"Gənclərin əsəbləri dözmədi və Vidadi İsgəndərlinin atasının qəbrini təhqir etdilər"
Featured

06 Mart 2018

Fransada mühacirətdə yaşayan hüquq müdafiəçisi Vidadi İsgəndərlinin atasının qəbrinin təhqir edilməsi ölkəmizdə böyük etirazlara səbəb oldu.

Xalqmızın mənəvi dəyərlərini təhqir edənlərin cəzalanmasını hər bir azərbaycanlı tələb etdiyi halda hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov, dolayısı ilə bu iyrənc əməl sahiblərinə haqq qazandırıb. O, sfera.az-a verdiyi açıqlamasında bildirib ki, radikallar qrupu bununla Azərbaycan xalqını təhqir etdiyi üçün Vidadi İsgəndərlidən qisas almaq qərarına gəlib: "Mübarizəni kişi kimi aparmaq lazımdır. Opponentlərin ailə üzvlərini, qohumlarını çirkin mübarizəyə qatmaq olmaz. Sən Avropada gizlənmisənsə, bu sənə insanları və onların ailə üzvlərini təhqir etmək hüququ vermir. Sənə bu hüququ kim verib? Belə xoşagəlməz hadisələr bu səbəbdən baş verir. Kimlərinsə əsəbləri dözür, kimlərinki isə yox".

Siyavuş Novruzov qeyd edib ki, əgər Vidadi İsgəndərli öz hərəkətlərinə məsuliyyətlə yanaşsaydı və Azərbaycan xalqını təhqir etməsəydi, onda nəticə də belə olmazdı".

Siyavuş Novruzov daha sonra deyib ki, hüquq-mühafizə orqanları Vidadi İsgəndərlinin atasının qəbiri ilə bağlı lazımi yoxlama aparacaq: "Amma unutmaq lazım deyil ki, elə həmin Vidadi İsgəndərli Azərbaycan hüquq-mühafizə orqanlarının rəhbərlərini daim təhqir edir. O, müxtəlif vəzifəli şəxslər, siyasi partiyaların rəhbərləri və ictimaiyyətin nümayəndələri barəsində ədəbsiz ifadələrdən istifadə edir. Əlbəttə, bütün bunlar onun tərbiyəsinin və mədəniyyətin səviyyəsindən xəbər verir".

Top
JoomlaLock.com All4Share.net