Zindandan Ramazan təbriki: "Vətəni sevmək də imandandır"
Featured

17 İyun 2018

Şərlənərək həbs edilən siyasi məhbus Sahil Rzalı Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə təbrik edib:

“On iki ayın sultanı Mübarək Ramazan ayının gəlişi münasibətilə dəyərli xalqımızı təbrik edirəm! Allah tutduğunuz orucları və etdiyiniz bütün duaları qəbul etsin!

İnanıram ki, bu gözəl günlərin fürsətindən istifadə edib hər namazda günahsız məhbuslara izzətli azadlıq arzulamısız.

Biz bu məhbusluq həyatını bir sınaq dönəmi kimi qəbul etmişik və tükənməz Mərhəmət Sahibindən bu sınaqdan üzüağ çıxmağımıza yardım etməsini diləyirik.

Azərbaycanımızın ən acı dərdlərindən birincisi də işğal olunmuş torpaqlarımızdır. Allah bizə işğaldakı torpaqlarımızı azad etmək imkanı versin. İnanıram ki bu gün xalqımın minlərlə qeyrətli övladı bir çağırışa, bir əmrə müntəzirdi ki öz canını vətən torpaqları uğurunda Şəhadət zirvəsinə ucaltmağa can atsın.

Dəyərli xalqım və bütün dünyadakı müsəlmanları Ramazan bayramı münasibətilə bir daha təbrik edirəm. Qarabağ bizim yaralı yerimizdir, Qüds isə bütün müsəlman dünyasının qırmızı xəttidir. Amma bu iki məkanı birləşdirən xeyli ortaq nöqtələr var. Məsələn, həm Qarabağ, həm də Qüds müsəlman torpaqları olduğu üçün burada daim günahsız insanların qanı tökülür. Qarabağın da işğalı, Qüdsün işğalı kimi min illər öncə başlamış səlb yürüşünün davamıdır. Sionist İsrail rejiminin dəstəkləyən işğalşı ABŞ hökuməti öz səfirliyini Qüdsə köçürməklə minlərlə günahsız fələstinlinin qanını tökdü. İki ayağını vətəni Fələstinin azadlığı uğrundakı döyüşlərdə itirən Əbu Salahın və 21 yaşlı tibb bacısı Razan Naccarın bu döyüşlərdəki Şəhadəti bir daha göstərdi ki vətən torpağından düşmənə pay verilməz. 6 aylıq Leylanın Fələstində, iki yaşlı Zəhranın Qarabağda Şəhid edilməsi isə müsəlman düşmənlərinin nə qədər qəddar və amansız olduğunu bütün dünyaya sərgilədi.

Dəyərli xalqım, dəyərli müsəlman bacı və qardaşlarım, Allahdan bu amansız döyüşdən qalibiyyətnən çıxmağımızı hər namazda dualar zamanı istəmənizi rica edirəm.

Bu müvəqqəti dünyada axirətimizi qazanmaq üçün şərtlərdən biri də imanımızı, dinimizi qorumaqdır. Vətəni sevmək də imandandır. Vətənimizi və dinimizi sevək və bu yolda Şəhadət zirvəsinə ucalmağı Uca Yaradandan hər an diləyək!”

Top
JoomlaLock.com All4Share.net