Deputat jurnalistin var-yoxunu söyən generala etiraz etdi
Featured

12 İyun 2018

Azərbaycan Mətbuat Şurasının sədri, Saatlıdan Milli Məclisə deputat seçilmiş Əflatun Amaşov jurnalist Əli Cahangiroğlunu təhqir edən general-mayor Ərziman Əliyevin əxlaqsız hərəkətinə etirazını bildirib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, o, sosial şəbəkədə bu barədə status yazıb: "Vəzifə səlahiyyətlərini yerinə yetirən jurnalistin təhqirə, aşağılayacı rəftara məruz qalması qətiyyət yolverilməzdir. Buna görə də "Bizim yol" qəzetinin əməkdaşı Əli Cahangiroğlunun üzləşdiyi durumdan dərin təəssüf hissi keçirirəm. Hesab edirəm ki, bu təəssüf hissini bütövlükdə media ictimaiyyəti qəzəbli və hiddətli şəkildə yaşamaqda tam haqlıdır.

Biz hər zaman vəzifə sahiblərinin, dövlət məmurlarının, daşıdığı missiya ictimai əhəmiyyət kəsb edən hər kəsin media ilə davranışının korrekt olmasını yalnız etik baxımından əsaslandırmır, eyni zamanda demokratik cəmiyyət quruculuğunun vacib şərti kimi izah edirik. Əlbəttə, demək olmaz ki, jurnalistlər də öz işlərinin öhdəsindən tam peşəkarlıqla gəlirlər. Mövcud sahədə kifayət qədər problemlər var. Ancaq "Bizim yol" qəzeti əməkdaşının üzləşdiyi durum fərqli müstəvidə dəyərləndiriləcək, hansısa səbəb axtarılacaq məsələ deyil. Ortada jurnalistin ünvanladığı konkret sual və qarşı tərəfin heç bir əndazəyə sığmayan yaraşmaz reaksiyası var.

Yüksək dövlət vəzifələri daşımış şəxsin işlətdiyi nalayiq söz bütövlükdə cəmiyyət üçün sarsıntıdır. Düşünürəm ki, Ərzuman Əliyev də məsələnin fərqində olmalı, nəticə çıxarmalıdır."

Qeyd edək ki, "Bizim Yol"-un əməkdaşı Əli Cahangiroğlu DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin sabiq rəisi, polis general-mayoru Ərziman Əliyevlə əlaqə saxlayıb. O, jurnalisti ağır söyüşlərlə təhqir edib. 

Ərziman Əliyev 2004-2007-ci illərdə Qubanın icra başçısı olub.Ondan əvvəl Göyçay rayon Polis rəisi işləyən Ərziman Əliyev qohumu Ziya Məmmədovun köməkliyi ilə Qubaya icra başçısı gətirilib.Daha sonra işində yol verdiyi nöqsanlara görə Prezident tərəfindən vəzifəsindən azad olunan Əliyev bir qədər sonra hansısa sirli qüvvənin köməkliyi ilə DİN-nin Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi təyin edilib. Polis general-mayorudur.

Top
JoomlaLock.com All4Share.net