Nardaran işi-2-də son söz olmayacaq
Featured

23 Dekabr 2017

Dekabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi" Hərəkatının sədr müavini Elçin Qasımov və daha 11 nəfər - Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin məhkəmə prosesi davam edib..

Vetenugrunda.az-ın məhkəmədə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Mayıl Bayramovun sədrlik etdiyi iclasda təqsirləndirilən şəxslərdən Əmirli Əliyev və Əli Şahbazovun vəkili İradə Cavadova müdafiə nitqi ilə çıxış edib. Vəkil deyib ki, ittihamların müdafiə etdiyi şəxslərlə heç bir əlaqəsi yoxdur və icraata xitam verilməlidir. İradə Cavadovanın müdafiə nitini olduğu kimi oxucuların diqqətinə çatdırırq:  

"Əmirəli Əliyev məhkəmədə verdiyi ifadəsində göstərdi ki, "03 dekabr 2015-ci ildə o evdə olduğu zaman evə 30 nəfərə yaxın üzü maskalı şəxslər gəldi, 3 oğlu ilə birlikdə onu tutdular. Dedim oğullarımı buraxın, əvəzində onların dediklərinə imza atdım. Heç bir video çəkilişdən də istifadə edilməyib, yalandan silahlar boynuma qoyublar." Əmirəli Əliyevə ibtidai istintaq dövründə dövlət hesabına təyin edilmiş vəkil Aytən Əliyeva olub və o, müdafiə işini keyfiyyətli aparmayıb. Belə ki, Ə. Əliyev 2016-cı ilin yanvar ayında Baş Prokurora məktub yazaraq dövlət hesabına təyin edilmiş vəkilin xidmətlərindən lazımi qaydada istifadə edə bilmədiyini qeyd edib.

Bundan əlavə Ə. Əliyevin həbsdə saxlama müddətinin uzadılmasına 16 iyul 2016-cı ildə Nəsimi rayon məhkəməsində baxılarkən müdafiəçi məhkəmə iclasında iştirak etməyib. Lakin həmin tarixdə tərtib edilmiş ekspertiza qərarları ilə tanış etmə barədə protokollarda Əmirəli Əliyevlə yanaşı müdafiəçi Aytən Əliyevanın da imzası mövcuddur. Halbuki həmin tarixdə Ə. Əliyev Nəsimi rayon məhkəməsində olub, Bakı İstintaq Təcridxanasında və Baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsində istintaq hərəkətləri həyata keçirilməyib, o zaman sual yaranır: müdafiəçi bu protokollara harada imza atıb?

Bundan əlavə diqqətinizə çatdırıram ki, Əmirəli Əliyevdən təqsirləndirilən şəxs qismində alınan ifadələr müstəntiq tərəfindən yazılıb, o, həmin ifadələri oxumayıb, çünki latın qrafikasında yazıb, oxuya bilmir, müdafiəçi Aytən Əliyeva da bu protokollarda yazılanları ona oxumayıb, hüquqlarının keyfiyyətli həyata keçirilməsində heç bir tədbir görməyib. (İş materiallarında olan protokollarda gah latın qrafikası ilə oxuya,yaza bilmirəm, gah oxuya yaza bilmirəm, digər protokolda isə kiril alifbası ilə oxuya yaza bilirəm ifdələrinə rast gəlmək olur). Analoji məsələləri Əli Şahbazovla bağlı demək olar.

Cinayət işi materiallarına baxsaq görərik ki, hər iki təqsirləndirilən şəxsə təyin edilmiş vəkil müdafiə işini keyfiyyətli və effektiv həyata keçirməyib, iş materiallarında vəkil tərəfindən verilən heç bir vəsatət yoxdur, hətta təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilərkən, həbsdə saxlama müddəti uzadılarkən, məhkəmə qərarlarından da şikayət verilməyib. Bütün bunlar göstərir ki təqsirləndirilən şəxslərin hüquqları elə ibtidai istintaq zamanı pozulub, onların hüquqları keyfiyyətli şəkildə qorunmayıb, təzyiq, hədə-qorxu altında onlardan etirafedici ifadələr alınıb.

Digər tərəfdən təqsirləndirilən şəxslərə ittiham verilir ki, onlar Müsəlman Birliyi Hərəkatının üzvü olmaqla müəyyən cinayətlərin törədilməsi üçün digər şəxslərlə cinayətkar əlaqəyə giriblər. Əvvəla, istintaq müəyyən etməyib ki, Müsəlman Birliyi Hərəkatı hansı formada cinayətkar dəstə olub, çünki heç bir cinayətkar dəstə İctimai Birlik yaratmır və sənədlərini təsis olunmaq üçün Ədliyyə nazirliyinə təqdim etmir. MBH-nın özünün nizamnaməsi mövcuddur və onun nizamnaməsinə görə bu qurum Azərbaycanın inkişafını arzulayan, müstəqil və azadfikirli şəxslərin birliyidir.

Hərəkatın məqsədləri sırasına gənclərin müstəqil fikir sahibləri olması, ictimai proseslərdə gənclərin fəal iştirakını təmin etmək və onların ictimai həyata təsirini artırmaq, gənclərin öz hüquqlarını bilməsi və onları müdafiə etməsi, daha sərbəst və məsuliyyətli gəncliyin formalaşdırılması, qloballaşan dünyanın müasir standartlarına gənclərin uyğunlaşması, gənclərin mədəni, elmi, əxlaqi, mənəvi və digər qeyri-maddi tələblərinin təmin edilməsinə uyardımçı olmaq aiddir.

Hərəkatın vəzifələri: insanlar arasında şüurlu vətənpərvərlik, həmrəylik və dini münasibətlərini yaymaq və inkişaf etdirmək, demokratik düşüncə və demokratik həyat tərzinin təbliğ edilməsi, bu dəyərlərin cəmiyyətdə təşəkül tapması, baş verən ictimai proseslərlə bağlı obyektiv məlumat verilməsi, tərəqqi istəyən gənclərin birgə fəaliyyəti üçün şərait yaradılması, cəmiyyətimizdə milli, mənəvi və islami dəyərlərin qorunması və inkişafı, gənclərin arasında maarifləndirmə işlərinin aparılması.

Birliyin əsas fəaliyyət formaları müxtəlif tematikada debatların təşkili, mədəni tədbirlərin təşkil edilməsi /konsertlər, tamaşalar, sərgilər/, idman yarışlarının keçirilməsi, kütləvi informasiya vasitələri ilə əməkdaşlıq, gənclər arasında müxtəlif elmi istiqamətlərin inkişaf etdirilməsi, ekoloji tədbirlərin həyata keçirilməsi /şəhərin, küçələrin təmizlənməsi, təbiətin qorunması və s./, sosial araşdırmaların aparılması /sorğular və s./, kitabların nəşr etdirilməsi, seminarlar, simpoziumların, treninqlərin keçirilməsi, öz dövri nəşrlərinin çap edilməsi /qəzet, jurnal, buklet və s./ - Nizamnamənin 4.1-4.10-cu bəndləri.

Müsəlman Birliyi Hərəkatı qeydiyyat üçün Ədliyyə Nazirliyinə 2 (iki) dəfə müraciət etsə də, sənədlərində guya qüsurlar olduğu iddiasıyla hər dəfə birliyin qeydiyyatdan imtina edilmişdir. Sonradan Tale Bağırov həbs edildiyindən növbəti dəfə sənədləri qeydiyyat üçün Ədliyyə nazirliyinə təqdim edə bilməyiblər. Mütəşəkkil dəstə anlayışı ilə bağlı Cinayət Məcəlləsində mövcud olan normalar və Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks olunan fikirlərə görə Müsəlman Birliyi Hərəkatı cinayətkar təşkilatın heç bir əlamətinə uyğun gəlmir.

İstintaqın cinayətkar təşkilat kimi təqdim etdiyi birlik yuxarıda da qeyd edildiyi kimi, dəfələrlə qeydiyyata alınmaq üçün Ədliyyə Nazirliyinə müracət edib, ancaq onun qeydiyyatından qərəzli şəkildə, heç bir ağlabatan və qanuni əsas olmadan imtina edilib. Sözsüz ki, heç bir cinayətkar təşkilat qeydiyyata alınmaq niyyətilə yaradılmır, qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət etmir. Digər tərəfdən, əgər istintaqın fikrincə, Müsəlman Birliyi Hərəkatı mütəşəkkil cinayətkar dəstə idisə, o zaman məntiqlə Birliyin bütün üzvləri həbs edilməli və onlara analoji ittihamlar irəli sürülməliydi. Amma göründüyü kimi, cəmi 44 şəxsə (18+12+12+2) mütəşəkkil dəstə tərkibində fəaliyyət göstərmə kimi ittiham verilib. Bu da göstərir ki, istintaqın MBH-ni cinayətkar, qanunsuz dəstə kimi qələmə verməsi tamamilə qanunsuzdur.

Eyni zamanda qeyd edək ki, hər iki müdafiə etdiyim təqsirləndirilən şəxs MBH-in üzvü olmayıb. Müraciət kitabçası Taleh Bağırova aid deyil Cinayət işinin materiallarına görə, təqsirləndirilən şəxslərin üzərindən, MBH-nin ofisindən “Hacı Taleh Bağırzadənin Müraciəti” adlı kitabçaları, MBH-nin ofisindən isə yaddaşında “Müqavimət Hərəkatı” adylı faylda Taleh Bağırovun çıxışları yazılmış 75 ədəd disk aşkar edilərək götürülb.

Həmin kitabça və disklərdəki çıxışlarla bağlı keçirlmiş məhkəmə-linqivistik dinşünaslıq ekspertiza rəylərinə əsasən kitabça və disklərdəki çıxışlarda hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusion quruluşunun zorla dəyişdirlməsinə, terrorçuluq, kütləvi ixtişaş, dini nifrət və düşmənçiliyin salınmasına və cinayət əməllərinin törədilməsinə yönələn fikirlər və çağırışlar olduğu aşkar edilmişdir.

Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər onların üzərlərindən sözügedən kitabçanın aşkarlanmadığını bildirdilər.

Qeyd edək ki, “Hacı Taleh Bağırzadənin Müraciəti” adlı kitabça cəmi 5 səhifədən ibarətdir. Kitabça kustar üsulla hazırlanıb, yəni nə vaxt, hansı nəşriyyatda çap olunduğu məlum deyil, kompüterdə hazırlanıb, əllə sancaqlanıb. Kitabçanın Taleh Bağırova aid olmadığını müəyyən etmək üçün bir neçə detala nəzər yetirmək kifayət edir. Belə ki, kitabçanın ilk cümləsində “Vəfalı dostlarımn! Vaxt Hüseyn aşiqlərinin yumruq tək birləşmək vaxtıdır...” yazılır. (3-cü səhifədə yenə “Hüseyn” deyə xiatb edilir) Taleh Bağırovun dini əqidəcə şiə məzhəbinə qulluq etdiyini və Peygəmbər nəvəsi Hüseynin qatı tərəfdarı olduğunu və onu özünə mənəvi lider hesab etdiyini və aşırı hörmətlə yanaşdığını nəzərə alsaq, belə bir adamın, tanınmış ilahiyyatçının İmam Hüseyn-ə sadəcə “Hüseyn” deyə müraciət edəcəyi ağlabatan görünmür. İkincisi, kitabçanın 3-cü səhifəsində qeyd edilir ki, “...Nardaranda baş verənlər..., Elçin Qasımlıya, Elman Ağazadəyə... edilən zülümlər... bu hökümətin islam düşməni olduğunun...bariz nümunəsidir”. Əvvəla, Nardaranda hadisələr 26 noyabr 2015-ci il tarixdə olub ki, həmin vaxt da Taleh Bağırov və çoxlu sayda Nardaran sakini həbs edilib, ağlagəlməz işgəncələrə məruz qalıblar, kitabçada məhz həmin hadisələrin nəzərdə tutulması onun sonradan hazırlandığını təsdiq edir. Eyni fikri Elçin Qasımlının və Elman Ağazadənin həbsi ilə bağlı da bildirmək olar.

MBH-də Taleh Bağırovun müavini olan Elçin Qasımlı 5 noyabr 2015-i ildə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib və sonradan ona açılmış cinayət işi çərçivəsində Elçin Qasımlının mənzilindən də "Taleh Bağırzadənin müraciəti" kitabçasının tapıldığı, onun həbs edilməmişdən əvvəl bu kitabçanı mənzilinə gətirib saxladığı qeyd edilib.

Elman Ağazadə isə ümumiyyətlə 26 noyabr əməliyyatından sonra həbs edilib. Belə olan halda sual ortaya çıxır: Elçin Qasımlı və Elman Ağazadə həbs edilməmişdən əvvəl onlara edilən zülmlərdən necə bəhs eləmək olar? Eyni zamanda kitabçada "Nardaranda baş vermiş haqsızlıqlar"dan söhbət gedir. Nəzərə alsaq ki, Nardaranda hadisə 26 noyabr 2015-ci ildə baş verib, həmin tarixdə də T. Bağırov və digər şəxslər həbs edilib.

Kitabçada Nardaran hadisələrinin baş verməsi göstərilirsə, məntiqlə kitabın bu şəraitlərdə hazırlanması versiyası ancaq odur ki, ya T. Bağırov BMCMÜİ-də saxlanılarkən podvalda bu kitabçanı hazırlayıb, ya da KİMLƏRSƏ hazırlayıb. İkinci variant daha inandırıcıdır. Kitabçanı hazırlayanlar o qədər diletant və səriştəsiz hərəkət ediblər ki, E. Qasımlının, E. Ağazadənin həbs edilməsi, onlara qarşı baş verən qanunsuzluqlar, Nardaranda baş verən haqsızlıqları da ora əlavə ediblər.

Bununla DİN əməkdaşları baş vermiş hadisələrdə qanunsuzluqların olduğunu dolayısı ilə etiraf ediblər. Digər tərəfdən, kitabçada olan cümlələrlə T. Bağırovun sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində əksini tapmış çıxışları ilə müqayisə etsək, həmin cümlələrin ona məxsus olmadığını açıq-aşkar görmək çətin deyil.

Beləliklə aydın olur ki, müdafiə etdiyim təqsirləndirilən şəxslərin irəli sürülən ittihamlarla bağlılığı yoxdur, bütün bu ittihamlar qondarmadı, saxtadır. Hörmətli məhkəmə, Qədim yunan filosofu Aristotel demişdir "Bütün ədalətsizliklər arasında ən dözülməzi QANUN adı altında törədilən ədalətsizlikdir."

Dövlətin xəzinəsi- ƏDALƏTDİR (Konfutsi) demişlər. Odur ki, hüquqlarını müdafiə etdiyim Əliyev Əmirəli İsmayıl oğlu və Şahbazov Əli Atabala oğlu barəsində ədalətli olaraq bəraətverici əsaslarla icraata xitam verilməsini xahiş edirəm".

İradə Cavadovanın müdafiə çıxışından sonra hakim bilirib ki, dekabrın sonuna qədər Nardaran işi-2 məhkəmə prosesi başa çatmalıdır. Lakin təqsirləndirilən şəxslər hakimin bu fikri ilə razılaşmayıblar. Çünki təqsirləndirən şəxslər hələ son söz deməyib. Hakim isə bildirib ki, itiham olunanlara son söz verilməyəcək. 

Növbəti məhkəmə prosesi 25 dekabr, saat 11:00-da başlayacaq.

Top
JoomlaLock.com All4Share.net