Orxan Baxışlı: "Su istədim, mənə su da vermədilər"-MƏHKƏMƏDƏN
Featured

10 Sentyabr 2018

Bu gün (sentyabrın 10-da) Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə AXCP üzvü Orxan Baxışlının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, məhkəmədə iştirak etmək üçün ölkənin ictimai-siyasi fəalları, gənclər, KİV-lər, Norveçin ölkəmizdəki səfirliyinin nümayəndəsi və Orxan Baxışlının valideyinləri iştirak edib.

Orxan Baxışlı məhkəmədə çıxış edib. O, başına gələnləri və həbsinin siyasi səbəblərindən danışıb:

"3 may 2018-ci il tarixdə mərhum jurnalist Elmar Hüseynovun qəbrini ziyarət etdik və orada çıxış etdim. Həbsimin səbəbi də bu çıxış oldu. Çünki 4 gündən sonra məni Elmlər Akademiyası metrosunun yaxınlığında saxladılar. Çıxışımdan çox az vaxt keçmişdi. Məni saxlayıb soruşdular ki, sən Rasim Əliyevsən. Mən də dedim ki, yox. Mənə dedilər ki Rasim Əliyev adlı şəxs sevglisinin telefonunu oğurlayaraq qaçıb. Biz onu axtarırıq. Sən Rasimə çox oxşayırsan. Sonra məni Yasamal rayonundakı 26-cı polis bölməsinə apardılar.

Ordan da 28-ci bölməyə apardılar. Özümü pis hiss elədim, su istədim mənə su da vermədilər.

Evlə əlaqə saxlamaq istədim ki məndən nigaran olacaqlar. Amma icazə vermədilər. Nə də bu müddətdə valideyinlərimə xəbərdarlıq etmədilər. Əməliyyatçı Şirəli Babayev məni yoxladı. Onun əynində dəri gödəkcə var idi. Şirəli Babayev cibimə qoyduğu narkotiki öz gödəkcəsindən çıxarıb cibimə qoydu. Onun məni icazəsiz yoxlaması qanunlarımıza ziddir".

Hakim M. Ağalarov təqsirləndirilən şəxsin ifadəsindən sonra növbəti məhkəmənin 13 sentyabr saat 16:00-a təyin olunduğunu bildirdi.

YADDAŞ

AXCP Gənclər Komitəsinin Ali Məclis üzvü Orxan Baxışlı mayın 7-də axşam saatlarında Bakıda Elmlər Akademiyasının qarşısındakı bağda mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham irəli sürülüb. Mayın 9-da Yasamal rayon Məhkəməsi fəalın barəsində dörd aylıq həbsqətimkan tədbiri seçib. Orxan Baxışlı Milli Şuranın 31 martda keçirdiyi mitinqdən öncə də saxlanılmışdı. Ona polisin qanunu tələbinə tabe olmamaq ittihamı ilə inzibati qaydada 30 sutka həbs verilmişdi.

Top
JoomlaLock.com All4Share.net