"Vəkilliyimizi Zarayamı tapşırmısınız?"-VİDEO
Featured

26 İyul 2018

Telejurnalist Ramal Hüseynov telekanallarda xalqı aşağılama faktlarını qabardıb və tənqid edib.

Vetenugrunda.az R.Hüseynovun paylaşdığı məqaləni oxucuların diqqətinə çatdırır:

"Balaca ölkə olanda nə şou biznesin olur, nə də film industruyası. Bütün dünyada prodüserlər və təşkilatçılar pulu öz sənətçilərinə xərcləyib bu sahələri inkişaf etdirir. Bizim təşkilatçılar isə gah Türkiyə, gah da Rusiyadan şou biznes nümayəndələrini dəvət edir.

Şəhid verən, torpaqlarının 20 faizini düşmən işğal edən, evini, malını-mülkünü itirən, olmazın acılar yaşayan bir xalqın nümayəndələri olaraq erməni məsələsində hər kəsin etiraz etmə haqqı var. Buna hətta hakimiyyət və məmurlar qarşı çıxa bilməz. Qaldı ki, 3-5 kəndini bilməz dəlləklər.

Qarşıma elə şərhlər çıxır, çaşıb qalıram ki, bu adamlar yəni bu ölkənin insanlarıdır? Bu məsələnin oyanı buyanı yoxdu. Hətta heç bir maddi maraq, vəzifə alma hərisliyi belə bu məsələnin önünə keçə bilməz. Bu məsələyə fərqli don geyindirib, edilən səhvi doğru kimi xalqa, millətə sırıyan bütün hər kəs riyakardır, mənliyi yoxdur, milli davasının olmaması bir yana, keyfiyyətsiz və arsızdır.

Heçmi Şəhid verən ailələrin yerinə özünüzü qoymursuz? Bu xalq bu zülmü nədən çəkdi? Nədən bu insanların dəriləri soyuldu, hamilələr şişə keçirildi, meyitlərimiz qurda-quşa yem edildi? Nədən gecə yarı, qışın oğlan çağında insanlar evlərindən meşələrə qaçmaq məcburiyyətində qaldı? Doğmalarını, körpələrini itirdilər? Nədən? Kimin üçün?

Bu gün "Barış" deyən insanlar ermənilərin Qarabağ və Türk məsələsində nə qədər kəskin mövqedə olduğunu bilmirmi?

Barış birtərəfli olmur! İki tərəf də barış istəməlidir. Barışı nədən biz istəməliyik? Bu qədər ağrılı acılı günlər yaşatdılar deyə mi? Yazı yazanda heçmi əlinizi olmayan vicdanınıza qoymursunuz? Siz bəlkə bu acılardan yan keçmisiniz, amma bu acıları iliklərinə qədər yaşayanlara heçmi hörmətiniz yoxdur? Bir Zaranın ölkəyə gəlməməsi sizdə nəyi dəyişəcək ki? Amma etiraz edən çoxluğu az da olsa rahatladacaq. Əgər acı yaşayan xalqın nümayəndələri bu hadisəyə qarşıdırsa heç olmasa bu məsələdə anlayış göstərin. Susun!

Bu həmin televiziyalar, televiziyalara sifarişlər verən həmin məmurlardır ki, hər il Xocalı faciəsi günü yas tutur. İşgal olmuş torpaqlarımızı yad edir. Dünyaya car çəkir.

Xəzər TV, ağzından süd iyi gələn, səsi hələ formalaşmayan bir uşağa xəbər hazırlatdırır və o uşaq çıxıb bu xalqa dərs verir, üstəlik suallar da verir.

Sən kimsən və özünü nə hesab etdin ki bu xalqa çıxıb suallar verdin? Sənin yox o redaktorunun sənə yazdığı suallara elə suallarla cavab verərik.

Xəzər TV başda olmaqla Zara təbliğatını edən bütün kanalların suallarına qarşı suallar var. Nə baş verdi, nə oldu ki, bu gün bir müğənni bütün bu hadisələrin fövqündə dura bildi? Özəlliyi və üstünlüyü nədir? Bizim mədəniyyət və inkişafımızı tərifləmək bir erməniyəmi qaldı? İnsanların sosial şəbəkələrdə etirazının savadsız və yersiz olmasını dəyərləndirmək sizəmi qalıb? O paylaşımlarda təmizə çıxarmağa çalışdığınız müğənninin erməni sevdasını görmədinizmi? Yoxsa görməzdən gəldiniz? Siz göz yuma bilərsiniz hansısa maraqlarınıza görə, amma xalqın acısı və kədəri pula və maraqlara satıla bilməz!

Ağız dolusu yezidi kürdüdür deyirsizniz, erməni olmur lap monqol olsun. Erməni acısı deyə qondarma soyqırıma ağlayan, mahnı oxuyan bir monqol sizin bütün dünyaya car çəkdiyiniz həqiqət tezisini çürütmürmü?

Bu nə pəhriz, bu nə kələm turşusu?

O zaman nə üçün blogger Aleksandr Lapşin həbs edildi? Bu Lapşinin Zaradan fərqi nədir? O da erməni təbliğatçısı idi, bu da.

Televiziyalarda özünü ağıllı sayan redaktorlar bunu bilmirsə nə işi var orda?

Siz hələ "facebook"da status yazıb camaata ağıl verən küt beyinlilərə baxın. Kim inciyir incisin. 

Əsaslandırdığınız şeyə baxın bir. Guya Zara Bakını görəndə gedib erməni xalqına deyəcək ki, kəsin sısinizi, torpaqları qaytarın?

Eynulla erməniləri öz saytında işlədəndə həmən o siz idiniz ki, Eynullanın qorxusundan hamınız bunu xoş görürdünüz. Onlardan bir ikisi Azərbaycandan gedəndə nə açıqlama verdi? Utanma hissiniz yoxdu sizin?

Bu qadın sizin qarşınızda öhdəlikmi götürüb ki, gedəndə bizim vəkilliyimizi edəcək? Belə bir öhdəlik varsa deyin, hamı səsini kəsib otursun.

Bizim vəkilliyimizi Zarayamı tapşırmısınız? Elədirsə niyə Zara? Bu qırılmışın daha çəkili olanı yoxdu? Niyə bir yazar, ziyalı seçilməyib məhz Zara? Hörmətsiz "jurnalistlər", gördüyünüz kimi suallar çoxdur, amma cavabları olmayacaq. Ona görə də, edilən səhvlərdən, heç olmasa belə məsələlərdə xalqın etirazına hörmət edib geri qayıtsanız hörmətli olarsınız. Yoxsa ki, küt beyninizlə özünüzü xalqdan daha ağıllı görüb olmayan başınızdan element uydurmağa gərək yoxdu."

2018-26 iyul

Top
JoomlaLock.com All4Share.net