Eldəniz Quliyev: "İlahi, daşın-divarın canı, ruhu, gözü, dili olmasa da..."-ZİNDANNAMƏ
Featured

10 İyun 2018

Əziz oxucularımız, on iki ayın sultanı olan Ramazan ayının gəlişi münasibət ilə hamınızı təbrik edirik. Allah ibadətlərinizi və dualarınızı qəbul etsin.

Müqəddəs Ramazan ayının ilk günündən vetenugrunda.az saytı "Zindana məktub..." layihəsinə başlayıb.

Bu gün zindanlarda yüzlərlə günahsız insanımız olmayan suçunun cəzasını çox ağır şəkildə çəkir.

Sizlərin bu müqəddəs ayda onlara ürək sözlərinizi, fikirlərinizi ifadə edən məktublarınızı çatdırmağı özümüzə borc bildik. Siz zindanlarda məhkumluq həyatı yaşayan, isti yuvasından, doğma od-ocağından, əzizlərindən ayrı düşən məhbuslarımıza məktub yazın. Məktublarınız vetenugrunda.az saytında yayımlanacaq.

Layihə Ramazan ayı boyunca davam edəcək və eyni zamanda bütün məktublar "Zindannamə" adlı kitabda işıq üzü görəcək.

Məktublarınızı Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına və facebook səhifəmizə (Vətən Uğrunda İctimai-Siyasi Qəzet) göndərə bilərsiniz.

Layihəmizə qoşulan hər kəsə təşəkkürümüzü çatdırırq.

Növbəti məktubu tanınmış kinodramaturq, Azərbaycan Ziyalılar Birliyinin sədri, rejissor Eldəniz Quliyev yazıb. O, məktubu zindandakı günahsız məhbuslara deyil, zindanın divarlarına yazıb.

 

"İlahi, daşın-divarın canı, ruhu, gözü, dili olmasa da...

Rejimin şər maşınının qurduğu zindanlarda min bir əzab içində qovrulan vicdan və siyasi məhbuslarımızı düşünərkən...

Bir neçə kəlmə həsxana divarları haqqında yazacam...

Bəli, məhz həsxana divarlarından. O divarlardan ki, çox dəhşətli və ağlasığmaz hadisələrin iştirakçısı olub. Cansız iştirakçısı. O divarlardan ki, inam və ümidlə yoğrulan, ağrı və əzablarla dolub-daşan insan duyğularının bütün spektrlərinə şahidlik edib... Qəribə və qəribə olduğu qədər də qaibanə olaylar, əhvalatlar "görüb". Yox, divarın-daşın gözü olmur... Onların heç hiss-həyacanı da olmur. Onlar sadəcə, görüb eşitdiklərini öz daş canlarına çəkə, hopdura bilirlər...

Görən, onlar zərrə qədər də günahı,cinayyəti olmayan neçə-neçə insanın ah-naləsini,harayını eşidib, neçə-neçə şərlənib tutulan məsum insanın qanlı göz yaşlarıyla yazdığı məktubların fəryadına əks-səda veriblər?! Görən onlar eçə-neçə əzim, qürur,cəsarət və qəhrəmanlıq nümunəsindən, neçə-neçə satqınlıq, xainlik faktlarından, hirsdən, hikkədən, dərddən,sevincdən "həyacanlanıblar"?..

İlahi, daşın-divarın canı, ruhu, gözü, dili olmasa da... qulağı var axı!..Əlbəttə var! Və bəlkə də, bu qulaqlar çarəsiz insan iniltiləri, əzab içərisində qovrulan İNSAN bağırtıları eşitməkdən kar olublar... və elə bəlkə də, kar olduqları üçün də danışa bilmirlər, laldırlar- kim bilir?..

O divarlar adi divarlar deyil... O divarlar mənəviyyat   işığımızın öləziməməsi, ruhumuzun ilahi harmoniyası üçün, əxlaqımızın aşınmaya düçar olmaması, nəhayət, bizlərin ləyaqətli, imanlı, şərəfli yaşaya bilməsi üçün "uf" da demədən öz canlarından keçməyə hazır olan neçə-neçə qardaşımızın, balamızın aylarla, illərlə kürəyini söykədiyi və yoğrun çiyinlərinə dayaq olan divarlardı.

Bu dünyada heç nə boşuna deyil, heç nə. Hətta ağızdan çıxan və qeyri-maddi sayılan SÖZ də hardasa donur,sıxılıb-bərkiyib maddiləşir. Allahım, deyirəm, bəlkə yer üzünün həbsxana divarlarını elə o maddiləşmiş Ah-lardan və acı göz yaşlarından hörürlər?.. Belədirsə, onda nə vaxtsa o daşlar, həmin o divarları hörənlərin başına düşəcək... Günahı-suçu olmayan ləyaqətli dostlarımızı zindanlarda - dörd divar arasında çürüdənlər bilməlidirlər: onlar heç vəchlə cəzadan yayına bilməyəcəklər. Bir gün o daş onların başına düşəcək. Mütləq düşəcək!.. Çünki bunu İLAHI ƏDALƏT tələb edir.

Hər şeyi inkar eləmək olar... bircə İLAHİ ƏDALƏTDƏN savayı!

Eldəniz Quliyev

09.06.2018."

Top
JoomlaLock.com All4Share.net