"Gecə səhərə qədər yata bilmirəm ki, indi evim uçacaq"-VİDEO
Featured

19 Oktyabr 2018

17 oktyabr Bayılın Buxta qəsəbəsində torpaq sürüşməsi baş verib. Yaşayış yeri olan bir ev tamamilə uçub. Xəsarət alan yoxdur. Yaxınlıqdakı bir neçə ev də təhlükəli vəziyyətdədir.

“İnan qızım, mən gecələri yata bilmirəm. İndi düşəcək deyib, qorxa-qorxa oturmuşam. Neyniyim, otururam, ağlayıram”.

“Təhlükə deyəndə ki, hamımız qorxuruq. Burada evlər zəncirvari bir-birinə bağlıdır. Qonşunun divarına bir şey olacaqsa, sabah mənim divarımı da eyni şey gözləyir. Üzümü tuturam möhtərəm prezidentimə, bu ölkənin birinci xanımına, xahiş edirəm, bizim evlər, doğurdan da, qəzalı vəziyyətdədir, bizə bir gün ağlasınlar”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, bura sürüşmə, uçqun, yuyulma və çökmə kimi ekzogen proseslərin təsirinə məruz qalan ərazidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Əziz Qaralov həmçinin deyib ki, burada yaşayan sakinlərin köçürülməsi yerli icra strukturlarının işidir. Sakinlərsə Səbail Rayon İcra Hakimiyyətinin onlarla maraqlanmadıqlarını deyirlər.

“Hələbdə yaşayırıq, rəsmən Hələbdə. Bura vurulur, dağılır, sökülür, amma baxan yoxdur. Yiyəsi yoxdur buraların? Necə olur bu, mən onu anlamıram. Gəlsinlər, ölçü götürsünlər. Heç bir kompensasiyaya, kirayə getməyə razı olmayacağıq. Öldürsələr də, razı olmayacağıq. Mən 80 yaşlı anamla, uşağımla gedib küçələrdə qalan deyiləm. 4 qonşum küçədə qalıb”.

Sürüşmə xəbərləri tək Bayıl qəsəbəsilə yekunlaşmır. Badamdar qəsəbəsində oktyabrın əvvəlindən başlayan torpaq sürüşməsi oktyabrın 17-də yağan yağışlardan sonra gərginləşib. Sürüşmə sahəsinin sağ və sol hissələrində çatların genişlənməsi və irəliləməsi qeydə alınıb. Nazirlik sürüşmənin səbəbi kimi burada tikilmiş evlərdə kanalizasiya xəttinin olmamasını, torpağın artıq suçəkmə qabiliyyətini itirməsini göstərir.

Hadisə yerində olan Baş nazirin müavini Hacıbala Abutalıbov bildirib ki, vəziyyət təhlükəli və ürəkaçan deyil. H.Abutalıbov sürüşmənin səbəbinin yalnız 11 villanın yox, yuxarı hissədə tikilən 10 mindən çox evin olduğunu bildirib.

Yağan intensiv yağışlar nəticəsində Səməd Vurğun küçəsində də yol çöküb. Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, sürüşməyə səbəb tikinti aparılan ərazidə istinad divarının olmamasıdır.

Bakı ayağımızın altından niyə qaçır? Torpaq sürüşmələrinin məsuliyyəti kimin üzərinə düşür? Rəsmilər səbəb kimi qanunsuz tikililəri göstərsə də, sakinlər bununla razılaşmır. İqtisadçı Rövşən Əliyev baş verənlərin yanlış idarəetmənin, səhv şəhərsalma qərarlarının nəticəsi odluğunu söyləyir.

Sakinlər ya köçürüləcək, ya burada təhlükə ilə iç-içə yaşayacaq? Bu suallara cavab tapmaq üçün Səbail Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da, qurumdan suallarımızı cavablayan olmadı. Bayılda sürüşmə hadisəsi bu ilin əvvəlində də baş vermişdi. O zaman sakinlər yaxınlıqdakı 163 nömrəli məktəbə yerləşdirilmişdilər. (meydantv)

Top
JoomlaLock.com All4Share.net