"Nardaran işi 4" davam edir-VİDEO
Featured

06 Aprel 2018

Aprelin 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə "Nardaran işi 4" üzrə Müsəlman Birliyi Hərəkatının idarə heyətinin üzvləri Elxan İsgəndərov və Əbülfəz Bünyadovun (səhhətinə görə görə polis nəzarəti altında olan) məhkəmə prosesi keçirilib. Prosesdə E.İsgəndərov və vəkil Fariz Namazlı, Ə. Bünyadovun vəkili Nərdanə Fərzəliyeva, dövlət ittihamçısı Fərid Nağıyev də iştirak ediblər. Ə. Bünyadov məhkəmə zalına "təcili yardım" xərəyində gətirilib.

Məhkəmə şahid ifadələri ilə davam edib. Belə ki, ifadə verənlərdən Yaqub Abbaslı,Yunis Məmmədov, Xəzər Məmmədov, Elmir Ələsgərov, Ramil İsmayılov, Elnur Şərifov, Təyyar Camalov təqsirləndirilən şəxsləri tanımadıqlarını deyiblər. Şahidlər 2015-ci ilin 5 noyabr tarixində futbol tədbirində olduqlarını və onlara rayon polis idarəsinin qarşısında bir qrup şəxsin toplaşaraq qarışıqlıq yaratdığı barədə məlumat daxil olduğunu bildikdən sonra hadisə yerinə getdiklərini məhkəməyə bildiriblər.

Şahidlərdən Ramin Ələkbərov həmin gün polis idarəsinin qarşısına 100-150-yə yaxın adam toplandığını və onlar yaxınlaşan kimi həmin şəxslər tərəfindən daşa basıldıqlarını dedi. Bunun nəticəsində də əlində olan radiostansiyaya daş dəyərək zədələnib, dəbilqəsinin şüşəsi çat verərək sınıb. Xaqani Davudov adlı şahid oradakı adamların hücumuna məruz qaldıqlarını, qandallarını və dubinkasının itdiyini, dəbilqəsinin şüşəsinin sındığını qeyd elədi.

Şahid ifadələrindən sonra hakim Ə. Hacıyev növbəti məhkəmənin 20 aprel tarixində davam edəcəyini elan edib.

Xatırladaq ki, E.İsgəndərova Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri ilə ittiham elan edilir. O, 5 noyabr 2015-ci ildə Sabunçu Rayon Polis İdarəsinin qarşısında keçirilən aksiyadan sonra həbs edilib. O, 15 gün müddətinə inzibati həbs olunub. Daha sonra Sabunçu Rayon prokurorunun protesti əsasında Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Sabunçu Rayon Məhkəməsinin qərarı ləğv olunaraq, onun əməllərində cinayət tərkibinin olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə iş Sabunçu Rayon Prokurorluğuna göndərilib.

E.İsgəndərov axtarışda olduğundan 15 mart 2017-ci ildə polis əməkdaşları tərəfindən həbs olunub və barəsində həbs-qətimkan tədbiri seçilib. Hazırda Ə.Bünyadovun səhhətində problem olduğuna görə, o, polisin nəzarəti altına verilib. Həbsdə olan Ə.Bünyadov bir müddət azadlığa çıxıb.(rakurs.tv)

Top
JoomlaLock.com All4Share.net