Dünyəvi qisas-Yalçın İmanov yazır
Featured

12 İyul 2018

Sonuncu "Nardaran işi" də başa çatdı. Bu, Nardaran əməliyyatıyla bağlı sayca 4-cü məhkəmə prosesi olmalıdır. Hərçənd, indi onların sayının o qədər də əhəmiyyəti yoxdu. Ölkənin qanlı periferiyası belə oxşar məhkəmə proseslərinin yaxın gələcəkdə hələ çox olacağını göstərir.

"Nardaran 4"-də təqsirləndirilən 2 nəfərdən biri - Bünyadov Əbülfəz Heybət oğlu dünən ilk 3 ilini qapalı həbsxanada (Qobustan həbsxanası) çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edildi.

2015-ci ilin 26 noyabrındakı əməliyyat Əbülfəz Bünyadovun evində keçirilmişdi. Hadisə vaxtı onun 2 əmisi oğlu öldürülmüş, özü isə ağır yaralanmışdı. Evi, giriş qapısından, mətbəx mebelinə kimi, çöl hasarından həyət ağaclarına kimi başdan-başa güllələnib, sıradan çıxarılmışdı.

Məhkəmə tibb ekspertizasının Əbülfəzlə bağlı rəyində yazılır: Sağ ağciyərin orta payının yaralanması, V-VI qabırğaların sınığı, döş fəqərəsinin qəlpəli sınığı, II-V döş fəqərələri səviyyəsindən onurğa kanalına keçərək onurğa beyninin kobud zədələnməsi ilə müşayiət olunan sağ fəqərəyanı xətt üzrə IV-V qabırğaarası nahiyəsinin boşluğuna nüfuz edən kor odlu silah-güllə yarası, döş qəfəsinin sağ yarısının orta qoltuqaltı xəttlə sağ məməarası nahiyəsinin toxunaraq keçib gedən odlu silah-güllə yarası və s. və i.a.

Əbülfəz Bünyadov bir ildən azca artıq ilkin vaxtlar Daxili İşlər Nazirliyinin hospitalında, sonra isə müalicə müəssisəsində saxlanıldı. 2016-cı ilin dekabr ayında gözlənilmədən həbs qətimkan tədbiri ləğv edilib, evinə buraxıldı.

Gözlənilmədən deyəndə ki, həmin vaxt “Nardaran 1”-in cəmiyyətdə yaratdığı səs-küy, o biri tərəfdən də Əbülfəzin özünün ağır tibbi durumu bu qərarın verilməsində həlledici rol oynadı.

Adamı evinə buraxdılar ki, sakitcə, olan-qalan həyatını yola verib, səssiz-səmirsiz ömrünü başa vursun. Amma Əbülfəz, bu miskin razılaşmaya getmədi. İlk məqamdaca, lik fürsətdəcə Nardaranda nələr baş verdiyini, niyə baş verdiyini, həbsxanalarda başına gətirilənləri gur səslə, arıdıcıl şəkildə danışmağa başladı.

Sonra onun qapısının ağzında niyəsə gecə-gündüz keşik çəkən post patrul xidmət bölüyünün əməkdaşları ən yaxın qohumlarını yanına, evinə buraxmadılar, ən betəri vaxtaşırı müayinə və sarğı üçün yanına gələn həkim xidmətindən məhrum elədilər.

Hərəkət qabiliyyətindən mərhum olan, yalnız başını tərpədən, nisbətən əllərini hərəkət etdirən bu cavan adam kimsəsiz və baxımsız qaldı, evinin içində arxası üstə əbədi məhkum olunduğu çarpayısında tək buraxıldı.

Özü demiş, nəticədə baxımsızlıqdan üfunət iyi verib, iyləndi.

Aydındır ki, Əbülfəz Bünyadov nəinki bu 15 ili, heç onun həbsxanada çəkilməli olan ilk 3 ilini də başa vura bilməyəcək.

Onu 2016-cı ilin soyuq dekabr ayında necə həbsxanadan evinə ölmək üçün buraxmışdılarsa, indi də bu məqsədlə əks istiqamətdə - evindən həbsxanaya yolladılar.

Üç ildir onurğa sütunu zədələnib iflic olan, hətta ən sadə ehtiyaclarını belə müstəqil şəkildə ödəyə bilməyən, bütün məhkəmə proseslərinə təcili tibbi yardım maşınında, xərəkdə gətirilən adamın həbsxana divarları arasında dirigözlü ölüm gözləntisi!

İndi heç yeridirmi ki cinayət prosesinin humanizm prinsipindən, cinayət törətmiş şəxsə verilən cəzanın işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter daşımadığıdan, cəzanın güddüyü məqsəddən, cəzanın çəkilməsinə mane olan ağır xəstəliklərdən, belə xəstəliklərə düçar olmuş şəxslərin cəzanı çəkməkdən azad edilməsindən (qanun normalarından) danışaq?

Bu, nədisə başqa şeydi. Baxmayaraq ki, hardan baxırsan bax, burda dövlətin öz vətəndaşından qisas, intiqam yanğısı, dövlət vendettası görünür. Amma nəyin? Günahsızlığınmı? Yoxsa, susub-barışmamağın?

Əfülfəzin qərarı Azərbaycan məhkəmə sisteminin ictimai rudiment olmasının möhürü, hakim və prokurorlarınsa vicdan hissindən birdəfəlik sünnət olmalarının birbaşa etirafıdır.

Ədalətsizlik axmaq şeydir. Ədalətsizliklə məşğul olmaq ondan da betər. Bu axmaq şeylə məşğul olub, ona gündəlik böyük həvəs və zövqlə qulluq edib, becərməyin sonu yaxşı heç nə vəd eləmir.

Top
JoomlaLock.com All4Share.net