Məhbus analarına və yaxınlarına... "Sizin mücadiləniz XILASKARI gətirəcək"-ZİNDANNAMƏ
Featured

15 İyun 2018

And olsun cihad zamanı tövşiyə-tövşiyə qaçan atlara, and olsun dırnaqları ilə daşdan qığılcım qoparan atlara... (Qurani-Kərim -Adiyat surəsi)

Yadımdadı və hər dəfə üşüyəndə, ağrıyanda o günü xatırlayıram, xatırladıqca mənə ağrı verir.
Dekabrın soyuq günləri idi və biz-dindarlar, ictimai-siyasi şəxslər, jurnalistlər və məhkumların yaxınları, Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında toplaşıb Nardaran işi 2 məhkəməsinin başlamasını gözləyirdik.

Bir gün Nardaran olayları zamanı şərlənərək həbs edilən Seyfəddin Şirvanovun anasının qolunu çadrasının altında gizlətdiyini hiss etdim və səbəbini soruşdum. Hər zaman üzü gülən bu qadın yenə tövrünü pozmadan "heç nə, qolum bir az əzilib, narahat olma, ay qızım, ağrımır" dedi. Üzündəki daimi təbəssümün, məsumluğun da canının ağrısını gizlətməyə gücü çatmadığını hiss edirdim. Əvvəlcə elə bildim ki soyuqdan belə bükülüb. Yaşlı qadındır, artıq iki il idi ki yollarda, həbsxanalarda, oğlundan həsrətli bu qədər əzab əziyyəti yaşamaq asan deyildi. Minbir əziyyətlə, kasıbçılıqla oğul böyüt, imanlı-əxlaqlı, namuslu və bir gün oğlunu şərləyib həbs edələr, gəlib yatdığı yerdə çağırıb, oğurlaylıb aparalar, vəhşicəsinə işgəncə verələr. Sən bunu biləsən amma əlindən heç nə gəlmiyə oğlunu xilas etməyə. Məgər bir ananın çəkə biləcəyi yükdürmü bu? 

Seyfəddin Şirvanovun anasının gizlətdiyi ağrını axır ki öyrənə bildim. Sən demə, məhkəmədən çıxıb evə gedəndə elə məhkəmə binasının yaxınlığında ayağı sürüşüb yıxılıb və qolu biləkdən sınıb.

Yaşlı insanın sümük ağrısı daha dəhşətli olur deyirlər. Amma bu xanım ağrısını evdəkilərdən gizlətməyi bacarıb. Həkimə də getməyib. Günlərlə qolunu çadrasının altında gizlədib ki sarğısını heç kəs görməsin. Sirrinin üstü açılanda yenə də gülümsəyirdi yenə də tövrini pozmadan "həkimlərə verdiyim pulu bir şey alaram göndərərm Seyfəddinim yeyər, uşaq orda korluq görməsin, evdə körpələri var, onların istədiyini alaram, qolum gec-tez sağalacaq"...

Hönkürüb ağlamağım gəlirdi. Bu əzəmətli ananın yanında özümü boğub saxlasam da yolboyu o ki var ağladım. Özümü yad ölkədəki kimi hiss edirdim. Bu nədir ilahi, insan öz ölkəsində heç bir günahı olmadan bu qədər dəhşətləri, bu qədər əzabı niyə görə yaşamalıdır, nədir bizim günahımız? 37-ci il repressiyası zamanı günahsız insanlara verilən işgəncələr haqqında oxuyanda və ya ermənilərin azərbaycanlı əsirlərə verdikləri işgəncələr haqqında eşidəndə dəhşətə gəlirdik ki, bu necə ola bilər axı? Amma biz bu dəhşətləri bu gün də yaşayırıqsa...

Sümük ağrısına, özü də bu soyuqda, bu yaşlı ana necə dözmüşdü və necə gülümsəyə bilir bu qədər ağrıyla?

Sirli görünən bir məqam var idi - yaxınları şərlənərək həbs edilən bu insanların üzündə hər zaman təbəssüm, gözlərinin dərinliyində inam və gələcəyə çox böyük ümid var idi. Sanki uzun illər apardıqları mübarizədən qalib çıxmışdılar. İlk günlər anlamsam da getdikcə bu məhəbbətin, bu eşqin, bu ÜMİDİN səbəbini anladım və...

...Bir gün qəfil xəbər gəldi ki, Tale Bağırzadə ilə əlaqə yoxdur və evinə zəng də etmir. Hərə bir söz danışırdı və çoxları da dəhşətli proqnozlar verirdi.
Yaxınları, dostları və KİV nümayəndələri Qobustana getməliydi, Tale Bağırzadənin məhkumluq çəkdiyi həbsxanaya... O anda Taleyin xanımı Leyla ilə qarşılaşmağa qorxurdum. İndi nə haldadır görəsən, üç körpə uşağı ilə?

....Allahım, bu nə xəbərdi, təki yalan olsun, qıyma Taleyə... dua etməkdən başqa əlimizdən nə gəlir ki...
Amma Leyla xanımla rastlaşanda mat qaldım. Bu adamın əzminə, gücünə, yenə üzündə təbəssüm, yenə bizə qarşı diqqətli və mehriban. Çox sevindim onun bu halına, o anda içimdə bir ümid yarandı ki Tale sağdır və biz onun nurlu çöhrəsini yenə görəcəyik, biz onun dəyərli kəlmələrini yenə eşidcəyik.

Qobustandakı həbsxananın çöl qapılarından bizi içəri buraxmasalar da yenə də Leyla xanım tövrünü pozmadı və o gün o qapıya yığışan etirazçıların israrlı tələbləri sayəsində Tale Bağırzadə ilə telefon danşığı baş tutdu.

Bir gün vəkil Yalçın İmanov Abbas Hüseynin zindanda çarmıxa çəkildiyi haqqında mətbuata məlumat verdi. Budur, Abbasın anası Rəhimə ana yenə də ümidli, yenə də mübariz və yenə də üsyan edir haqsızlığa, ədalətsizliyə.

Nardaran işi-2 məhkəməsindəki məhbuslardan biri də Nahid Qəhrəmanlı idi. O, naxçıvanlıdır və bunu hamı bilir ki, bu gün bu bölgənin adamları daha çox vəzifəyə irəli çəkilir, maddi imkanları ölkənin digər vətəndaşlarından daha yaxşıdır. Məhkəmə zamanı anası ilə bir neçə dəfə söhbətim oldu. Uzun illər müəllimə işləyən bu xanım-xatun qadının tövrlərindən anlayırdım ki, oğlunun bu yolu seçməsindən narazıdır: "Nəyi yox idi oğlumun? Mənim oğlum bəy kimi, şah kimi yaşayırdı, ona lazım idi zindan?" O zaman Nahidi zindana salan nə idi? Nahid niyə görə şah kimi yaşamağı deyil, zindana düşəcəyini bildiyi halda ədalətsziliyə qarşı döyüşməyi üstün tutdu?

Elçin Qasımlının atası Kamal dayı məhkəmələrə, tədbirlərə gəlir və nə zaman oğlunu soruşuruqsa bu üzü nurlu ata gülə-gülə- "Şükür Alaha, Elçin lap yaxşıdır" deyir.

Şərlənərək həbs edilən doktor Hacı Mövsüm Səmədovun həyat yoldaşı Mehparə xanımın o möhtəşəm çıxışını unuda bilmirəm. Bir qadın üçün əri ilə bu qədər öyünməkdən böyük səadətmi var?

Vay o adamların halına ki, həyat yoldaşı onun evə daşıdığı milyonlar üçün özündən böyüklərin qarşısında necə kiçildiyini içində dərd edir... 
Şeyx Sərdarın məhkəməsinə yığışmışıq, Masallıdayıq. Şeyxin uşaq kimi saf, üzü nurlu anası oğluna verilən ədalətsiz hökmə bilirsizmi necə reaksiya verdi: "Vallah, Sərdarım həmişə namazını vaxtlı-vaxtında qılıb, orucunu tutub, Allahın yolundan çıxmayıb". Ana çox rahatdır ki, oğlu Allahın buyurduğu yoldadır. Nə gözəl yoldur.

28 may günü Cümuhuriyyətimizin 100 illiyini qeyd etmək üçün Novxanıya, ulu öndərimiz Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət etməyə yığışdıq.

Burada oğlu təzəcə oğurlanaraq həbs edilən və işgəncələrə məruz qalan Ruslan Nəsirlinin anası Məleykə xanımı gördüm. Ailəvi hamısı rayondan Bakıya, Novxanıya ziyarətə gəlmişdi. Əsl bayram ovqatındaydılar.

Heykəlin üstünə tək bircə cümlə yazdığına görə zalımların 10 il həbsə məhkum etdikləri Qiyas İbrahimlinin anası Şura xanımı gördüm bu bayram günündə. Şərlənərək həbs edilən gəncimiz Fuad Əhmədlinin atası Zəfər Əhmədovu gördüm xanımıyla gəlmişdi bayram tədbirinə.

Adını çəkə bilmədiyim gülərüz mehriaban yüzlərlə analar, bacılar, həyat yoldaşları, atalar –qardaşlar gördüm Cümhuriyyət bayramında. Hamısı şən idi, xoşbəxt görnüşləri, sevincləri hamıya sirayət edirdi. Bu insanlar üçün vətənin bayramı övlad ağrısından daha önəmli idi, daha üstün idi. Bax budur bu insanları böyük edən, güclü edən, ağrıya, acıya dözümlü edən. Daha böyük duyğularla, hislərlə yaşamaq, vətəni canından və canından çox sevdiyi övladından çox sevmək böyüklüyü...

Zalımlar- bu vətənin bütün sərvətlərini sümürüb şəxsi var-dövlətinə çevirənlər bu böyüklüyü anlamazlar. Necə də zavallıdırlar kiçik hisslərlə yaşayanlar....

Seyfəddin Şirvanovun 13 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı məhkəmə hökmü oxunduğu an ananın reaksiyası məni dəhşətə gətirdi: "Eybi yoxdur, mən bir balamı İmam Hüseyn (ə) yolunda, Allahın yolunda, Allahın buyurduğu, vacib bildiyi haqqın yolunda qurban verdim. Təki Allah qəbul eləsin qurbanımızı. Min şükür bu günümüzə"... Bu anı ifadə etməyə sözün gücü tükənir...

Bu Həzrəti Zeynəbin Yoludur. Bizə bəlli olan və bizim yolçusu olduğumuz müqəddəs Yol. O Zeynəb ki, bütün əzizləri ədalət yolunda, zalımla döyüşdə Şəhid olmuşdu. Zeynəb zalımın, min illərin lənətlədiyi zalımın sevincinin üsütnə bircə cümləsiylə su tökdü: "Vallah nə qədər baxıramsa burada gözəllikdən başqa heç nə görmürəm." Nə gözəldir Allahın buyurduğu yolun Şəhidi olmaq.

Yadıma bilirszmi nə düşdü? Lap qədimdən də qədim yunan əfsanəsində deyilir ki, keçmişdə Yer üzündə ancaq ölməz tanrılar yaşayırmış. Tanrılar insanları və digər məxluqları yaradıb yer üzünə səpələmək qərarına gəlirlər. Tanrıların tanrısı Zevs Prometeylə qardaşı Epimeteyə yaradılmış insanlara və məxluqlara gözəllik və qüvvə payalamağı tapşırır. Bölgü apararkən "bacarıqsız" ləqəbli Epimetey bütün yaraşıq və quvvəni heyvanlara paylayır. Paylarına heç nə düşməyən insanlar isə köməksiz qalırlar.

Prometey insanların dostu olduğundan bu ədalətsizliyi aradan qaldırmaq məqsədilə Afinadan müdrikliyi, Hefestin emalatxanasından isə odu oğurlayaraq insanlara verir. Odun köməyi ilə insanlar qızınır və yaşayıb-törəyir.

Prometeyin bu hərəkəti Zevsin hiddətinə səbəb olur və cəzalandırmaq məqsədilə onu Qafqaz dağlarının zirvəsində zəncirləməyi tapşırır. Burada qartal qolları dağa zəncirlənmiş Prometeyin qaraciyərini didib yeyir və parçalanmış qara ciyər yenidən bərpa olunur.

Prometey insanları xilas etdiyi üçün zalım Zevs onun qaraciyərini otuz il ərzində qartala yem edib. Lakin bütün zamanların öz Xilaskarı var. Haqq üçün döyüşən və bu yolda əzab çəkən hər bir insanın bir Xilaskarı var. Prometey də xilas edildi və ölməzliyə qovuşdu. Çünki o, insanları xilas etmişdi. Bu bir əfsanədi, amma kökündə o qədər dərinlik var ki. Axı doğrudan da insanlıq üçün döyüşənlər ölmürlər, sadəcə dünyalarını dəyişirlər.

Bir də yeri gəlmişkən Prometey titanların övladı idi. Əlbəttə, insanın zatı qırıq olsa, o ədalət məvhumunu anlamaz ki.

Xatırladınızmı? Tale Bağırzadə də odumuzu oğurlayıb, düşmənlərə verənləri tənqid etmişdi: "Niyə görə Allahın Azərbaycan xalqına göndərdiyi qazı burdan -bura Nardarana pulla vermirsiz, amma ermənilərə havayı verirsiz" sualını verdiyi üçün onu məhz Nardaranda həbs etdilər.

Bu ədalətszilik və ədalətsizlikə mübarizə dünya ilə birgə yaranıb. Nə qədər dünya var o qədər ədalətsizlik olacaq, o qədər də mübarizə olacaq. Axı bütün insanlar eyni amal üçün yaşamır. Kimlərə dünya varı, kimlərə ədalət tərəzisi önəmlidir.

Amma bütün zalım qövümlərin sonunu gətirəcək bir Xilaskarı gözləyib məzlumlar hər zaman.

Zülümün, ədalətsizliyin artmağından qorxmayanlar Xilaskarın-Zamanın Sahibinin (ə.fş) zühurunu gözləyənlərdir. Amma Zamanın Sahibinin (ə.fş) gəlişini susaraq, əllərini yanına salıb gözləmək Onun gəlişini yubadır. Yalnız müabrizə, üsyan və mübariz insanların yolunda çəkdiyimiz əzablar bu gözəl Gəlişi tezləşdirəcək. Baxın, bu ümid, bu inamdır sümük ağrısını, can ağrısını heç edən, qırılmış sümüyün ağrısını təbəssümlə, çarmıxa çəkilmiş canın ağrısını üsyanla, artıq həyatda olmadığı ehtimal edilən ərin Şəhadətini şükürlə qarşılamaq səbəbi.

Baxın, hər kəsin övladı, əri, oğlu, qardaşı, bacısı, anası Xilaskarın Ordusunun Əsgəri seçilmək şərəfinə yüksəlməz. Bu şərəfli Yol üçün, bu şərəfli Döyüş üçün Seçilənlərin yaxınları, qardaşları-bacıları, ataları-anaları, övladları nə qədər xoşbəxtdir.
And içirəm cihad zamanı tövşüyə-tövşiyə qaçan atlara Sizlər yer üzünün və axirətin Cənnətinin əbədi sakinlərisiz.

P.S
Ramazan bayramınızı təbrik edirəm dəyərli oxucularımız.
Bu gözəl bayramda, cümə günündə sizi kədərləndirmək istəmirəm. İnanıram ki, bu mübarizədə gülə-gülə güllə üstünə gedənlərimizi hər gün dualarınızda yad edirsiz və onlara Allahdan izzətli azadlıq, arzularının reallaşacağı o xoş günü arzulayırsız.


Arzu Abdulla
2018-15 iyun."

DİQQƏT! DİQQƏT!

Dəyərli oxucularımız vetenugrunda.az saytının "Zindana məktub..." layihəsi iyul ayının sonuna qədər davam edəcək.

Layihəyə göndərilən məktubların çoxluğu və oxucularımızın, zindandakı məhbusların yaxınlarının xahişi ilə layihəmizin vaxtını uzatdıq.
Bu gün zindanlarda yüzlərlə günahsız insanımız olmayan suçunun cəzasını çox ağır şəkildə çəkir.

Siz onlara ürək sözlərinizi, fikirlərinizi ifadə edən məktublarınızı bizə göndərin biz bu məktubları dünyaya çatdıraq. Siz zindanlarda məhkumluq həyatı yaşayan, isti yuvasından, doğma od-ocağından, əzizlərindən ayrı düşən məhbuslarımıza məktub yazın.

Məktublarınız vetenugrunda.az saytında yayımlanacaq və eyni zamanda bütün məktublar "Zindannamə" adlı kitabda işıq üzü görəcək. 

Məktublarınızı Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına və facebook səhifəmizə (Vətən Uğrunda İctimai-Siyasi Qəzet) göndərə bilərsiniz.
Layihəmizə qoşulan hər kəsə təşəkkürümüzü çatdırırq.
Vetenugrunda.az

Top
JoomlaLock.com All4Share.net