Rasim Kərimova məktub var: "Aydınsız xalq başı kəsilmiş bədəndir"-ZİNDANNAMƏ
Featured

25 İyun 2018

Dəyərli oxucularımız, vetenugrunda.az xəbər portalının təşkil etdiyi "Zindana məktub" layihəsi avqust ayına qədər davam edəcək.

Növbəti məktubu jurnalist Arzu Abdulla "Səid Dadaşbəyli və onun dostları" adı altında həbs edilmiş Rasim Kərimova ünvanlayıb. Bu gün ömrünün 12-ci mövludunu zindanda qarşılayan Rasim Kərimov 37 yaşına qədəm qoyur.

Məktubu təqdim edirik:

"Aydınsız xalq başı kəsilmiş bədəndir 

Ömrünün 12-ci mövludunu zindanda qarşılayan günahsız məhbus Rasim Kərimov iki ali təhsil alıb və 5 xarici dil bilir. Hacı Rasim 25 yaşında həbs olundu, bu gün 37 yaşına keçir. Yəqin ki, normal ölkədə doğulsaydı indi ya parlamentdə oturmuşdu, ya da dövlətin digər ali qrumlarında xalqının uğurlu gələcəyi üçün çalışırdı.

Lakin bu istedadlı gəncləri keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov həbs etdirdi. Özü də əksəriyyətini saxta pul dövriyyəsi və vətənə xəyanət ittihamı ilə suçladı. Sonradan Eldar Mahmudov haqqında ölkənin təhlükəsizlik idarəsinə məxsus sirləri xarici ölkələrə ötürmək və çirkli pulların yuyulması barədə ittihamlar səsləndirildi və o, işindən uzaqlaşdırıldı.

Amma bütün bunlara baxmayaraq, Azərbaycanın çox savadlı 15 gənci hələ də zindanlarda saxlanır. Nə baş verir? Məgər öz vəzifəsindən sui- istifadə edib vətənə xəyanət edən keçmiş nazirin keçmiş fəaliyyətində ancaq dindarlara qarşı etdiyi cinayət faktı təqdirəlayiqdir? Niyə? Ancaq dindar və ziyalı olduqları üçün? Əlbəttə. Çünki dindarlara və aydınlara qarşı amansız mübarizə bu gün də davam edir.

İki və ya 3 ali təhsilli gənc, 5 xarici dil bilən gənc, ABŞ-ın ən nüfuzlu universitetlərindən birinin məzunu, sosioloq, psixoloq, politoloq, Qarabağ döyüşçüsü, Quran hafizi, Rusiyada ali təhsil almış və işləmiş məşhur həkim-bütün bunlar ayrı-ayrı insanlardır və hamısının bu gün Azərbaycan zindanlarında ömrü oğurlanıb məhv edilir. Bütün bu adamların hamsı şərlənərək həbs edilib. Bütün bu adamlara bu xalqın o qədər dərin ehtiyacı var. Amma bu gün telekanallar xalqa qəssabı həkim adına, oğrunu, falçını sosioloq adına, əxlaqsızı vəkil adına sırıyır.

... Uşaq vaxtı “Bir qalanın sirri” filminə hamımız baxmışıq. Xalqın suyunun qarşısını kəsən göygöz kosa və tamahkar xan... Susuzuluqdan yanan xalq...

Uşaq vaxtı müharibənin insan həyatını necə məhv etməsindən bəhs edən “İnsanın taleyi” filminə baxdıqdan sonra ilk dəfə düşmən obrazını və müharibə mənzərəsini tanıdım. Filmin məzlum qəhrəmanı Sokolovun bütün həyatını müharibə və amansız düşmən məhv edir. Düşmən kimdir və necə olur? Düşmən çox amansızdır və səni yox etməyincə əl çəkmir.

Digər bir müharibə filmində faşistlərə əsir düşmüş adamın vəhşicəsinə döyüldüyü səhnədən qorxmuşdum. Bu filmə baxdıqdan sonra vəhşi adam obrazı yarandı gözümdə.

Amma o dinc sovet dönəmində heç ağlıma gəlməzdi ki, nə zamansa Azərbaycan müstəqil ölkə olacaq və bu müstəqil ölkənin vətəndaşlarını heç bir günahı olmadığı halda Sokolovun həyatı kimi bir gündə bütün həyatını viran qoyacaqlar.

Heç vaxt inanmazdım ki, insanları, özü də inanclı dindar insanları günahı olmadığı halda karsa salıb günlərlə ac-sussuz saxlayacaqlar, göygöz kosa xalqın suyunu əlindən alıb sussusuzluqdan qırdığı kimi.

Heç vaxt inanmzadım ki, günahı ancaq Allahı hamıdan çox sevməsi olan inanclı insanın namaz üstündə vurub ağzını partladacaqlar və qanı canamazın üstünə axacaq.

İnanmzadım ki, günahsız adamları evlərinin içində güllələyib- öldürüb, sonra meyitinin üstündə gəzəcəklər. Sağ qalmışlarına elektrik cəryanı ilə işgəncə verəcəklər dırnaqlarını çıxaracaqlar.

Bir film vardı “Baharın on yeddi anı”. Faşistlər anadan istədikləri ifadəni almaq üçün onun körpə balasını qışın günündə soyuqdan öldürəcəkləri ilə təhdid edirlər.

XXI əsrdə müstəqil ölkəmizdə həbs edilən dindarları ailələri ilə təhdid edirdilər. Filan ifadəyə qol çəkməsən arvadını gətirib burda...

Zindandakı günahsız aydınlarımızı xatırladıqca yadıma motivasiya müəllimi Nick Vujicici düşür. Nick deyir ki, 8 yaşımda duydum ki, heç vaxt başqaları kimi olmayacam. Qollarım və ayaqlarım olmadığı üçün evlənə bilməyəcəyəm. Amma həvəsdən düşmədim. Bəli, qolları, ayaqları olmayan Nickin motivasiyaya ehtiyacı yoxdur. O, özü motivasiya müəllimdir və bu gün xoşbəxt ailə başçısı, 3 uşaq atasıdır. Çünki onun qolları, ayaqları olmasa da arxasında dayanan, diqqətini qayğısını, sevgisini əsirgəməyən, onu ayağa qaldıran dövləti var.

Tale Bağırzadənin bir çıxışı var. Bu gün bütün valideyinlərə məsləhət görərdim ki uşaqlarına bu çıxışı dinlətdirsinlər. T.Bağırzadə bu çıxışında gənclərimizin özünəinamlı, güvənli böyüdülməsi, xalqını, vətənini sevməsi üçün onların tariximizi bilməsini vacib sayır və deyir ki, bu gün gənclərimizə demiyin sənin dövlətinin 25-30 yaşı var. Gənclərə deyin ki, Azərbaycanın qədim və zəngin dövlətçilik tarixi var. Sənin Şah İsmayılın, Cavad Xanın, Şah Təhmasibin olub. Qoy bu gənclər özlərinə güvənsinlər, böyük bir xalqın nümayəndəsi olduqlarından qürur duysunlar. Tale Bağırzadəni bu çıxışlarına görə terroçu damğası ilə həbs edib 20 il cəza verənlər “25 il öncə yoxdan dövlət yaradıldı Azərbaycanda” deyənlərə Milli Qəhrəman adı verir. İndi diqqətlə müqayisə edin görün, milli qəhrəman adına kimdir daha çox layiq olan?

Bu məktubu bu gün 12-ci dəfə mövludunu zindanda qarşılayan günahsız məhbus, istedadlı gəncimiz Rasim Kərimova yazıram.

Dəyərli Rasim bəy, bilirsimzi Rohannada müsəlmanları kütləvi şəkildə qətlə yetirən bütpərəstlər son günlər qətliamı daha dəhşətli üsulla əvəz ediblər. Onlar müsəlmanların oxumuşlarını, təhsil almışlarını oğurlayır və həbsxanalarda öldürür.

Vəssalam. Bir xalqı məhv etmək üçün onun aydınlarını yox etmək kifayətdir. Çünki aydını olmayan xalq başsız bədəndir.

Bilirsizmi yadıma nə düşdü? 2013-cü ildə qaraçı kralı Çioab 58 yaşında öldü. Onu kondisonerli və işıqlandırma ilə təmin edilmiş şüşəli tabutda dəfn etdilər. Dəfn mərasimində Rumuniya prezidenti də iştirak etdi və kralın qəbrinə əklil qoydu. Savadsız qaraçılar tələsik onun oğlu Dorin Çioabi atasının yerinə kral elan edib başına tac qoydular. Heç nə, cavadsızlığın nəticəsi olan cəhalət...

Amma qaraçı kralının dəfn mərasimindən daha çox ölümündən sonra tapılmış məsləhətləri əks səda yaratdı. Çioab qaraçı xalqına çox önəmli nəsihət qoyub getmişdi: Əziz qaraçı xalqım, bizim heç vaxt dövlətimiz olmadı. Nə qədər zəngin yaşasaq da bütün dünyada bizə qarşı olan anormal baxışın bir səbəbi var -təhsilsizlik.

Qaraçı xalqı ancaq oxuyub təhsillə təmin olunub, elm yolunu tutsa onun dövləti də olacaq və bir xalq kimi özünü bütün dünyaya, tarixə sübut edəcək.

Qaraçı kralı öz xalqını necə də çox sevirmiş...

Rasim bəy, Sartrın bir yaxşı sözü var deyir insan sahib olduqlarının deyil, reallaşdırmaq istədiklərinin cəmidir. Bu gün bu ölkədə vəzifəyə və milyonlara sahib olanların bir cümləsi onların aciz, cılız içlərni elə kəskin şəkildə ifadə edir ki, heç düşmən də onları o şəkildə təqdim edib rüsvay duruma sala bilməz. Sartr çox uzaqgörənmiş.

Birdə biz bu dünyaya hərəmiz bir missiyanı yerinə yetirmək üçün göndərildik. Sizlər bu gün zülmətə qərq olmuş, qaranlıq zindanları gülsütana çevirmək missiyasının sahiblərisiniz. Allahın seçilmiş mələklərisiniz. Təki işığınız, ziyanız azalmasın. Ziyanız, içinizdəki iman nurunuz bütün qaranlıqları işıqlandıracaq, bütün bağlı qapıları açacaq.

Mənim genim isə uşaqlıq dünyamdan min illər öncəni daşıyır qəlbimə və mənə xatırladır 6 aylıq Əli Əsgərin 3 başlı oxla vurulduğu o mənzərəni. Düşmən çox amanszıdır, körpə uşağı parçalayacaq qədər amansız. Kimdir düşmən? İşığa, aydına zidd olan şər qüvvələrdi düşmən.

Rasim bəy, içinizdəki iman nuru bütün qaranlıqları, bütün şər qüvvələri yenəcəyi gün uzaqda deyil. O günün yaxınlaşması arzusuyla Mövludunuz mübarək!

Arzu Abdulla-jurnalist

2018-25 iyun.”


YADDAŞ

Kərimov Rasim Rafiq oğlu 1981-ci ildə Bakida anadan olub. 60 saylı orta məktəbin rus bölməsini və Bakı İslam Universitetini bitirib.
11 yasindan ibadət edir. Heç bir partiya və təşkilatin üzvü deyil. 2007-ci ildə kecmiş MTN şefi Eldar Mahmudov 15 nəfər istedadlı ,bir neçə xarici dil bilən gəncləri "Səid Dadaşbəyli və onun dostları" adi altında şərləyib həbs edib.

Rasimi Həcc ziyarətindən dönəndə, təyyarədən enən kimi zəvvarların gözü qarşısında başına torba keçirib aparıblar.
Bütün gecəni ailəsi onu axtarsa da sabahı günü mətbuatda yayılan məlumatdan sonra həbs edildiyini biliblər.

11 aylıq MTN təcridxanasında verilən işgəncələrdən sonra qapalı məhkəmədə 10 nəfərə dövlət cevrilişi, vətənə xəyanət maddələri, 5 nəfərə isə saxta pul maddələri verildi. Hakim Ənvər Seyidovun rəhbərliyi ilə keçirilən ədalətsiz və saxta məhkəmədə 10 nəfərə hər birinə 12-14 il iş verməklə Azadlıqdan məhrum edib.

Dindirmə zamanı Emin Məmmədov işgəncələrə dözməyib ölüb.
Rasim Kərimovun anası İradə xanım deyir ki, məhkəmənin hökmünü əlimizə aldıqda biz analar şoka düşdük: bu gəncləri həm şiə, həm sünni, həm xrsitian, həm də mason kimi göstərmişdilər. Bir birinə zidd olan təriqətlər.

Hacı Rasimə 13 il iş kəsiblər. Hazırda xarici və yerli hüquq təşkilatçıları onları siyasi məhbus kimi daxil ediblər.
Qeyd edək ki, Rasim Kərimov 11 saylı cəza çəkmə müəsisəsində hicab məhbusu Hacı Abgül Süleymanovla birgə saxlanılır.


DİQQƏT! DİQQƏT!

Dəyərli oxucularımız vetenugrunda.az saytının "Zindana məktub..." layihəsi iyul ayının sonuna qədər davam edəcək.
Layihəyə göndərilən məktubların çoxluğu və oxucularımızın, zindandakı məhbusların yaxınlarının xahişi ilə layihəmizin vaxtını uzatdıq.
Bu gün zindanlarda yüzlərlə günahsız insanımız olmayan suçunun cəzasını çox ağır şəkildə çəkir.
Siz onlara ürək sözlərinizi, fikirlərinizi ifadə edən məktublarınızı bizə göndərin biz bu məktubları dünyaya çatdıraq. Siz zindanlarda məhkumluq həyatı yaşayan, isti yuvasından, doğma od-ocağından, əzizlərindən ayrı düşən məhbuslarımıza məktub yazın.

Məktublarınız vetenugrunda.az saytında yayımlanacaq və eyni zamanda bütün məktublar "Zindannamə" adlı kitabda işıq üzü görəcək.

Məktublarınızı Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına və facebook səhifəmizə (Vətən Uğrunda İctimai-Siyasi Qəzet) göndərə bilərsiniz.
Layihəmizə qoşulan hər kəsə təşəkkürümüzü çatdırırq.
Vetenugrunda.az

Top
JoomlaLock.com All4Share.net