"Qaçqınkom": Ağdamın işğal olunmuş ərazilərinə köçənlərə ev veriləcək
Featured

07 Mart 2019

"Qaçqınkom" sədri: "Yanan binanın sakinləri kirayə evlərlə təmin olunacaq."

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev könüllü olaraq Ağdam rayonuna köçmək istəyən məcburi köçkünlərə müraciət edib.

Komitə sədri açıqlamasında könüllü olaraq Ağdama köçmək istəyən məcburi köçkünlərin həmin rayonda dövlət tərəfindən tikiləcək mənzillərdə yerləşdiriləcəyini deyib.

R.Rzayevin bu təklifinə Bakının Nərimanov rayonundakı yataqxanada məskunlaşan Ağdamdan olan məcburi köçkün, 1992-ci il təvəllüdlü Ağamirzəyev Kəmaləddin Əbdülhüseyn oğlu yerindəcə münasibət bildirib və təklifi qəbul etdiyini söyləyib.

Komitə sədri həmin məcburi köçkünün ad-soyadını və əlaqə telefonunu qeyd edərək tezliklə onunla əlaqə saxlayacağını və onun Ağdam rayonunun işğal olunmamış ərazilərindən birində müasir standartlara uyğun şəkildə inşa olunacaq evlə təmin ediləcəyini bildirib.

***

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") sədri Rövşən Rzayev Bakının Nərimanov rayonunda yataqxanada baş verən yanğın nəticəsində dünyasını dəyişənlərin hüzr mərasimində iştirak edib.

Komitə sədri dünyasını dəyişənlərin ailəsinə başsağlığı verib. O, hüzr mərasimində iştirak edən məcburi köçkünlərin problemlərini dinləyib.

Rövşən Rzayev açıqlamasında deyib ki, binada təhlükəli mənzillərdə yaşayan ailələr bir ay müddətində kirayə evlərlə təmin olunacaq: "Bu müddət ərzində burada təmir-bərpa işləri həyata keçiriləcək. Təmir-bərpa işlərindən sonra məcburi köçkünlər yenidən evlərinə qayıdacaqlar. Bu binada məskunlaşan bütün məcburi köçkünlər tez bir zamanda məcburi köçkünlər üçün tikilən qəsəbələrin birində evlərlə təmin edəcəyik. Hazırda biz ailələrlə bu barədə razılaşmalar həyata keçiririk"

R.Rzayev qeyd edib ki, ötən gün yanğın nəticəsində dünyasını dəyişənlərin ailəsi üçün üçotaqlı kirayə ev tutulub: "Ailə bu gündən kirayə evinə köçürüləcək. Yanan bina təmir olunana qədər həmin ailə Nərimanov Rayon İcra Hakimiyyətinin himayəsində olacaq. Biz bu gün burada dəfn mərasimində iştirak etdik və dəfn mərasiminin bütün xərclərini qarşıladıq. Məqsədimiz Cənab Prezidentin arxası ilə Dağlıq Qarabağa getməkdən ibarətdir".(report.az)

Top
JoomlaLock.com All4Share.net