Print this page

Fərman Salmanovun adı Rusiyada hava limanına verildi-VİDEO
Featured

29 Noyabr 2018

Alimimizin adının Rusiyada yerləşən hava limanına verilməsi bütün ölkədə və dünyada yaşayan həmvətənlərimizin sevincinə səbəb olub.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Rusiyada hava limanlarına ad vermək üçün keçirilən səsvermə çox gözəl nəticə verib. Bundan sonra Surqut hava limanı məşhur azərbaycanlı geoloq Fərman Qurban oğlu Salmanovun adını daşıyacaq.

Qeyd edək ki, bir müddətdir Rusiyada ölkənin bəzi hava limanlarına yeni adların verilməsinə dair internet üzərindən səsvermə keçirilir. Namizədlər arasında iki azərbaycanlının -geoloq alim Fərman Salmanov və SSRİ-nın qaz sənayesi naziri olmuş Sabit Orucov adları yer tutub.

Qeyd edək ki, geoloq, Sosialist Əməyi Qəhrəmanı Fərman Qurban oğlu Salmanov (1931-2007) — 1961-ci ildə Qərbi Sibirin Tümen vilayətinin nəhəng neft və qaz yataqlarını kəşf edib.

Sosialist Əməyi Qəhrəmanı, Lenin və Stalin mükafatları laureatı, texnika elmləri doktoru, Azərbaycan SSR əməkdar elm xadimi, Sabit Atababa oğlu Orucov SSRİ-nın neft-qaz sənayesinin görkəmli təşkilatçılarından biri idi. 

O, 1912-ci il mayın 30-da Bakıda doğulub, orta təhsilini Bakıda alıb, 1929-31-ci illərdə orta məktəbdə dərs deyib. 1931-36-cı illərdə Azərbaycan Neft Sənayesi İnstitutunda oxuyub. 

1936-46-cı illərdə S.Orucov kompressor təsərrüfatında mexanik, neftçıxarma ustası, Suraxanı mədənlərində direktor olub. "Ordconikidzeneft"in idarə rəisi, "Azərneftkombinat"da qazma üzrə rəis müavini, "Azneftdə" baş mühəndis işləyib. 

1946-47-ci illərdə SSRİ Neft Sənayesi Nazirliyində şöbə müdiri, 1947-49-cu illərdə "Krasnodarneft" birliyində rəisin birinci müavini-baş mühəndis, 1949-53 və 1955-57-ci illərdə SSRİ Neft sənayesi nazirinin müavini, 1957-59-cu illərdə Azərbaycan Xalq Təsərrüfatı Şurasının sədri, Nazirlər Soveti sədrinin müavini, 1959-62-ci illərdə Azərbaycan Nazirlər Sovetinin SSRİ Nazirlər Sovetindəki nümayəndəsi, 1962-65-ci illərdə SSRİ Dövlət Plan Komitəsində neft və qaz sənayesi məsələlərilə məşğul olmuş, 1965-72-ci illərdə SSRİ Neft sənayesi nazirinin birinci müavini, 1972-81-ci illərdə SSRİ Qaz sənayesi naziri olub.

S.A.Orucov Xəzər dəniz neft yataqlarında xüsusilə də neft daşlarında neft çıxarılmasına böyük əmək sərf edib.

SSRİ qaz sənayesinin inkişafında böyük xidmətləri olub. Xüsusilə, Sibirdə qaz sənayesinin inkişafına diqqət yetirirdi. SSRİ Neft komitəsinin sədri və dünya neft konqreslərinin sədr müavini seçilib. "Yüksəkdərinlikli iribloklu dəniz neft buruqları özülləri", "İranın neft sənayesi", "Qaz sənayesi inkişaf yolunda" kimi əsərlərin müəllifidir.

Sabit Orucov dəfələrlə Azərbaycan və SSRİ Ali Sovetlərinə deputat seçilmiş, SSRİ orden və medalları ilə təltif olunmuşdur.

1981-ci il aprelin 20-də Moskvada vəfat edir və Novodeviçi məzarlığında dəfn olunub.

Bakı şəhərində küçə, Urenqoyda yerləşən qaz hasilatı üzrə istehsalat birliyi, Nadım şəhərində sahilyanı küçə, "Kaspmorneftqazprom" birliyinə məxsus gəmi Sabit Orucovun adını daşıyır.

Moskvada həyatının son illərini yaşadığı binanın fasadında xatirə lövhəsi vurulub (heykəltəraş: L. Petruşin, memar: M. Katkova).

Özbəkistanın Xarəzm vilayətinin Xivə şəhərində S.Orucov adına rusdilli məktəb fəaliyyət göstərir.