Mayoru evində ölümcül döydülər
Featured

02 Mart 2018

Dünən axşam saatlarında Novxanı bağlar massivinin Sumqayıta aid ərazisində mayor rütbəli hərbçinin bir qrup şəxs tərəfindən döyülməsi ilə bağlı ölkə KİV-ləri məlumat yaymışdı.

Həmin ərazidə yaşayan sakinlər bildiriblər ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin memarlıq şöbəsinin işçiləri olduqlarını deyən bir neçə məmur, təxminən 20-dək idmançı görkəmli şəxslə mayor rütbəli zabitin bağ evinə basqın edərək, tikintisi tamamlanmayan evi uçurublar.

Məlumatda bildirilirdi ki, hadisə zamanı hərbi formada olan mayor rütbəli, orta yaşlı hərbçi evini sökmək istəyənlərə evin tikintisinə aid müvafiq sənədləri göstərərək, qanunsuz iş görmədiyini və söküntünün dayandırılmasını tələb eləsə də, ona əhəmiyyət verilməyib.

Bu zaman tərəflər arasında mübahisə yaranıb və Sumqayıt Şəhər İcra Hakimiyyətinin adı ilə gələnlər artıq damı bağlanmış evi sökməklə yanaşı, onun mayor rütbəli sahibini də vəhşicəsinə döyüblər.

Döyülən zabitin səhhəti pisləşdiyi üçün onu gecə saatlarında Bakıdakı hospitallardan birinin Reanimasiya şöbəsinə yerləşdiriblər.

Döyülən zabitin yaxınlarından biri Reyting.az-ın əməkdaşından xahiş edib ki, məlum səbəblərdən hələlik zərərçəkənin kimliyi barədə ətraflı məlumat verilməsin:

"Hadisə ilə bağlı mayor rütbəli şəxsin xidmət elədiyi yuxarı quruma məruzə olunub. Artıq generallar səviyyəsində bu işlə maraqlanırlar. Bu səbəbdən ictimaiyyətə əlavə məlumat verilməsini istəmirik".

Zabitin səhhətinə gəlincə, yaxını bildirib ki, hazırda onun vəziyyəti yaxşı deyil:

"Ona müxtəlif bədən xəsarətləri yetirilib. Həkimlərin diaqnozu ilə tam tanış deyiləm. Amma ilkin diaqnozlardan biri üz nahiyyəsindən aldığı zərbələrin təsirindən çənə və üzün almacıq sümüyünün sınığıdır. Digər xəsarətlər də var və bu barədə ətraflı məlumat almağa çalışacağam".

Zərərçəkənin yaxını bildirib ki, qohumu evini müvafiq qanunlara uyğun olaraq inşa etdirirmiş və hər hansı qanun pozuntusuna yol verməyib. Amma buna baxmayaraq, evini tikdirmək üçün zabitə qarşı qanunsuz tələblər irəli sürülürmüş: "Tələbləri yerinə yetirilməyən "qoçu dəstəsi" isə, nəinki evin müvafiq sənədlərinə əhəmiyyət verməyib, hətta onun mayor rütbəli hərbi geyiminə də hörmətlə yanaşmayıblar. Onlar sanki Qarabağı düşməndən azad edirmişlər kimi, mayora və onun evinə basqın edərək, tikintini dağıdıb, zabiti isə vəhşicəsinə döyüblər".

Onu da qeyd edək ki, döyülən zabit ölkədə tanınmış ailənin nümayəndəsidir. Hətta onun ailə üzvləri arasında professor və Milli Məclisin sabiq üzvü də var.

Digər mənbələr isə iddia edir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti əməkdaşları hətta qanuni əsaslarla tikilən evlərə görə də qanunsuz tələblər irəli sürürlər. Bunun isə, ev sahiblərindən böyük məbləğdə rüşvət almaq istəyindən qaynaqlandığı və bu işin başında Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcovun durduğu ehtimal olunur.

Həftənin şənbə günü olması səbəbindən Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsələyə münasibətini öyrənə bilməyib. Onları da dinləməyə hazırıq.(reytinq)

Top
JoomlaLock.com All4Share.net