Qəbr şəklinə görə tutulan Hüseynağa həbsdə qaldı
Featured

01 Dekabr 2017

2015-ci il noyabrın 26-da Nardaranda keçirilən polis əməliyyatı zamanı qətlə yetirilən yerli sakinlərdən birinin - Rəfael Bünyadovun oğlu Hüseynağa Bünyatovun apellyasiya məhkəməsi keçirilib.

Noyabrın 30-u keçirilən məhkəmə prosesinə hakim Əmir Bayramov sədrlik edib. Bu barədə Rakurs tv-ə onun vəkili Fəxrəddin Mehdiyev məlumat verib. F. Mehdiyev bildirir ki, məhkəmə prosesində verilmiş qərar qüvvədə saxlanılıb.

Noyabrın 20-də saxlanılmış 17 yaşlı Hüseynağa Bünyatov deyir ki, onu həm də atasının məzarının şəklini yaydığına görə həbs ediblər. O, noyabrın 20-də 42-ci polis bölməsinə aparılıb. Daha sonra məhkəmə qarşısına çıxarılan Nardaran sakini İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsini pozmaqda təqsirli bilinərək, 30 sutka azadlıqdan məhrum edilib. 

Noyabrın 22-də Binəqədidə - inzibati həbs cəzası alanların saxlandığı təcridxanada onunla görüşən vəkil F. Mehdiyev deyir ki, polis bölməsində H. Bünyadova polisə müqavimət göstərməsi haqda izahat yazdırılıb, bununla bağlı inzibati xəta protokoluna qol çəkdirilib:

“Hüseynağa Bünyadov deyir ki, onu noyabrın 20-də, saat 16.00 radələrində evlərinin yanında, ikisi polis, biri mülki geyimdə olan üç nəfər tutaraq 42-ci polis bölməsinə aparıb. Orada ona deyiblər ki, saxlanmasının səbəbi “facebook” səhifəsindəki paylaşmalarıdır. Paylaşımlar da, əsasən, şəkillərdir. O, atasının və onunla birlikdə öldürülən digər sakinlərin məzarının şəkillərini, ilahiyyatçı Taleh Bağırovun, Abbas Hüseynovun fotolarını paylaşıb. Tələb ediblər ki, bu cür paylaşımlara son qoysun. Onun qarşısında şərt qoyublar ki, belə izahata razılaşmasan, sənin üçün pis olar. Cinayət işi başladıb, uzunmüddətli həbsə göndərməklə hədələyiblər”

Ardınca H. Bünyadov Sabunçu Rayon Məhkəməsinə aparılıb və ona 30 sutka inzibati həbs cəzası verilib.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir. Təqsirləndirilən şəxslər ittihamlarla razılaşmır, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini iddia edirlər.

Hüseynağa Bünyatov adlı şəxsin şəkli.

Hüseynağa Bünyadov noyabarın 17-də atasının və digər Nardaran şəhidlərinin qəbirlərinin şəklini paylaşıb

Top
JoomlaLock.com All4Share.net