Ən gözəl iş xalqın haqqını özünə qaytarmaq üçün çalışmaqdır-VİDEO
Featured

29 Yanvar 2019

Bu gün Müsəlman Birliyi Hərəkatının sədr müavini, ilahiyyatçı Elçin Qasımlının doğum günüdür. Elçin Qasımlı Nardaran olayları ilə bağlı şərlənərək həbs edilən siyasi məhbusdur. Onu inanclılar dərin təhlilləri, ədalət və bərabərlik mövzusunda, dini mövzularda etdiyi maraqlı çıxışları ilə sevir. 

Vetenugrunda.az xatırladır ki, 2015-ci ilin 26 noyabrında Nardaran qəsəbəsinə hücum edildi. İftar süfrəsinə yığışmış dindarlar evin içində gülləbaran edildi. Hadisə zamanı 2 polis əməkdaşı və 4 mülki şəxs Şəhid edildi.

Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımlı isə 2015-ci il noyabrın 5-də inzibati qaydada həbs edilib. Nardaranda "Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırzadəyə və onun tərəfdarlarından ibarət qrupa qarşı xüsusi əməliyyatdan sonra onu hakimiyyəti ələ keçirməyə cəhddə, terrorizm, kütləvi iğtişaşların hazırlanması, narkotik maddələrin qanunsuz dövriyyəsi və digər ağır cinayətlərdə ittiham ediblər.

Ona Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində etirafedici ifadə verməsi üçün üçün dəhşətli işgəncələr verildiyini vəkilləri və özü məhkəmə prosesində etiraf etdi.

Qeyd edək ki, Nardaran hadisələri zamanı şərlənərək həbs edilənlərin işi üzrə 3 qrup ("Nardaran işi-1", "Nardaran işi-2", "Nardaran işi-3") yaradıldı. Bu qrupdakı dindarları ağır cinayətlərdə ittiham edərək uzun müddətli həbs cəzası verdilər.

28 dekabr 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Elçin Qasımlı 15 il müddətinə azadlıqdan məhrum edildi.

Yerli hüquq-müdafiəçiləri Nardaran hadisələri ilə bağlı həbs edilənləri siyasi məhbuslar kimi tanıyıblar.

Top
JoomlaLock.com All4Share.net