Şirkət evindən zorla çıxardığı ailəyə kompensasiya vermir-VİDEO
Featured

11 Oktyabr 2018

2016-cı il, avqustun 13-də evlərindən zorla çıxarılan Şərifzadə ailəsi o vaxtdan bəri kompensasiya tələbi ilə məhkəmələri gəzir. "Fortis Bayıl" tikinti şirkəti Nazirlər Kabinetinin 86 saylı qərarına istinadən, qəzalı halda olan binanı söküb, yerində yenisini tikdiyini deyir.

Onlar sakinlərə tikilməkdə olan yeni binadan ev verməyi vəd etsə də, Şərifzadələr bununla razılaşmır.

“Mən elə bir evdə yaşaya bilmərəm. İlk ona görə ki, oradan məni sürüyüb çıxarıblar. Mənim özümə hörmətim var. Hər şeyi də qanunla etmişəm. Ekspertiza çağırıb, evin qiymətini ölçdürmüşəm. İndi bunlar şəhərin mərkəzində, Bayraq Meydanın yanındakı ev üçün deyirlər ki, "700 manatı götür, hələ Allahına şükür et”- şikayətçi Ülviyyə Şərifzadə deyir.

10 oktyabrda ailənin iddiası ilə məhkəmə prosesi davam edib. “Fortis Bayıl” şirkətinin müdafiəçisi suallarımızı cavablandırmaqdan imtina edib. O, məhkəmədəki çıxışında bildirib ki, şirkət həmin evləri FHN-nin “qəzalı” rəyi əsasında söküb və həmin vaxt evdə heç kim olmayıb. Halbuki ailənin öz çəkdiyi görüntülərdən də bəlli olur ki, ev zorla boşaldılıb. Şirkət nümayəndəsi bildirir ki, iş işdən keçib, indi vətəndaşlara yalnız tikilən binadan ev verə bilərlər.

"Bizi evdən çıxarandan sonra, 39 ailə onlarla müqavilə imzaladı. Qorxularından. Mənə deyirlər ki, sən Avropada yaşamısan, qanuna inanırsan. Bizim inamımız yoxdur. Ona görə razılaşırıq ki, az da olsa pul versinlər"-Ülviyyə Şərifzadə danışır.

Şikayətçi tərəfin vəkili Fuad Ağayevin sözlərinə görə, eyni məsələ üzrə başqa 2-3 ailənin də işi məhkəmədədir: 86 saylı qərara görə istismar müddəti başa çatmış qəzalı binalar sökülməli, yerində yeniləri inşa edilməlidir. Köçürülmə zamanı hüquqi və fiziki şəxslərin mülkiyyəti qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməli və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şərait yaradılmalıdır. Sakinləri narazı salan da qərarın yarımçıq icrasıdır. Onlar şirkətlə razılaşmadıqları halda evlərindən olublar. Üstəlik, qanunsuz saydıqları müqaviləni imzalamadıqları üçün kirayə ödənişlərindən də məhrum ediliblər.

“Mən arzu edirəm ki, bir gün Azərbaycanda qanun işləyəcək. İnsanların dövlətə inamı bərpa olacaq”- Ülviyyə Şərifzadə istəyini bölüşür.

Bundan əvvəlki prosesdə hakim Nurəddin Babayev vətəndaşların kompensasiya tələbini rədd edib. Vəkil Fuad Ağayev deyir ki, bu gün də Bak; Apelyasiya Məhkəməsinin hakimi Rəfael Eyvazov prosesi oktyabrın 23-nə kimi təxirə salıb.

 

Top
JoomlaLock.com All4Share.net