AXCP üzvü: "Evimə basqın edib, xanımımı polis idarəsinə aparıblar"
Featured

04 Mart 2019

AXCP fəallarından olan Cəfər Nərimanlının 6 yaşlı övladı küçədə oynadığı zaman, iki polis əməkdaşı uşağı küncə sıxaraq, atasının yerini soruşublar. Sonra isə evə basqın edərək, xanımını polis bölməsinə aparıblar. Bir saatdan sonra xanım sərbəst buraxılıb.

Bu  barədə Vetenugrunda.az-a məlumat verən Cəfər Nərimanlı deyir ki, indiyə qədər başına gətirilən belə müsibətləri ictimailəşdirmək sitəməyib, amma xanımını və hətta 6 yaşlı körpəsini də incitməklə artıq bıçağın sümüyə dirəndiyi məqamdır: "Düzü bu barədə şəxsim adına çoxda xoş olmayan məsələləri ictimailəşdirməkdən çəkinmişəm, ancaq bu gün baş verənlər mənim üçün qırmızı xət və qəbul edilməz oldu və bunu ictimailəşdirmək məcburiyyətində qaldım.

19 yanvar mitinqindən öncə, hər bir cəbhəçinin evinə olduğu kimi, bizim də evə polislər, gəl-getd edirdi. Mən Bakıda olmadığımı, rayonda işlədiyimi desəm də, polislər buna məhəl qoymadan mənə zəng etməklə yanaşı, 7-8 dəfə məni axtarmaq adıyla evimə basqın ediblər. Mitinqə 3 gün qalmış isə (razılıq verildikdən sonra ) 3 gün ərzində qapıda polis post qurub gecə -gündüz keşik çəkib. Eyni zamanda polislər bütün məhlə sakinlərindən məni soruşublar. O, gündən bu günə mütəmadi olaraq polislər evə gəlir, mənimlə maraqlanır, qonşulara, evdəkilərə narahatlıq və qorxu yaşadıblar . Dünən və bu gün isə 2...3 dəfə evimizə gələrək, küçədə oynayan 6 yaşlı oğlumu qorxudaraq, 2 polis küncə çəkib atan hardadır tez ol denən deyiblər. Mənim üçün və bir çoxlarımız üçün qəbul edilməz məsələ bu gün baş verib. "Şanlı" polisimiz Binəqədi rayonu 6 -cı polis bölməsinin işçiləri, evimizə basqın edərək, həyat yoldaşımı məcburi şəkildə, polis bölməsinə aparıblar. 1 saata yaxın sorğu -sual etdikdən sonra isə "Cəfərə vaxt qoyuruq, 3 gün ərzində ya bura gəlməli, yada olduğu ərazidə yerləşən polis bölməsinə yaxınlaşmalıdır" şərti ilə buraxıblar. 

Mən Cəfər Nərmanov 2 övlad sahibiyəm. 3-cü qrup əliləm. 2002-ci ildən əsəb xəstəlikləri üzrə xəstəxanadan mütəmadi müalicə alıram. 2003-cü ildən bəri isə 3- qrup əlillərə verilən təqaüd alıram. 2016-cı ildən AXCP-nin üzvüyəm. Bütün vicdanlı və mübariz dostlarım kimi vətənimin, millətimin və övladlarımın gələcəyi, xoş güzəranı üçün mübarizə aparıram. Mənə və ailəmə qarşı baş verən qanunsuzluqlar, qərəzli və yolverilməzdir. Qanunlarımızı bu qədər ayaqlar altına almayın, insanların seçimlərinə bu qədər qərəzli yanaşmayın. Harada görünüb ki, bir insanı heç bir günahı olmadan sırf müxalifətçi olduğu, mitinqlərdə iştrak etdiyi üçün təqib edəsiz, övladlarını qorxuzub, həyat yoldaşını polis idarəsinə aparasız və şərt kəsib buraxasız?

Bu qədər aciz və kişiliyə yaraşmayan hərəkət etməyin.

Mən onsuzda tutduğum mövqedən, seçdiyim əqidədən dönən deyiləm. Millətim azadlığa çıxana və qanunların şah olacağı ana qədər mübarizəmi aparacam. Bütün dostlarımdan və təmsil olunduğum təşkilatdan, adiatı orqanlardan bu işə vicdanlı yanaşmasını dərhal tələb edirəm."

Top
JoomlaLock.com All4Share.net