Mövsüm Səmədova məktub: "Sizi bütün ölkədə səbrsizliklə gözləyirlər..."-ZİNDANNAMƏ
Featured

11 İyun 2018

Əziz oxucularımız, on iki ayın sultanı olan Ramazan ayının gəlişi münasibət ilə hamınızı təbrik edirik. Allah ibadətlərinizi və dualarınızı qəbul etsin.

Müqəddəs Ramazan ayının ilk günündən vetenugrunda.az saytı "Zindana məktub..." layihəsinə başlayıb.

Bu gün zindanlarda yüzlərlə günahsız insanımız olmayan suçunun cəzasını çox ağır şəkildə çəkir.

Sizlərin bu müqəddəs ayda onlara ürək sözlərinizi, fikirlərinizi ifadə edən məktublarınızı çatdırmağı özümüzə borc bildik. Siz zindanlarda məhkumluq həyatı yaşayan, isti yuvasından, doğma od-ocağından, əzizlərindən ayrı düşən məhbuslarımıza məktub yazın. Məktublarınız vetenugrunda.az saytında yayımlanacaq.

Layihə Ramazan ayı boyunca davam edəcək və eyni zamanda bütün məktublar "Zindannamə" adlı kitabda işıq üzü görəcək.

Məktublarınızı Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına və facebook səhifəmizə (Vətən Uğrunda İctimai-Siyasi Qəzet) göndərə bilərsiniz.

Layihəmizə qoşulan hər kəsə təşəkkürümüzü çatdırırq.

Bu gün Azərbaycan İslam Partiyasının sədri, doktor Mövsüm Səmədova məktub var. Məktubu doktora jurnalist Şəhriyar Səmədov yazıb. Şəhriyar bəy əslində zindanın və şərlənərək həbs edilməyin ağrısını yaşayan insanlardandır. Çünki onun atası Elmar Səmədov da vaxtilə şərlənərək həbs edilmişdi. Mövsüm Səmədov ədalətli cəmiyyət istədiyi və haqsızlıqla mübarizə apardığı üçün şərlənərək həbs edilib.

"İndi sizi təkcə doğulduğunuz bölgədə deyil, bütün ölkədə səbrsizliklə gözləyirlər...

7 il vətəndən ayrı düşdükdən sonra gəlişiniz doğma bölgənizdə çoxunu sevindirmişdi. Dostlar sizin görüşünüzə tələsir, görüşdükdə isə söhbəti bilərəkdən uzadaraq elm ocağından yüksək əhval-ruhiyyəli və öyrəndiklərini hamı ilə bölüşməyə can atan eynəkli, gülərüz gənc din xadimindən daha çox faydalanmağa çalışırdılar.

Müşahidə etdiyim qədər dəyə bilərəm ki, Hacı başladığı istənilən işdə tez uğur qazanardı. Enerjisi, çevikliliyi, müxtəlif xasiyyətli insanlarla rahat ünsiyyət qurması onu hədəfinə tez çatdırardı.

Uzun müddət fərqli mühitdə yaşamasına baxmayaraq sadaladığım keyfiyyətləri itirməmişdi. Tezliklə ərəb dili dərslərinin təlimi, mənəvi ruhun möhkəmləndirilməsi üçün dua məclislərinə müraciət, gənclərin gündəlik qayğıları ilə maraqlanma mərhələsi başladı. Təbii ki, paytaxtda gedən ictimai-siyasi hadisələri də diqqətdə saxlayırdı. Azərbaycan İslam Partiyasında iş başına keçməyi də beləcə tez baş verdi.

Hacı, sizin həbs xəbərinizi xidmət apardığım hərbi hissədə eşitdim. 6 ay sonra tərxis olunub Bakıya qayıdanda özümü son məhkəmə iclasına çatdıra bildim. Hökm oxunan binanın qarşısı polisin tam nəzarətinə götürülmüşdü. "28 May" metrostansiyasından gələn dindarların Ağır Cinayətlər Məhkəməsi önündə sizə dəstək olmaq istəməsi bir neçə inanclının ağır xəsarət almağı ilə nəticələndi. Siz, iki qohumunuz və partiya funksionerləri uzun müddətli həbsə göndərildiniz.

Sizi cəzalandırmaq qərarı verənlərin əsas məqsədlərindən biri də sizi tək qoymaq istəyi idi. Hər hansı ictimai, dini, siyasi fəaliyyətlə məşğul olmayan, gündəlik halal zəhməti ilə ailəsinə pul aparan əminiz oğlu Dəyənat Səmədovu işlədiyi dükanda həbs etmək, qaynınız, əllərindən qabar əksik olmayan Məşədi Firdovsinin 10 il həbsxana divarlarına təcrid etməyin başqa nə səbəbi ola bilərdi ki?!

İstəkləri alındımı? Xeyr. Əmin olun ki, istəkləri baş tutmadı. İnsanlar şəxsi və ailə təhlükəsizliyindən sarı ehtiyat edə bilərlər, lakin sizin əqidənizə, məsləklərinizə böyük hörmət edirlər.

Dəfninə buraxmadıqları atanız Mərdan əminin hüzründə "bu qədər düşmənçilik olmaz", "igidi öldür, haqqını ver" kəlmələrini pıçıldıyan onlarla tanışınızın, həmyerlilərinizin gileyini eşitmişəm.

Hacı, 7 ildir etmədiyiniz cinayətə görə həbsdəsiniz. Yazımızın əvvəlində 7 il vətəndən kənarda olduqdan sonra qayıdışınızı böyük səbrsizliklə gözləyən bölgə sakinlərinin sevincindən söz açdıq. Bu dəfə isə sizi təkcə doğulduğunuz bölgədə yox, bütün ölkədə səbrsizliklə gözləyirlər; zirək, gülərüz, etiqadlı din xadimindən faydalana bilmək üçün.

Şəhriyar Səmədov

2018-10 iyun."

Qeyd edək ki, Mövsüm Səmədov 2 yanvar 2011-ci ildə hakimiyyətin siyasətini sərt tənqid edib. Bu hadisədən 5 gün sonra, 7 yanvar 2011-ci ildə saxlanılaraq, polisə tabesizlik maddəsi ilə 13 sutka inzibati həbsə məhkum olunub. 13 sutkalıq həbs cəzası bitəndən sonra ona qarşı qanunsuz silah saxlamaq, hakimiyyətin ələ keçirilməsi və başqa ittihamlarla cinayət işi açılıb. 12 il həbs cəzası alıb. Avropa Məhkəməsi onun işi üzrə kommunikasiyaya başlayıb. Azərbaycan İslam Partiyası M. Səmədovun həbsini onun 2 yanvar 2011-ci ildə Azərbaycan hökumətinə qarşı etdiyi çıxışı ilə əlaqələndirib.

2014-cü il oktyabrın 9-da Qaradağ Rayon Məhkəməsinin qərarı ilə M.Səmədov 12 saylı cəzaçəkmə müəssisəsindən 2 illik Qobustan Qapalı Rejimli həbsxanasına köçürülmüşdü. Lakin doktora qarşı qərəzləri bununla da soyumayıb, onun saxlanma şərtlərini çətinləşdiriblər və ailəsi ilə görüşünə icazə verilməyib. Şərtlərin sərtləşdirilməsi M.Səmədovun intizamı pozması ilə əsaslandırılıb. O, 2016-cı il noyabrın 28-də 12 saylı cəzaçəkmə müəssisəsinə qaytarılıb.

Mövsüm Səmədova bir neçə dəfə "kars" cəzası veriləndən sonra həbsxana rəisi Rauf Məmmədov onun Qobustan qapalı həbsxanasına köçürülməsi ilə bağlı təqdimat verib.

Top
JoomlaLock.com All4Share.net