Pensiyalar nə qədər artırıldı?
Featured

10 Fevral 2018

Azərbaycanda minimal pensiyanın həcmi 5,7 faiz artırılacaq.

Bunu əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov deyib.

S.Müslümov bildirib ki, Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olan rəsmi məlumata əsasən, 2017-ci ildə ölkədə orta aylıq nominal əmək haqqının illik artım tempi 5,7% səviyyəsində müəyyən edilib: "Prezident İlham Əliyevin sərəncamının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikamızda əmək pensiyalarının ümumi məbləğinin də 2018-ci il yanvarın 1-dən hesablanaraq həmin göstəriciyə uyğun, yəni 5,7 faiz artırılması təmin ediləcək. Bununla bağlı Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu artıq müvafiq işlərə başlayıb. 01 yanvar 2018-ci il vəziyyətinə ölkədə 1 milyon 318 min 434 nəfər əmək pensiyası alır.

Sərəncama əsasən əmək pensiyalarının indeksləşdirilərək artırılması pensiyaçıların 1 milyon 236 min nəfərinə və ya 94 faizinə şamil olunacaq. Dövlət qulluqçusu, hərbi qulluqçu, Mərkəzi Seçki Komissiyasının üzvü, Hesablama Palatasının üzvü, deputat və s. kateqoriyalardan olan şəxslər kimi pensiyaya çıxmış vətəndaşların pensiyalarına bu artımlar tətbiq olunmayacaq".

Nazir diqqətə çatdırıb ki, 01 yanvar 2018-ci il vəziyyətinə ölkədə əmək pensiyalarının orta aylıq məbləği 208,36 manat, yaşa görə pensiyanın orta aylıq məbləği isə 233,68 manat təşkil edir: "Vətəndaşların əmək pensiyalarının məbləğləri müxtəlif olduğundan pensiyalarda artımların məbləğləri də fərqli olacaq.

Məsələn, 208,36 manat səviyyəsində olan əmək pensiyası üzrə hesablama aparsaq, indeksləşdirmə nəticəsində həmin pensiyanın məbləği 5,7 faiz, yəni 11,87 manat artırılaraq 220,23 manata çatdırılacaq. Bununla yanaşı, onu da qeyd edim ki, artımın pensiyanın bütün məbləğinə tətbiq olunması prinsipi aşağı məbləğdə pensiya alanlar üçün daha effektiv olması ilə diqqəti çəkir".

Əmək pensiyalarına edilən artımların cari ilin əvvəlindən hesablandığını diqqətə çatdıran S.Müslümov fevral ayının pensiyalarının ödənişinin yanvar və fevral aylarındakı artımlarla birgə həyata keçiriləcəyini bildirib. O, deyib ki, sərəncamla 2018-ci il yanvarın 1-dən əmək pensiyalarının indeksləşdirilməsinə hər ay təqribən 13,78 milyon manat, il ərzində isə 165,4 milyon manat əlavə vəsait yönəldiləcək".

Top
JoomlaLock.com All4Share.net