Əhsən Nuruzadənin apellyasiya şikayəti təmin edilmədi
Featured

08 Avqust 2018

Bu gün (8 avqust) Bakı Apellyasiya Məhkəməsində Müsəlman Birliyi Hərəkatının koordinatoru Əhsən Nuruzadənin şikayətinə baxıldı.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Ə.Nuruzadənin vəkili Fariz Namazlı istintaqın düzgün aparılmadığını bildirdi. O, Əhsən Nuruzadənin şərlənərək həbs edildiyini və bütün ittihamların uydurma olduğunu bildirdi: "Əhsən Nuruzadəni dəfələrlə Müsəlman Birliyi Hərəkatındakı və sosial şəbəkələrdəki fəaliyyətindən əl çəkməzsə, şərləyərək həbs edəcəkləri ilə təhdid ediblər."

Bakı Apellyasiya Məhkəməsi isə Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci ilin 6 mart tarixində çıxardığı hökmü qüvvədə saxlayaraq qaldırılan vəsatəti təmin etməyib. 

YADDAŞ

Ə.Nuruzadə 2017-ci il oktyabrın 6-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Ona CM-nin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham verilib. Onun üzərindən 14.775 qram heroin tapıldığı iddia olunur.

Amma dindar fəal ittihamı rədd edir, narkotikin cibinə idarədə elə polis tərəfindən atıldığını bildirir.

Ə.Nuruzadə bundan öncə də iki dəfə - 19 yanvar və 24 sentyabrda DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, günlərlə onun yaxınlarına yeri haqda heç bir məlumat verilməyib, ardınca da hər dəfə 10 sutka inzibati həbs cəzası verilməsi haqda danışıb. Hər iki məhkəmə qərarında da inzibati həbsin səbəbi eyni göstərilib – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısından keçəndə telefonla danışarkən söyüş söymək, onu intizama dəvət edən polislərə tabe olmamaq.

"Müsəlman Birliyi" Hərəkatının koordinatoru Əhsən Nuruzadə 2018-ci ilin martın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyasının qərarı ilə 7 il azadlıqdan məhrum edilib. 

Top
JoomlaLock.com All4Share.net