Döyüşçülərini xilas edib özü Şəhid olan İsrafil Şahverdiyev
Featured

11 İyun 2018

Bu torpağın hər qarışı Şəhid qanı ilə suvarıldı. Bu torpaqlar ona görə müqəddəsdir, Şəhid qanından su içib, dirçələn torpaqlar.

Vetenugrunda.az bu gün oxucularına bu Şəhidlərindən daha birini Milli Qəhrəman İsrafil Şahverdiyevi xatırladacaq.

İsrafil Şahverdiyev 11 iyun 1952-ci ildə Laçın rayonunun Unannovu kəndində dünyaya göz açıb. Unannovu kənd orta məktəbində təhsil aldıqdan sonra 1971-1974-cü illərdə hərbi xidmətdə olub. 1975-ci ildə Laçın rayon Daxili İşlər Şöbəsində milis nəfəri kimi əmək fəaliyyətinə başlayıb. 

İşğalçı ermənilərin vətənimizə basqını xəbərini eşidən İsrafil Şahverdiyev ilk günlərdən torpaqlarımız uğurunda döyüşlərə qoşulub.  Qaladərəsi kəndində iki erməni kəşfiyyatçını ələ keçirən döyüşçünün, Şəhid jurnalist Salatın Əsgərovanın qatillərinin ələ keçməsində böyük rolu olub. 1991-ci ildə Qala dərəsi kəndinin azad edilməsi üçün plan hazırlanır. Gecədən səhərə qədər davam edən qanlı döyüşdə erməni işğalçıları ağır itkilər verərək geri çəkilir.

İsrafil 1992-ci il 19 sentyabrdan 17 noyabra qədər Hoçaz qayası və Hoçaz kəndi uğrunda gedən qanlı döyüşlərdə iştirakı ilə döyüş yoldaşlarının yaddaşına əsl qəhrəman kimi həkk olunur. 

6 yanvar 1994-cü ildə Füzuli rayonunun kəndlərini azad etmək üçün İsrafil rotası ilə döyüşə girir. Bu əməliyyat nəticəsində Horadiz qəsəbəsi və 22 kənd azad edilir. Cəsur komandirin son döyüşü 13 yanvar 1994-cü ildə olur. Bir neçə istiqamətdən hücuma keçən rotada ölən və yaralananlar olduğundan döyüşçü dostlarını xilas edən İsrafil pulemyotun başına keçmiş və qarşı tərəfdən atılan güllə onun həyatına son qoyur. 

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilən İsrafil Şahverdiyev Şəhadətindən sonra Milli Qəhrəman adına layiq görülür.

Top
JoomlaLock.com All4Share.net