20 Yanvar Şəhadətə aparan yol
Featured

19 Yanvar 2018

"20 Yanvar hadisəsi dərindən öyrənilməyib və bunun tədqiqi aparılmalıdır...."
Bu gün Qarabağın Azadlığı Uğunda İslami Müqavimət Hərəkatının (QAUİMH) təşkilatçılığı ilə 20 Yanvar hadisələrinə həsr edilmiş "20 Yanvar - Şəhadətə aparan yol" adlı konfrans baş tutub.

Konfransı giriş sözü ilə açan QAUİMH sədri, Qarabağ qazisi Rövşən Əhmədli Azərbaycan xalqının ən qəmli, eyni zamanda ən şanlı günü olan 1990-cı il 20 yanvar tarixini xalqımızın müstəqlillik və azadlıq mübarizəsinin başlanğıc nöqtəsi adlandırıb: "Müstəqillik yolunun ilk şəhidləri də məhz həmin günü Şəhadət zirvəsinə ucaldılar. Əslində 20 Yanvar Azərbaycanda şəhidlik məktəbinin yenidən dirçəlməsi tarixidir. Həmin gün azadlıq aşiqləri əliyalın olsa da, təpədən-dırnağa qədər silahlanmış ordunun qarşısına çıxdılar. Öz qanları ilə azadlıq toxumunu əkərək suvardılar.

Təəssüf ki, 20 yanvar hadisəsi dərindən öyrənilməyib. Bu şanlı tariximizin tədqiqi aparılmalı və ictimaiyyət maariflənməlidir".

Tədbirdə çıxış edən Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev həmin hadisələrin şəxsən iştirakçısı olub: 20 yanvarda törədilən vəhşiliklər bu gün də gözümün önündədir. Bu Rusiyanın bizə qarşı olan nifrəti idi. Çünki xalqla bu cür davranmaq illər boyu yığılmış bir nifrətin təzahürü ola bilərdi. 20 yanvar hadisələrinin katalizatoru Qarabağ məsələsi və Xalq hərəkatı idi. Bunun qarşısını almaq üçün belə bir addım atdılar. Bu gün də belədir. Dünənimizi dəyərləndirməliyik, çünki artıq realdır və baş verib. Lakin bu günün içində olduğumuz üçün nəticəsinin necə olacağını bilmirik. Ona görə də dünənimizə baxıb nəticələr çıxarmalıyıq. Xalqımız bu baxımdan gələcək xoş günlər görmək və faciələrdən xilas olmaq üçün bir olmalıdır."

Çıxış edən tarix üzrə fəlsəfə doktoru Diləvər Əzimli bildirib ki, 20 Yanvar Azərbaycana qarşı növbəti soyqrımdan biri idi ki, əsası 1918-ci ildə qoyulmuşdu:"Həmin vaxt Şaumiyanın planı eyni ilə Bakıya hansı yolla girdilərsə, 20 yanvarda da eyni plan icra olundu.

Bu hadisələr eyni zamanda xalqın bir araya gəlməsinə səbəb oldu. Azərbaycan xalqı qəhrəmanlıq tarixini yazdı".

Çıxış edən AİP sədr müavini Akif Heydərli qeyd edib ki, Sovet imperiyasın 20 Yanvarda Azərbaycana hücumu xalqın müqavimətini qırmaq məqsədi daşıyırdı. Lakin əksinə olaraq müqavimət hərəkatının başlanğıcı oldu. Bu əslində imperiyanın son akkordları idi.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü İbrahim İbrahimli, iqtisadçı Vahid Məhərrəmov və başqaları çıxış edərək 20 Yanvar tarixinin xalqımızın qəhrəmanlıq rəmzi olduğunu diqqətə çatdırıblar. Çıxış edənlər müstəqillik tariximizin şanlı səhifəsi olan bu günü Azərbaycanın dirçəlməsi və mübarizə məktəbinin inkişafına xidmət etdiyini bildiriblər.

Ruhani Hacı Əfqan Muradlı bildirib ki, 20 Yanvar şəhidlik məktəbini dirçəltdi: "O vaxta qədər biz şəhid deyəndə Kərbəla yada düşürdü. Lakin bu hadisədən sonra Vətən şəhidləri anlayışı yarandı. Bu bizim mübarizə məktəbimizin balanğıcı oldu."

Konfrans müxtəlif müzakirələrlə öz işini davam etdirib.

Top
JoomlaLock.com All4Share.net