Yanan bina ilə bağlı təqsirləndirilən: “300 min pul istədilər...”
Featured

24 Oktyabr 2016

Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi məhkəmə davam edib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən "QlobalStone” MMC baş direktoru olmuş Ələkbər Əsgərov ifadə verib.

Ə.Ələsgərov ifadəsində günahsız olduğunu deyib:

"Nədə təqsirləndirildiyimin, burda olmağımın səbəbi mənə aydın deyil. Mənə ifadə vermək çox çətindir. Miryusif Mahmudovun təklifi ilə fəaliyyətə başladıq. Müəssisənin bütün ehtiyatlarının planlanması sistemini qurdum. Şirkət beynəlxalq nüfuzlu şirkətlərlə birlikdə əməkdaşlığa başlamaq üçün bizə imkan yaradırdı".

Təqsirləndirilən şəxs yanğın günü heç nədən xəbərin olmadığını deyib: "Yanğın baş verən zaman həmin yerə gedəndə tıxaca düşdük. Yollar bağlanmışdı. Ofisə qayıtdıq. Ofisə çatanda MTN əməkdaşları içəridəydi. Kompüterləri yığdılar. İşçilərlə danışırdılar. Sonra prokurorluq əməkdaşları ofisə gəldi.

Mən onlarla birlikdə getdim. Şirkətin təhlükəsizlik xidmətinin rəis müavini Arif Əliyev otağa gəldi. Dedi ki, Xətaidə baş verən yanğından sonra rəy hazırlanır. Həmin işlərdə rəy hazırlanması keçmiş MTN-ə tapşırılmışdı. Bizdən də həmin rəyə şirkət haqqında müsbət fikir əlavə etmək üçün pul istəyirlər. Məbləğin 300 min olduğunu dedi. Miryusif Mahmudov da əsəbiləşdi. Dedi ki, verməsək nə olacaq? Miryusif Mahmudov əlavə etdi ki, bizim gördüyümüz işlər göz qabağındadır".

Proses günün fasilədən sonra davam etdiriləcək.

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.(modern.az)

Top
JoomlaLock.com All4Share.net