Tural Abbaslı: "Siz sabahların ümidisizniz"-ZİNDANNAMƏ
Featured

08 İyun 2018

Əziz oxucularımız, on iki ayın sultanı olan Ramazan ayının gəlişi münasibət ilə hamınızı təbrik edirik. Allah ibadətlərinizi və dualarınızı qəbul etsin.

Müqəddəs Ramazan ayının ilk günündən vetenugrunda.az saytı "Zindana məktub..." layihəsinə başlayıb.

Bu gün zindanlarda yüzlərlə günahsız insanımız olmayan suçunun cəzasını çox ağır şəkildə çəkir.

Sizlərin bu müqəddəs ayda onlara ürək sözlərinizi, fikirlərinizi ifadə edən məktublarınızı çatdırmağı özümüzə borc bildik. Siz zindanlarda məhkumluq həyatı yaşayan, isti yuvasından, doğma od-ocağından, əzizlərindən ayrı düşən məhbuslarımıza məktub yazın. Məktublarınız vetenugrunda.az saytında yayımlanacaq.

Layihə Ramazan ayı boyunca davam edəcək və eyni zamanda bütün məktublar "Zindannamə" adlı kitabda işıq üzü görəcək.

Məktublarınızı Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına və facebook səhifəmizə (Vətən Uğrunda İctimai-Siyasi Qəzet) göndərə bilərsiniz.

Layihəmizə qoşulan hər kəsə təşəkkürümüzü çatdırırq.

AĞ Partiya başqanı, keçmiş vicdan məhbusu Tural Abbaslı da layihəmizə qoşulub. Tural Abbaslının məktubunu təqdim edirik:

 

"Siz sabahların ümidisiniz…

Əziz və dəyərli vicdan məsbuslarımız, mərd Gözəl xanım və mübarizə simvollarımız olan qardaşlarımız, haradan başlayacağımı, nə deyəcəyimi bilmədən məktuba başlayıram. Sizin nələr çəkdiyinizi, hansı hisslərlə yaşadığınızı, hansı duyğuların hansıları ilə əvəz olunduğunu biz də gözəl bilirik.

Heç bir zaman haqq-ədalət uğrunda bu ali mübarizədə tək olduğunuzu, bu keşməkeşli yolları tək keçdiyinizi düşünməyin. Tale zamanında bizi də sizin tək sınağa çəkmişdi. Bizi yaşadan yeganə duyğu və yeganə hiss ümid oldu.

Ümid... Bu duyğu o qədər böyük, o qədər şirin duyğudur ki, görəsən olmasaydı nə edərdik deyə düşnürdük. Amma, var idi. Üstəlik haradan və necə olduğunu da bilmədən qəlbimizə hərarəti doldururdu bu duyğu.

Sabahlara ümid, ədalətə ümid, doğruluğa ümid, azadlığa ümid edərək yaşayırdıq hər anımızı. Odur ki, sizə yeganə arzu və təsəllimiz ümidinizi itirməməyinizdir. Ümidinizi heç bir dəqiqə və heç bir saniyə itirməyin. Siz tək deyilsiniz...

Unutmayın ki, sizlər milyonları təmsil edirsiniz. Unutmayın ki, siz milyonların səsisiniz. Unutmayın ki, siz sabahların ümidisiniz. Bəli, bu sətirləri yanlış oxumadınız. Siz məhz bu xalqın sabahlarına olan ümidisiniz. Siz azadlığın rəmzisiniz. Siz bu xalqın kəsilməsi mümkün olmayan səsi, əzilməsi mümkün olmayan iradəsinin göstəricisisiniz.

Sizlər bir ümid olduğunuz halda ümidinizi heç itirməyin. Unutmayın ki, əzmlə mübarizə aparan insanın günləri qısa, ömrü uzun olar. Odur ki, bu yolda nümayiş etdirdiyiniz əzmkarlıq, mərdlik, cəsarət, dik duruş və möhkəmlik sabahlarda doğacaq olan günəşin işıqları və bir qəhrəmanlıq salnaməsi olacaq.

Və bir də heç vaxt unutmayın ki, sizlər bir tarix yazırsınız. Gələcək nəsillər bu millətin gələcəyi üçün heç nədən qorxmadan haqqı deyən, hər şeyini fəda edən qəhrəmanları əsla unutmayacaq. Onlar aparılan hər mübarizə və bununla da qazanılan hər müvəffəqiyyət üçün sizləri hörmətlə anacaq, yad edəcək. Sonda uca ALLAHdan sizlərə insan oğlunun ən dəyərli neməti olan və bəlkə də hamıdan çox siz "azadlıq məhbuslarının" haqqı olan azadlıq arzulayıram.

Hörmətlə: AĞ Partiya başqanı, keçmiş vicdan məhbusu

Tural Abbaslı"

Top
JoomlaLock.com All4Share.net