Sürücü oğluna toy elədi, məhkəmə təxirə salındı-NARDARAN-4
Featured

01 Mart 2018
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinə təyin edilən Nardaran işi-4-təxirə salındı.

Vəkil Fariz Namazlının vetenugrunda.az-a verdiyi xəbərə görə, növbəti məhkəmə iclası martın 6-da saat 14:00-da təyin edilib.

Əbülfəz Bünyatov 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı ciddi xəsarət alıb. "Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırzadə Nardaranda onun evində olub və əməliyyat da həmin evdə keçirilib. Əbülfəz Bünyatov və Elxan İsgəndərovun məhkəməsi bir müddətdir başlayıb. Yataq xəstəsi olan Ə. Bünyatovu məhkəməyə xərəkdə, təcili yardım maşını ilə gətirirlrər. Sonuncu məhkəmdə o, ağrıların şiddətindən bayılmışdı.

Vəkili Fariz Namazlının deyir ki, Ə.Bünyatovu bir il həbsdə saxlayıblar və hər hansı müalicə etməyiblər. Bütün bədəni yara olandan və səhhəti pisləşəndən sonra gətirib ailəsinə veriblər ki, evində ölsün. O, otura bilmir".

Qeyd edək ki, Elxan İsgəndərova Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri ilə ittiham elan edilib. O, 5 noyabr 2015-ci ildə Sabunçu rayon Polis İdarəsinin qarşısında baş verən hadisələr zamanı həbs olunaraq Sabunçu rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati həbs olunub. Sonradan Sabunçu Rayon Prokurorunun protesti əsasında Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Sabunçu Rayon Məhkəməsinin qərarı ləğv olunaraq, onun əməllərində cinayət tərkibinin olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə iş Sabunçu Rayon Prokurorluğuna göndərilib.

Elxan İsgəndərov axtarışda olduğundan 15 mart 2017-ci ildə polis əməkdaşları tərəfindən həbs olunub və barəsində həbs -qətimkan tədbiri seçilib.

2015-ci il noyabrın 26-da polis əməkdaşlarının Nardaranda keçirdikləri əməliyyat zamanı Taleh Bağırzadə və bir neçə şəxs saxlanılıb. Hadisələr zamanı iki polis əməkdaşı və dörd kənd sakini ölüb, bir neçə nəfər bədən xəsarəti alıb. Həbs olunanlara terror, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və digər ağır ittihamlar verilib. Lakin onlar ittihamları saxta adlandırır və istintaq dövründə təzyiqə məruz qaldıqlarnı bildirirlər.

Taleh Bağırzadə bundan əvvəl də bir neçə dəfə həbs edilib və hakimiyyəti sərt tənqid etməsi ilə tanınıb. O, özünün və digərlərinin həbsinin də tənqidi fikirləri ilə bağlı olduğuni deyir. T. Bağırzadə məhkəmə hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Bu gün Əbülfəz Bünyatov məhkəməyə gətirilmədiyinə görə, proses təxirə salındı. Ə.Bünyatovun məhkəməyə gətirilməməsinə isə sadəcə olaraq təcili yardım sürücüsünün oğluna tooy etməsi səbəb olub.

Top
JoomlaLock.com All4Share.net