Tale Bağırzadənin məhkəməsi təxirə salındı-VİDEO
Featured

09 Aprel 2018

Bu gün Bakı Apellyasiya Məhkəməsində ilahiyyatçı alim, Müsəlman Birliyi Hərəkatının lideri Tale Bağırzadənin Qaradağ rayon Məhkəməsinin 13 fevral 2018-ci il tarixli qərarından verilən apellyasiya şikayətinə əsasən keçirilməli olan məhkəmə prosesi baş tutmayıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin baş tutmamasının konkret səbəbi göstərilməyib.

T.Bağırzadənin vəkili Fariz Namazlı məhkəmə hazırlıq iclasının onun iştirakı olmadan keçirilə biləcəyi barədə məhkəməyə məlumat versə də, məhkəmədən təqsirləndirilən şəxsin məhkəməyə gətirilmədiyi məlum olub və prosesin növbəti vaxtı barədə məlumat veriləcəyi bildirilib.

Məhkəmə binasının önündə inanclı şəxslər, professor Cəmil Həsənzadə, Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının sədri, Qarabağ qazisi Rövşən Əhmədli, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, siyasi məhbus Fuad Əhmədlinin atası Zəfər Əhmədli, KİV nümayəndələri, Tale Bağırzdənin ailə üzvləri toplaşıb.

AXCP sədri Əli Kərimli vetenugrunda.az- verdiyi açıqlamada Tale Bağırzadəyə qarşı edilən ədalətsizliyi pisləyib. 

Qeyd edək ki, T.Bağırzadə CM-nin 317-2.1 (cəzaçəkmə müəssisəsi və ya istintaq təcridxanasında saxlanılan şəxsin qadağan olunmuş əşya hazırlaması, daşınması və ya istifadəsi) maddəsi ilə təqsirli bilinib. Yeni hökmə əsasən, T.Bağırzadənin 20 illik cəzasından qalmış 17 il 9 ay 13 gün yeni cəza ilə birləşdirilərək, ona 18 il həbs verilib. Tale Bağırzadə 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi xüsusi əməliyyat zamanı həbs olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli hökmü ilə Bağırov 20 il müddətinə azadlıqdan məhrum edilib.

Top
JoomlaLock.com All4Share.net