Sosial Müdafiə Fondunun 11 rayon şöbəsinin müdiri işdən çıxarıldı
Featured

12 İyul 2018

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımı üzrə aparılan ilkin araşdırmaların nəticələri bəlli olub.

Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat veriblər. Nazir Sahil Babayev bildirib ki, qanunsuz şəkildə sosial yardım alan ailələrin müəyyən olunaraq yardımla təminatının dayandırılması, eyni zamanda, sosial yardıma ehtiyacı olan, lakin bu yardımı ala bilməyən ailələrin sosial yardıma əlçatanlığı üçün konkret işlər aparılır.

Ünvanlı dövlət sosial yardımı üzrə yaradılmış İşçi Qrupu mövcud vəziyyət araşdırıb. Belə ki, ailələrin sosial yardım almaq hüququna baxılması üçün müraciət edərkən bəzi hallarda "sövdələşmə"lər, sosial yardım üçün elektron qaydada müraciətin edilməsində köməkliyə görə qeyri-qanuni ödəmə tələb edən işbazların olması kimi hallar ünvanlı dövlət sosial yardım mexanizminə neqativ təsir edib.

Bu hallar, habelə sosial yardım almaq hüququna baxılması üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin şöbələrin əməkdaşları tərəfindən müayinəsində ünvanlılıq, ədalətlilik prinsiplərinin və şəffaflığın pozulması, subyektiv yanaşmaların özünü göstərməsi sosial yardım sistemi ilə bağlı vətəndaşlar arasında haqlı narazılığa səbəb olub.

Son iki ayda aparılan araşdırmalar zamanı fəaliyyətlərində ciddi nöqsanlara yol verdiyi müəyyən olunan DSMF-nin 11 rayon şöbəsinin rəhbəri işdən azad edilib. Hazırda 54 min ailənin (213 min nəfər ailə üzvü) ünvanlı sosial yardımla təmin edilir, hər ailəyə orta hesabla ayda 178 manat sosial yardım ödənilir.(virtualaz.org)

Top
JoomlaLock.com All4Share.net