"37-ci illərdə yataq xəstəsini qapalı həbsxanaya göndərmirdilər"
Featured

15 İyul 2018

Taleh Bağırzadə Əbülfəz Bünyatov barədə hökmdən yazdı

Qobustan həbsxanasında saxlanılan ilahiyyatçı Taleh Bağırzadə sədri olduğu Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü Əbülfəz Bünyadov haqqında çıxarılmış hökmə münasibət bildirib.

26 noyabr 2015-ci ildə Nardaranda altı nəfərin qətlə yetirildiyi polis əməliyyatında onurğasından güllələnərək hərəkət qabiliyyətini tam itirən (yalnız başını, qızmən də əllərini tərpədə bilir) Əbülfəz Bünyadov iyulun 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il həbsə məhkum edildi. Bu cəzanın da ilk üç ilini həbsxana rejimində, daha sonra ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hakim qarşısına xərəkdə, arxasl üstə uzanıqlı vəziyyətdə çıxarılan Əbülfəz Bünyadov məhkəmə zalında həbs olundu…

Taleh Bağırzadə bu hökmü "insanlıqdan kənar hərəkət" kimi qiymətləndirib. İlahiyyatçı Qobustan həbsxanasından yazır:

Görünür biz hələ də, bütün baş verənlərə – edilən zülmlərə, ədalətsizliklərə, qanunsuzluqlara rəğmən, kiminlə üz-üzə olduğumuzu tam olaraq dərk edə bilməmişik. Ya da insan dediyimiz varlığı lazımınca dəyərləndirmirik və nəticədə, yataq xəstəsi olan birinin həbsxanaya göndərilməsi kimi bir zalımlığa şahidlik edirik.

Əbüləz Bünyadovun 15 il azadlıqdan məhrum edilməsi, cəzanın ilk üç ilini çəkməsi üçün Qobustan həbsxanasına göndərilməsi xəbərini iyulun 12-də aldım. Açığı, qarşılaşdığım qanunsuzluq və haqsızlıqlara, zülmə rəğmən, buna gedəcəklərini ehtimal etmirdim. Düzdür, Azərbaycan hakimiyyətindən hər şey gözləyirəm, amma daha bu "hər şey"in içində vurub şikəst etdikləri, hərəkət qabiliyyətini tam itirmiş, hətta təbii ehtiyaclarını da təkbaşına ödəyə bilməyən bir insanı həbsə, özü də qapalı həbsxanaya göndərmək kimi vəhşilik yoxdu…

Düşündüm, bəlkə Azərbaycan tarixinin hansısa dönəmində, məsələn, keçən əsrin 37-ci illərində yataq xəstəsini qapalı həbsxanaya göndərmək kimi bir fakt var? Yadıma sala bilmədim.

Siz artıq bütün insani dəyərləri ayaq altına almışdınız. İndi isə sizin üçün ümumiyyətlə, insani dəyərləyin mövcud olmadığını bəyan etdiniz.

İnsanları zorakılığa da, etiraza da siz məcbur buraxırsınız. Bu gün ölkədə baş verən bütün hadisələrin günahkarı sizsiniz. Özünüzü islah etmək əvəzinə, həbsxanaları düşünə bilən insanlarla doldurmaqla məşğulsunuz. Nə düşünürsünüz, bu cür zalımlıqlarınız hakimiyyətinizin ömrünü nə qədər uzada biləcək?

Əbülfəz Bünyadovla bağlı verdiyiniz qərarın insanlıqdan kənar bir hərəkət olduğunu sizə sübut etmək istəmirəm. Hakimiyyətdə olduğunuz müddətdə çox ağır əməllərnin yükünü öz vicdanınıza yükləmisiniz. Heç olmasa, bu dəfə özünüzə acıyın. Bu yükü də vicdanınıza yükləyib ruhunuzu tam, xilas edilməyəcək şəkildə qaraltmayın. Nə qədər gec deyil, özünüzü xilas edin, Əfülfəz qardaşımız haqqında verdiyiniz qərarı dəyişin.

“Allah sizə hidayət etsin” demək istərdim. Amma hələ ki, bunu istəmədiyiniz bəlli… O üzdən, ancaq onu deyə bilərəm ki, Allah sizlərin vicdanına ağrı qismət etsin. Bəlkə o ağrıya bir reaksiya verib, ruhunuzu sağaltmağa çalışasınız…

Top
JoomlaLock.com All4Share.net