Jurnalist Əfqan Muxtarlının səhhəti pisləşib
Featured

06 Aprel 2018

Gürcüstanda oğurlanaraq Bakıya gətirilərək həbs edilən araşdırmaçı jurnalist Əfqan Muxtarlının vəziyəti ağırlaşıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə jurnalistin xanımı Leyla Mustafayeva sosial şəbəkədə məlumat yayıb:

"Bir az əvvəl Əfqanla danışdıq. 3 həftə əvvəl zəng edəndə demişdi ki, ciyərləri soyuqlayıb, öskürürdü. Müayinə olunub və rentgen edən həkim deyib ki, ağ ciyərində ləkə görünür. Başqa bir həkim baxıb, deyib ciddi bir şey yoxdur. Həkimlərin müxtəlif rəy verməyi elə məndə də, özündə də narahatlıq yaratmışdı. Ötən həftələr ərzində həkimlərin yazdığı dərmanları göndərmişik, qəbul edib. Bu gün yenə də deyirdi ki, sinə nayihəsində ağrıları var.

Səbəb sadəcə soyuqlamadırsa, qəbul etdiyi dərmanlardan sonra adamın yenə şikayəti varsa, bu o deməkdir ki, o yenidən müayinə olunmalıdi və təcrübəli, normal həkim nəzarətindən keçməlidir.
Hər dəfə danışanda deyir nəbzi 100-dən yuxarı vurur. Tiflisdə müayinələr zamanı onun səhhətində belə bir hal müşahidə edilməmişdi. Otən həftə zəng edəndə demishdi ki, təzyiqi 100-150 arasındadır və başağrıları olur. Vəkil Nemət Kərimli baş idarə ilə danışandan sonra təcridxanadan Əfqana deyiblər ki, kənardan yaxşı həkim axtarırlar. Lap istəyirsə Bakıdan həkim gətirə bilərlər.
Bunları vaxtında eləmək lazımdı.

Əfqan artıq çəkidən əziyyət çəkir. Bir ilə yaxındır istintaq tədricxanasındadır, hərəkət edə bilmir. Tiflisdə olanda şəkər və çəkisinə görə gündə ən azı 3-4 km piyada gəzməsi tövsiyyə etmişdi həkim. Bir ilə yaxındır bunu edə bilmir. Üstəlik məhkəməsini otən ay ərzində 3 dəfə təxirə salıblar və növbəti məhkəmə aprelin 24 də olacaq. Onun "zon"a köçrülməsi belə ləngiyir.

Bunların hamısı onun səhhətinə mənfi təsir edir".
Qeyd edək ki, Əfqan Muxtarlı Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhəddini qanunsuz keçmək ittihamı ilə 6 il azadlıqdan məhrum edilib.

Məhkəmə Əfqan Muxtarlını qaçaqmalçılıq, sərhədi qanunsuz keçmək və sərhəd xidməti əməkdaşının həyat və sağlamlığına zor tətbiq etməkdə təqsirli bilib.

Əfqan Muxtarlı bu ittihamları təkzib edir və mayın 29-da axşam saatlarında yaşadığı Gürcüstan paytaxtı Tbilisidən oğurlanaraq Azərbaycana aparıldığını deyir. O, Gürcüstanda saxlandığı və Azərbaycana aparıldığı gün döyüldüyünü, daha sonra cibinə 10 min avro qoyulduğunu deyib.

Top
JoomlaLock.com All4Share.net