Məhkəmə Tale Bağırzadənin oğlunun adı ilə bağlı şikayəti təmin etmədi
Featured

02 Dekabr 2017

Noyabrın 29-da Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyatçı Tale Bağırzadənin həbsdən sonra doğulan oğlunun adı ilə bağlı kassasiya şikayətinə baxılıb. Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasında keçirilən prosesə hakim İlqar Hüseynov sədrilik edib. Məhkəmə iddiaçı tərəfin şikayətini təmin etməyib.

Bu haqda vəkil Yalçın İmanov məlumat verib. Vəkilin sözlərinə görə, şikayət uşağın doğumunun dövlət qeydiyyatına alınması və ona verilən "Əbülfəzlabbas" adının təsdiqlənməsi ilə bağlı olub. Y. İmanov verilmiş qərardan Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərəcəyini bildirib. O, noyabrın 20-də vəkillik fəaliyyəti dayandırıldığından məhkəmə prosesində iştirak edə bilmədiyini deyib.  

İlahiyyatçı Tale Bağırzadənin 1 yaşlı oğlu hələ də dövlət qeydiyyatına alınmayıb. Buna görə də ilahiyyatçının həyat yoldaşı Leyla İsmayılzadə məhkəməyə müraciət edib.

Leyla İsmayılzadə iddia ərizəsində göstərib ki, Tale Bağırzadə ilə birgə nikahdan olan üçüncü oğlu iyulun 25-də dünyaya gəlib. Uşağa “Əbülfəzlabbas” adı verilib və doğum haqqında şəhadətnamə almaq üçün Yasamal rayon Qeydiyyat Şöbəsinə müraciət edib. Amma şöbənin rəisi İlahə Ələsgərovanın imzası ilə imtina məktubu alıb.

“SİYAHIDA BU AD YOXDU”

“Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu tərəfindən tövsiyə olunan adlar siyahısında “Əbülfəzlabbas” adı mövcud deyil. Göstərilənlərə əsasən, övladınıza “Əbülfəzlabbas” adının verilməsi mümkün deyil”, – məktubda belə yazılıb.

“Azərbaycan Konstitusiyası vətəndaşın şəxsi və ailə həyatına müdaxiləni qadağan edir. Eyni zamanda, Avropa Konvensiyası da şəxsi və ailə həyatına hörmət nəzərdə tutur. Ailə Məcəlləsinə görə, uşağa ad valideynlərinin razılığı ilə verilir. Dövlətin müəyyənləşdirdiyi qaydalara görə, uşağın mənafeyinə xələl gətirə bilən, cinsinə uyğun gəlməyən və ya gülünc adların qoyulmasına yol verilmir. Bizim uşağa verdiyimiz ad isə bu kateqoriyaya aid edilə bilməz”, – Leyla İsmayılzadə bildirib.

İddia ərizəsində məhkəmədən də xahiş edib ki, Yasamal Rayon Qeydiyyat Şöbəsinin üzərinə uşağa “Əbülfəzlabbas” adı verilməsi vəzifəsinin qoyulması haqda qərar çıxarılsın.

Tale Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb. Həmin əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi bilgilərə görə, 70-dən çox adam həbs edilib (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 87 göstərilir). Daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Həmin şəxslər 1 il 6 aydan 6 il 6 ayadək həbs cəzası alıblar.

Məhkəmənin qərarı ilə "Nardaran işi 1" üzrə təqsirləndirilən Tale Bağırzadə və Abbas Hüseynova 20, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hərəsi 12 nəfərdən ibarət olan daha 2 qrupun məhkəmə prosesi isə hazırda davam edir. 

Təqsirləndirilənlər ittihamları rədd edir, həbs olunarkən və ondan sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını, bu yolla onlardan yalan ifadə alındığını bildirirlər. İdarənin əməkdaşları isə “Nardaran işi”ndə həbs olunanlara işgəncə verilməsi ilə bağlı deyilənləri təkzib ediblər.(rakurs tv)

Top
JoomlaLock.com All4Share.net