"Yalçın İmanovla bağlı qərar çox ədalətsizdir"
Featured

21 Noyabr 2017

"Sona qədər də mövqeyim belə qalacaq"

Vəkillər Kollegiyası Rəyasət Heyətinin 20 noyabr iclası gündəmin ən çox müzakirə olunan məsələsidir. Həmin iclasda Rəyasət Heyəti vəkil Yalçın İmanovun vəkillik fəaliyyətinin dayandırılmasına qərar verib. İclasda qərarın əleyhinə yalnız vəkil İradə Cavadova səs verib.  Meydan TV kollegiyanın qərarı ilə bağlı sual yaradan məqamları İradə Cavadova ilə söhbətdə aydınlaşdırmağa çalışıb.

- İradə xanım, Yalçın İmanovun kollegiyadan çıxarılmasının əleyhinə səs verən yeganə üzv olmusunuz. Arqumentləriniz nədən ibarət olub?

- Əvvəla, Rəyasət Heyətinin son toplantısında baş verənlərə görə çox təəssüf edirəm və qərarı çox haqsız sayıram. Mən onu vicdanlı, peşəkar və savadlı vəkil kimi tanıyıram. Bəlkə də illərdir onu görmürəm, amma prinsipial xarakterə malik olduğunu bilirəm. Layiqincə və yüksək peşəkarlıqla müdafiə edir.

Sualınıza gələk, birinci, Yalçın İmanovun kollegiyadan çıxarılmasını yox, töhmət gözləyirdim. Hətta töhmətə də razı deyildim. Məsələ ondadır ki, Yalçın İmanovun heç bir qəbahəti olmamışdı və o, vəkilə yaraşan hərəkətlər etmişdi. İmanov müdafiə etdiyi şəxslə görüşüb və o, vəkilinə döyüldüyünü deyib. Vəkil də görüş zamanı məhbusun görüntüsündən durumunun yaxşı olmadığını görür. Belə olanda vəkil nə etməlidir?

Hökmən müdafiə xarakterli tədbirlər görməlidir, vəkil susa bilməz. Çünki vəkilin müdafiə etdiyi şəxsin döyüldüyünü onun dilindən eşidibsə, bu barədə danışmalıdır. Yalçın İmanov da müdafiə etdiyi şəxsin adından bu barədə mətbuatda danışıb, həm də müdafiə xarakterli tədbirlər sırasında olan müvafiq orqanlara şikayətlərini göndərib. Buna görə vəkilə təşəkkür etmək lazımdır, çünki başqa cür ola bilməz. Əgər Yalçın İmanov bu işini yerinə yetirməsə və həmin şəxs ondan şikayət etsə ki, işgəncəyə məruz qalsa da, vəkil müdafiə xarakterli heç bir addım atmayıb, o zaman onun kollegiyadan xaric olunması qoyulmalıydı.

Ona görə ki, vəkil müdafiə etdiyi şəxsin etimadın doğrultmadı. Çox təəssüf edirəm ki, Penitensiar Xidmətin rəsmisinin yazdıqlarını araşdırmadan qərar qəbul olundu. Yalçın İmanov həbsxanadan çıxan kimi müvafiq orqanlara şikayətlərini göndərib. Mən bu barədə Rəyasət Heyətində münasibətimi ifadə etdim, amma qərar səsçoxluğu ilə qəbul edilir.

- Qərarın lehinə səs verənlərin arqumentləri nə idi?

- Təsəvvür edin, iclasda o qədər həyəcanlı danışdım ki, ətrafdakıların nə dediyi yadımda qalmayıb. Danışmağım da özümə qaldı, üzrlü sayın. Çox emosional idim, deyəcən, Yalçın İmanovla mən danışırdıq.

- Çox qəribədir ki, hakimiyyətə yaxın mətbuatda çalışan bəzi jurnalistlər Rəyasət Heyətinin hansı qərar qəbul edəcəyini bilirdilər və bizə sızdırmışdılar. Bu, necə ola bilər?

- Mənim xəbərim yoxdur, doğrudanmı, elə olmuşdu?! Mən 5 ilə yaxındır Rəyasət Heyətinin üzvüyəm və toplantılara dəvət ediləndə gündəlikdən xəbərsiz oluruq. Yalnız belə olur, yaxın vəkillərdən biri deyir ki, Rəyasət Heyətində mənim işimə baxılacaq, o zaman bilirik ki, filankəsin məsələsinə baxılacaq. Hətta iclasda masanın üstünə qoyulan gündəlikdə kimin işinə baxılacağı yazılmır. Ümimi məsələlər istisna olmaqla. Əslində, bir çoxunda töhmət qərarı olur, kollegiyadan xaric olunması barədə qərarların hamısının haqsız olduğunu düşünmürəm. İştirak etdiklərimdə haqlı qərarlar olub, ancaq bir çox iclasa qatılmadığımdan arqumentləri bilmirəm. Bir daha deyirəm, Yalçın İmanovla bağlı qərar çox ədalətsizdir.

- Niyə məhz siyasi işlərə çıxan vəkillər kollegiyadan çıxarılır? Məsələn, Əlayif Həsənov, Xalid Bağırov və başqaları...?

- Mən də o cür qəbul etmirdim. Əlayif Həsənovla bağlı iclasda iştirak etməmişdim. İddia etmirəm ki, toplantıya qatılsaydım, başqa qərar olacaqdı. Amma ən azından arqumentim eşidilərdi. Yaxud Xalid Bağırovla bağlı iclasda da iştirak etməmişəm, bunlar təsadüfən baş verib. Məsələn, Fərhad Mehdiyev barədə qərarı mediadan bildim. Qərar da haqsız idi, Rəyasət Heyəti İntizam Komissiyasından məlumat alıb qərar verir. Mən adətən tövsiyənin, töhmət verilməsinin tərəfdarı oluram. Noyabrın 20-də keçirilən toplantıda başqa iki vəkilin bir-birini məhkəmədə təhqir etməsi, hətta birinin o birinin sifətinə kitab çırpması müzakirə edildi.

- Ancaq onlara heç bir cəza verilmədi...

- 4 nəfər kollegiyadan xaric olunmasını, 5 nəfər isə töhmət verilməsini istədi. Mən isə vəkil həmkarının sifətinə kitab çırpanın kollegiyadan çıxarılmasında israrlıydım. Bilirsiniz, vəkil həmkarını müştərisinin yanında o cür təhqir edə bilməz.

- Hətta məhkəmədə kitabı elə çırpıb ki, vəkilin burnu qanayıb...

- Bəli, bu, yolverilməzdir, biabırçılıqdır. Kollegiya vəkillərin müdafiəsində dayanmalıdır, həm başqa rəsmi strukturlar vəkilə basqı edəndə, həm də vəkilin vəkilə qarşı hörmətsizliyi olanda. Yenə də hesab edirəm ki, cəza sərt olmalıydı və fikrimi qoydum, hətta 6 ay fəaliyyətinin məhdudlaşdırılmısını istədim ki, ən azından o biri vəkil kollegiyanın onu müdafiə etdiyini görsün.

Yalçın İmanovun məsələsində heç töhmətə də yer yoxdur. Penitensiar Xidmət iddia edir ki, guya İmanov mitinq təşkil edib. Mən orda izah edə bilmədim ki, Nardaran camaatına heç kəs mitinqə gəlmək yolunu göstərə bilməz. Axı nardaranlıları da kimsə müdafiə etməlidir, onlar vəkilsiz qala bilməzlər.

- Məhkəmədən gözləntiniz nədir və Yalçın İmanovu yenə də müdafiə edəcəksinizmi?

- Yenə də mövqeyimdə dayanıram və iclasda da protokola münasibətimin yazılmasını xahiş etdim. Vəkilin heç bir qəbahəti olmadığından xaric edilməsinin mümkünsüzlüyünü dedim. Sona qədər də mövqeyim belə qalacaq. Anlaya bilmədim ki, Yalçın İmanova qərəz hardandır, Penitensiar Xidmətdən, yoxsa...?

- Hazırda Vəkillər Kollegiyasının sədri yoxdur, sədr əvəzi Fərhad Nəcəfov, o da heç nəyi həll etmir. Bu mənada Yalçın İmanovun çıxarılması məsələsi kimin üzərindədir?

- Axı mən onu bilmirəm. Siz sifariş olduğunu deyirsiniz?

- Mən demirəm, sosial şəbəkələrdə, mediada siyasi sifariş olduğu iddiası qeyd edilir...

- Xəbərim olmadığı üçün bu barədə heç nə deyə bilmərəm.

- Baxın, sədr yoxdur, ancaq sədrliyə şansı daha çox olan Anar Bağırovun adı hallanır. Səbəb kimi onun ədliyyə naziri Fikrət Məmmədovun oğlu ilə yaxın olması göstərilir, artıq bu barədə media və sosial şəbəkələrdə fikirlər səslənir. Siz necə düşünürsünüz?

- Bəli, mən dediyiniz mənbələrdən eşitmişəm ki, Anar Bağırovun namizədliyini verirlər. Ancaq son qərar 7 dekabr konfransında veriləcək. Hətta konfransın vaxtını dünən təsadüfən öyrənmişəm, Rəyasət Heyətinin iclasında. Konfransda namizədlər irəli sürüləcək və kimin sədr olacağı orada bəlli olacaq. Bir daha deyirəm, mən də eşitmişəm, amma bu, 100 faiz belə olacağı anlamına gəlmir.

- Siz namizədliyinizi irəli sürərsinizmi?

- Bu haqda düşünməmişəm. Hələ Rəyasət Heyətində saxlayacaqlar, ya yox, onu bilmirəm. Bilirsinizmi, Rəyasət Heyətinə namizədliyimi özüm irəli sürmüşəm? Bu barədə danışmağa da utanıram, sadəcə, Rəyasət Heyətində hadisələrin necə cərəyan etdiyini bildiyimdən, mövqeyimi ortaya qoymaq istəyimdən bu qərarı verdim.

- Artıq hadisələrin necə cərəyan etdiyini bilirsiniz. Bir çox həmkarınız ictimai təşkilat olan Vəkillər Kollegiyasının hakimiyyətin sifarişi ilə fəaliyyət göstərdiyini iddia edir. Bölüşürsünüzmü?

- Mən belə də deməzdim. Əgər Rəyasət Heyətinin üzvləri tam müstəqil şəxslərdən ibarət olarsa, qərara təsir edə bilərlər. Faktiki olaraq, səsvermə keçirilir, hətta sədr mövqe qoyub, amma səsvermədə 1 səs hər şeyi alt-üst edib.

- Amma siyasi motivli işlərdə dedikləriniz görünmür...

- Ola bilsin ki, elə bir şey var. Məsələn, siz jurnalistlərin Yalçın İmanovu çıxarılacağını bildiklərini dediniz. Mən buna inana bilmirdim. İclasda sona qədər qərarın belə olacağına inanmırdım, töhmət veriləcəyini güman edirdim. Gözlənilmədən hər şey dəyişdi. Axı əvvəllər oxşar hallar olub ki, töhmətlə məsələ yekunlaşıb.

Top
JoomlaLock.com All4Share.net