Onun dilində Allah kəlməsi, ölü və sönük deyil...
Featured

24 İyun 2018

23 iyun Müsəlman Birliyi Hərəkatının sədri, şərlənərək həbs edilən Tale Bağırzadənin doğum günüdür. Dünən 8-ci dəfə mövludunu zindanda qarşılayan Tale Bağırzadənin 34 yaşını bütün haqsevər insanlar böyük sevgi və coşqu ilə qarşıladı.

Tanınmış vəkil Yalçın İmanovun Tale Bağırzadə haqqında yazdığı ürək sözləri isə daha çox diqqət çəkdi.

Vetenugrunda.az vəkil Yalçın İmanovun yazısını olduğu kimi oxucularının diqqətinə çatdırır:

Yalçın İmanovdan
İlahiyyatçı Tale Bağırzadənin ad gününə

"Onun dilində Allah kəlməsi, ölü və sönük deyil, əksinə dipdiri və canlıdı.

2 il öncə, düppədüz iyulun 19-da, yayın qora bişirən vaxtlarında Bakı Ağır Cinayətlər Məhkəməsinin ən böyük, ancaq məhkəmə zalından daha çox, nəsə uzunsov və ensiz bir dəhlizi xatırladan zalında əyani tanışlığımız oldu.
Həmin vaxta qədər qiyabi tanyırdım onu, mətbuatdan fəaliyyətini ara-sıra izləyir, tez-tez həbsə düşməsini, sonra çıxmasını, eyni şövqlə mübarizəsini davam etdirməsini eşidirdim.
“Yaxşı igidin adını eşit, üzünü görmə” deyimi işlək düstur deyil. Necə yəni, yaxşı igidin adını eşit, üzünü görmə? Üzünün görülməsini istəməyən igid nəsə problemli olmasın? Bu deyimlə müdrik atalar hansısa arxetipə, hansısa nöqsana eyham etmiş olmasın ki,? Onun bütün çıxışlarında kişi harayı var.
Mən bunu peşənin tələb etdiyi sadə bir işlə, ona qarşı irəli sürülmüş ağır ittihamların hüquqi əsasına çevrilmiş çıxışlarını incələyəndə duyub, hiss eləmişdim.
Bu çıxışların demək olar ki hamısı “Youtube”-da var, istəyən və həvəsi olan nəzərdən keçirə bilər.

Bir var qadın harayı və bunun ətrafda doğurduğu emosiya, bunun təbiəti və yozumu az-çox əksəriyyətə məlumdu, bir az çıxılmazlıq, bir az əlacsızlıq, bolluca kədər.

Bir də var kişi harayı, bu nəsə izaholunmaz bir şeydi. Anladığım, bir az meydan oxuyan, bir az məğrur, ulduzlu göylərə həsrət çəkən, yer həyatından utanan, bir azacıq da kədər əhvalı.
Ancaq bu da hamısı deyil.

O, üz qoyduğu doğma torpağına elə o əzmlə də ayaqlarını möhkəmcə dirəyib, gərgin və qeyri-bərabər mübarizəsini aparırdı.

Kişi harayı dedim, bunu yazmadan keçinmək olmur.
O, birinci həbsindən (2011-ci ildə) çıxandan az sonra ikinci həbsinə əsas olmuş 2013-cü ildəki xütbələrinin birində “atam da dayansa qabağımda, yenə də bu yoldan dönməyəcəm”,- deyirdi.

Və yaxud 24 oktyabr 2015-ci ildə 3-cü həbsinə səbəb olmuş Maştağadakı məscidlərin birində Aşura çıxışında ölkədəki qanunsuz həbslərdən və bu prosesin sonrakı inkişafından danışır və deyir: “Allah qoymaz! Allah zülmün evini dağıdar!”

Onun dilində Allah kəlməsi, ölü və sönük deyil, əksinə dipdiri və canlıdı.
O, Allahın haqqa kömək vədəsini elə tövrd, inam və intonasiyayla xatırladır ki, adam bir anlıq ayaq saxlayıb dayanmalı olur.

Vəkillik peşəsinin kefi-damağı elə həm də ondadı ki, ən müxtəlif adamları ən müxtəlif sutuasiyalarda müşahidə eləmək kimi unikal fürsət qazanırsan.
Mən onu ən müxtəlif məqamlarda - ən gərgin qarşıdurmalarda da, ən həssas hadisələrdə da müşahidə eləyə bilmişəm.
O, gərgin situasiyalarda necə mətin və özünə arxayındısa, bunun əksi olan vəziyyətlərdə də elə o qədər də həlim və kövrəkdi.
Və qəribəsi də budur ki, bu bir-birinə əks olan xarakter əlamətləri üzvü şəkildə bir-birini tamamlayıb, bütövləşdirir. Yəqin elə bu səbəbdəndi ki, onu sevməyənlər, ona nifrət edənlər və yaxud da ona ağır işgəncə vermiş yekəpər, pəzəvəng polis əməkdaşları belə ya istintaq təcridxanalarında, ya qızğın məhkəmə proseslərində, ya da həbsxanada onunla ünsiyyətdə dərhal özünü yığışdırır, mümkün qədər səliqəli və ehtiramlı xitab edirdi.
Bu, onun yeganə təzadı deyil. Onunla istənilən mövzuda, o cümlədən sarsılmaz inamına zidd mövzularda belə rahat və açıq, bəzən şirin zarafat dolu mükalimələr, müzakirələr aparmaq olurdu.
Ateizmə aid kitabları davamlı oxuyur, təhlillər aparır, nəticələr çıxarır, amma gördüyüm qədərincə heç bir halda bu mütaliə prosesi əks arqument toplamaq, yaxud mövqelərini gücləndirmək niyyəti daşımırdı, daha çox dünyaya açıqlığı, dünyanı bütün al-əlvan rəngləri ilə birlikdə görmək, duymaq istəyindən irəli gəlirdi.
Bu mənada, o, mənə bir az da ilahiyyatçıdan daha çox, inqilabçını xatırladır.
Bilirəm, mübahisəli fikirdi. Amma onun coşğun və barışmaz naturasının, suyumsuz və adama gələn bu hakimiyyətlə ölümünə dirəşməsinin qaynağı təkcə inancı deyil.
Bu tempdə savaş, bu cür gərgin və “tez yaşayan” adamın, məntiqlə başqa anadangəlmə keyfiyyətləri də olmalıdı.

Yox, əgər, yalnız və yalnız onun ilahiyyatçılığında israr edəcəyiksə, onda bu inam haqda çox ciddi düşünmək lazımdı.

Onun adı Taleh Bağırovdu.
Bir sıra hallarda Taleh Bağırzadə də yazırlar.
2011-ci ildən bu yana cüzi fasilələrlə azadlıqda qalan (6 may 2011-ci ildə hicabın qadağan olunmasına etiraz aksiyalarında iştirak etdiyi üçün 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
6 noyabr 2012-ci ildə azadlığa çıxıb.
2013-cü ilin 31 martında narkotik ittihamıyala yenidən həbs edilib.
Bu dəfə 2015-ci ilin 30 iyulunda azadllğa çıxıb.
Həmin ilin 26 noyabrında yenidən həbs edilib), cavan ömrünün əsas dövrünü həbslərdə keçirən, 2036-cı ildə azadlığa çıxacağı gözlənilən siyasi məhbus.

Çox zaman onun adının sonundakı “h” hərfi də atılır, eləcə qalır Tale.
Mən özüm şəxsən bunun şahidi olmuşam ki, o, adının məhz elə bu cür – “Tale” yazılmasını xahiş edib.
Və dəqiq xatırlayıram ki, həmin vaxt bir az təəccüblənib, niyəsini soruşmaq istəmişdim, amma dərhal da bu istəyim yaddaşımdan çıxıb, unudulmuşdu.

Amma indi anlayıram.
O, qatı qaranlığa bələnmiş hazırkı ölkədə öz adını həyatına, ömrünün mənasına çevirmiş çox azsaylı, tək-tük adamlardan biridi.
Belə bir ömrə təbii ki, “h” hərfi artıqlıq eləyər.
Axı “Taleh”də bir qəzavü-qədər assosiasiyası var, “Tale”dəsə şüurlu seçim.

Bu seçimdə Qobustan çöllüyündə, istinin adamın beynini deşib, qəlbini qovurduğu boz, adi günlərdə konvoyların əhatəsində, əllərində qandal, cəld, amma əmin və qətiyyətli yerişlərlə addımlayan, gülərüz, işıqlı bir sima bütün öləri dəyərlərlə mərcə girib, öcəşir...

2018-23 iyun

Top
JoomlaLock.com All4Share.net