Nazirin üzünə duran generala 10 il 6 ay həbs cəzası verildi
Featured

30 Noyabr 2017

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş MTN-in daha bir generalı Elçin Quliyev və onun əməkdaşı polkovnik Azər Mehdiyevə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən (hakim Elbəyi Allahverdiyev), Elçin Quliyev 10 il 6 ay, Azər Mehdiyev isə 8 il azadlıqdan məhrum edilib.

Zərərçəkmiş şəxslərin heç birinin mülki iddiası təmin edilməyib, onların əmlaklarının müsadirə edilməsinə qərar verilib.

E.Quliyevdən general rütbəsinin alınması üçün prezidentə, A.Mehdiyevdən polkovnik rütbəsinin alınması üçün müvafiq icra orqanına təqdimat verilib.

Əgər xatırlayırsınızsa, dövlət ittihamçısı çıxışında E.Quliyevin 15 il, A.Mehtiyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Cinayət işində adı keçən, nazirliyin Binəqədi rayon şöbəsinin rəisi olmuş Rafiq Səfərovla bağlı da qərar verilib. Onun Mərdəkan qəsəbəsində yerləşən 250 min manatlıq əmlakının üzərinə qoyulan həbs saxlanılıb. R.Səfərov Elçin Quliyevin cinayət işində şahid kimi dindirilsə də, hazırda istintaqı davam etdirilən ayrıca cinayət işində təqsirləndirilən şəxsdir.

O, sahibkar Sahib Qurbanovdan hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham edilir.

Bakı Hərbi Məhkəməsinin binası xüsusi nəzarətə götürülüb, məhkəmə zalı prosesdən qabaq yoxlanılıb.

Hökmə təqsirləndirilən şəxslərin vəkilləri, qohumları, zərərçəkmişlər buraxılsa da KİV-in prosesdə iştirakına qadağa qoyulub.

Top
JoomlaLock.com All4Share.net