Taksi sürcüsü Azərbaycandan 5.5 milyard manatı necə çıxardı?
Featured

06 Fevral 2019

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda pulu leqallaşdırmaqda ittiham olunan “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev və tanışı Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən şəxslər onlara elan olunan İttihamla özlərini təqsirli bilməyiblər.

Təqsirləndirilən Rüfət Vəliyev ifadəsində taksi sürücüsü işlədiyi dövrlərdə Türkiyə vətəndaşı Əli Can adlı müştəri ilə tanış olduğunu göstərib. Sonradan adıçəkilən şəxsin sürücüsü kimi 700 manat məbləğində məvaciblə onunla işləməyə razılaşıb: "İş adamı idi, "Kargo" işlədirdi, müəyyən məbləğdə pulları ayrı-ayrı bank hesablarına köçürməyi tapşırmışdı".

Hakim deyib ki, R. Vəliyev bir gündə bir banka nəğd şəkildə 6 milyon manat pul gətirib. Hakim təqsirləndirilən şəxsdən bu pulların hansı şəkildə əldə edildiyini soruşub.

R. Vəliyev deyib ki, bu pullar iş adamı kimi Əli Cana məxsus olub və o, həmin pulun mənbəyindən xəbərsiz olub.

Hakim xatırladıb ki, pulların köçürülməsini Rüfət Vəliyevin adına 9 firma rəsmiləşdirib. Bu firmaların əvvəlki sahiblərinin kim olduğu barədə suala R. Vəliyev "adlarını xatırlamıram, tanışlarım idi" deyə cavab verib.

Təqsirləndirilən şəxs ancaq sənədlərə qol çəkdiyini, başqa heç nə bilmədiyini, onun hansı sənədə əsasən xaricə köçürüldüyündən xəbərsiz olduğunu deyib: "Malik Əliyev pulları bank hesablarına köçürməyə kömək edirdi".

Məhkəmə prosesu fevralın 13-də davam etdiriləcək.

İttihama görə, “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev 2012-ci ilin əvvəlində Rüfət Vəliyevlə görüşərək ona cinayət yolu ilə əldə olunmuş pulların leqallaşdırılmasını təklif edib. M.Əliyev onu “AGbank”ın İdarə Heyətinin sədri Azər Mövsümovla görüşdürüb. R.Vəliyev görüşdə özünü “Provision Group”, “İmpeks+”, “Blast”, “Qalaksi A”, “Asin Co. LTD”, “Primo A” və “İTEK” MMC-lərin direktoru kimi təqdim edib. O, guya xarici iqtisadi ticarət fəaliyyəti göstərəcəklərini, külli miqdarda dövriyyələri olacağını bildirib və bunun üçün bankın filiallarının birində onlara otaq ayrılmasını istəyib. A.Mövsümov onlar üçün “AGbank”ın Xətai filialında otaq ayırıb.

M.Əliyev “Royalbank”da işlədiyi vaxtdan bəri tanıdığı Vidadi Əliyev, Ülkər Nəbiyeva və Arzu Əsgərovanı da işə cəlb edib. R.Vəliyev və istintaqa məlum olmayan şəxslərin gətirdiyi cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulları V.Əliyev sayıb, onların saxta olub-olmadığını yoxlayıb. Daha sonra həmin pullar adları qeyd olunan şirkətlərin hesablarına, ardınca isə xarici valyutaya konversiya edilərək başqa ölkələrin banklarındakı hesablara köçürülüb. Ü.Nəbiyev və A.Əsgərova R.Vəliyevin tapşırığı ilə xarici bankların hesablaşma nömrələri və köçürüləcək məbləği komputer vasitəsilə yazaraq çap edib M.Əliyevə təqdim ediblər. R.Vəliyev isə həmin sənədləri şirkətlərin möhürü ilə təsdiqləyib, imzaladıqdan sonra icra olunması üçün M.Əliyev və V.Əliyevə təqdim edib.

Bu qayda ilə M.Əliyev “Privion Group” MMC vasitəsilə 2014-cü ilin fevral ayından 2015-ci ilin oktyabr ayına kimi 839 milyon manat, “İmpeks+” MMC vasitəsilə 2013-cü ilin noyabr ayından 2015-ci ilin oktyabr ayına kimi 778 milyon manat, “Blast” MMC vasitəsilə həmin müddət ərzində 510 milyon manat, “Qalaksi A” MMC vasitəsilə 115 milyon manat, “Asin Co. LTD” vasitəsilə 79 milyon manat, “Primo A” MMC vasitəsilə 213,5 milyon manat, “İTEK” MMC vasitəsilə 129 milyon manat pulu müxtəlif xarici valyutalara konveriya edərək xarici ölkələrdə yaradılan şirkətlərin bank hesablarına köçürüb.

Həmin şəxslər bu qayda ilə ümumilikdə 5 milyard 500 milyon manat pulu leqallaşdırıblar.

Xatırladaq ki, M.Əliyev eyni cinayət əməlinə görə, 2017-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib. (virtualaz)

Top
JoomlaLock.com All4Share.net