Sarı öküzün hekayəsi
Featured

02 Dekabr 2017

Sarı öküzün hekayəsi


(Öküzlər və şirlər )

Otlaqların birində bir öküz sürüsü yaşarmış. Ətrafdakı şir sürüsünün də gözü öküzlərdə imiş.
Ancaq, öküzlər hücum anında birləşdikləri zaman, şirlərin əlindən bir şey gəlmir. Bu üzdən kiçik heyvanlarla qidalanmaq məcburiyyətində qalan şirlər ac qalmamaq üçün çarə düşünürlər. Topal şir yanına bir iki aslanı da alaraq, ağ bayraq çəkir və öküz sürüsünə yanaşır.

O, öküzlərin lideri boz öküz və yanındakılarla şirin dillə danışmağa başlayır: "Çox hörmətli "öküz ağa!" Bu gün buraya sizdən üzr istəməyə gəlmişik. Bilirəm ki, bu günə qədər sizə zərər verdik. Amma inanın ki, bunların heç birini istəyərək etmədik. Bütün günah həmişə o sarı öküzdədir. Onun rəngi sizinkilərdən fərqlidir və bizim də gözümüzü qamaşdırır, ağlımızı başımızdan alır. Biz də, sülhsevərliliyimizi unudur və təcavüz etməyə məcbur oluruq. Sizinlə bir problemimiz yoxdur. Verin onu bizə, siz xilas olun, yenə sülh içində yaşayaq".

Boz öküz və onun heyəti bu sözlərdən sonra aralarında mübahisə etmir və təklifi haqlı olaraq qəbul edirlər. Sonra sarı öküzü verirlər şirlərə. Buna baxmayaraq tək xallı öküz bu işə qarşı çıxır, amma kimsəyə sözünü çatdıra və dərdini deyə bilmir.

Bir müddət sonra şirlər yenə eyni üsulla gəlib, bu dəfə uzun quyruqlu öküzü istəyiblər və: "Gördünüz ki, nə qədər sülh sevərik. Sizi də qərarınıza görə təbrik edirik! Ancaq, bu sizin uzun quyruq var ha, quyruğunu tərpətdikcə biz haradan baxsaq görünür və ağlımızı başımızdan alır. Sizə hücum etməmək üçün özümüzü zorla tuturuq. Halbuki, sizin quyruğunuz normal quyruqdur. Verin onu bizə, bu məsələni bağlayıb, sülh içində yaşamağa davam edək".

Boz öküz və onun heyəti, uzun quyruğu da şirlərə təhvil verir, yenə də xallı öküz etiraz edərək bu işə qarşı çıxır. Uzun quyruq, şirlərin pəncəsi altında can verir.

Beləcə, bu hadisə həmişə təkrarlanr və hər dəfə müxtəlif bəhanələrlə. Sonunda öküzlər zəifləyir, şirlər isə azğınlaşırlar. Artıq heç bir bəhanə gətirmədən, birbaşa müdaxilə edərək, "Bir öküz verin bizə, yoxsa biz olanlara cavabdehlik daşımayacağıq!" deməyə başlayırlar.

Öküzlər bir-bir yırtıcı şirlərin pəncəsi altında can verərkən, boz öküz və bir neçəsi arxada qalıb çarəsizcə bu acı mənzərəni seyr edir. Elə bu vaxt aralarından biri liderlərinə, "Nə oldu bizə, harada itirdik biz bu mübarizəni? Halbuki, vaxtilə nə qədər gücümüz var idi..." deyə soruşur.

Boz öküz, xallı öküzün sözlərini xatırlayaraq, gözləri yaşlı halda deyir: "Biz sarı öküzü şirlərə öz əlimizlə verdiyimiz gün itirdik bu mübarizəni."

Araz Şiyəkaranlı

İlahiyyatçı araşdırmaçı

 

Top
JoomlaLock.com All4Share.net