiyasına bağışlayıb.

Bir neçə gün bundan əvvəl Lütfi Zadənin oğlu Norman Zadə Rafiq Əliyevə məktub yazaraq, atasının professora vəsiyyət etdiyi maddi miras haqqında məlumat verib. Həmçinin, həmin mirası onun bank hesabına köçürməsi üçün müvafiq bilgiləri istəyib:

“Hörmətli, Professor Əliyev,

Valideynlərim sizə maddi miras qoyublar. Xahiş edirəm ki, hesab nömrənizi göndərin ki, mən atamın vəsiyyətini yerinə yetirə bilim”.

Rafiq Əliyevin Norman Zadəyə yolladığı məktub isə həqiqətən, böyük fədakarlıq və böyüklük  düsturu kimi qiymətləndirilə bilər. Belə ki, professor Əliyev kifayət qədər böyük məbləği  (artıq fonda  aid olduğu üçün və oranın maliyyə məsələlərinə tabe olduğu üçün vəsiyyət edilən maddi miras açıqlanmır) birbaşa Lütfi Zadənin irsini təbliğ və tədqiq edən beynəlxalq elmi mərkəzə – “Zadə irsi və süni intellekt” Assosiasiyasına bağışlayıb. Bağışlanan maddi vəsaitlə Zadənin irsinin tədqiq  və təbliği ilə yanaşı, gənc tələbələrə və elmi araşdırmaçılara müvafiq yardımlar ediləcək.

Rafiq Əliyevin məktubunun mətnini təqdim edirik:

“Bu maddi vəsiyyət heç vaxt mənim özəl məqsədlərimə sərf olunmayacaq”

 “Hörmətli, Norman Zadə. Məktubunuza görə təşəkkür edirəm. Professor Zadə həmişə mənim müəllimim, yolgöstərənim olub. Bizim sizin ailənizlə-Lütfi və Fey Zadələrlə 40 ilə yaxındır ki, ailəvi dostluğumuz var. Bu ailəvi dostluqla bərabər, professor Lütfi Zadə ilə “Qeyri-səlis məntiq” , “Sözlə hesablamalar”, “Müasir qərarqəbuletmə nəzəriyyələri” üzrə bizim elmi layihələrimiz olub.

Birlikdə müxtəlif elmi işlər aparmışıq. Professor Lütfi Zadə mənim   “World Scientific”, “Springer” və başqa elmi nəşriyyatlarda çıxan 7 kitabıma ön söz yazıb. Sonuncu kitabı – “Z ədədlər hesabı, nəzəriyyəsi və tətbiq”- birlikdə yazmışıq. Əsas fəsli də Lütfi Zadə yazıb. 7 ay bundan öncə Lütfi Zadə mənə bir məktub göndərdi ki, “Qeyri-səlis məntiq” nəzəriyyəsi və tətbiqi” adlı iki hissədən ibarət bir kitab yazaq. Mən “World Scientific” nəşriyyatı ilə bu məsələni razılaşdırdım. Bizim bu gün həmin nəşriyyatla müqaviləmiz var. Müqaviləni 4-5 ay bundan əvvəl Lütfi Zadəyə yolladım. Düşünürəm ki, həmin müqavilə hazırda onun arxivindədir. Müqaviləyə görə, kitab bu ilin dekabr ayında nəşriyyata təqdim olunmalıdır.

Hörmətli Normal Zadə!

Lütfi Zadənin dünyasını dəyişməsi tək bizim üçün yox, bütün bəşəriyyət üçün böyük itkidir. 40 il ərzində hər həftə mən Lütfi Zadə ilə telefon əlaqəsi saxlayırdım. İldə bir, ya iki dəfə, Berkli yaxud, Amerika və Avropanın müxtəlif şəhərlərində görüşürdük. Lütfi Zadə ilə sonuncu söhbətim avqustun axırında oldu.

Hörmətli, Norman Zadə!

Lütfi Zadənin vəsiyyəti ilə əlaqədar onu demək istərdim ki, bu, məni son dərəcədə həyəcanlandırdı və son dərəcə emosional təsir etdi. İnformasiya üçün sizə demək istəyirəm ki, 20 il bundan əvvəl mən “Zadə irsi və süni intellekt” Assosiasiyasını  yaratdım. Mən hazırda bu assosiasiyanın prezidentiyəm. Məqsədim Lütfi Zadənin bu maddi vəsiyyətini həmin assosiasiyaya bağışlamaqdır. Bu fond Zadə irsinin tədqiqi, təbliği, öyrənilməsi, yayılması üçün istifadə olunacaq.

Heç bir vaxt bu maddi vəsiyyət mənim özəl məqsədlərimə sərf olunmayacaq.

 Biz tələbələr üçün Zadə təqaüdləri təyin edəcəyik.  Qeyri- səlis məntiq və bununla əlaqəli sahələrdə gənc tədqiqatçıların elmi işlərinə dəstək üçün sərf edəcəyik.

Məktubunuza görə təşəkkür edirəm”.

Top
JoomlaLock.com All4Share.net