Xələfli Məhəmmədin qış köçü
Featured

10 Mart 2019

Xələfli Məhəmməd də köçdü… Bu xəbəri mən Qarabağın həsrəti ilə dünyadan köçənlərin hamısından ağır qarşıladım. Elə bildm ki, qədim Xələfli ilə bu günün Xələflisi arasındakı axırıncı bağ da qırıldı, sonuncu körpü də uçdu.

İsmayıl oğlu Məhəmməd adı ilə tanınan bu kişi kəndimizin sonuncu ən yaşlı sakini idi. 83 il yaşadı. Ölüm haqdı deyirik, geri dönməz bir karvan yoludur. Bu həqiqəti bildiyim halda gərək 83 yaşlı Məhəmməd kişinin ölüm xəbərini də elə agır qarşılamayaydım.

Bəs səbəb nə idi ki, xəbər mənə çox agır gəldi?

Həmişə deyirəm ki, Qarabag hələ işgal olunmayıb. Necə ki, dogma yerlərin adını, ünvanını, yolunu, cıgırını, bulagını, təpəsini, dagını, aşırımını, gədiyini tanıyan var…demək, Qarabag da bizim yaddaşımızda özünü qoruyub saxlayır. Məhəmməd kişi kimi köklü- köməcli adamların sonuncusu da belə getdi. Gör özü ilə nə qədər bələd oldugu yerin, yurdun adını-ünvanını apardı. Bizi keçmişimizlə baglayan nə qədər söz-söhbət onun sinəsində baglı sandıq kimi əbədiyyətin girdabına gömdü.

Məhəmməd kişi soyu-kökü yeddi arxadönəninəcən bəlli olan nəslin adamlıq, insanlıq sarıdan bir qaraçuxası idi. Bizim kənddə onun haqqında deyirdilər ki, "bir kimsənin toyuğuna da kiş deməyib". Yumşaq, mülayim, sözünü astadan deyən, ağır-ağır danışan adam idi. Qarşısındakının mətləbi başa düşmək istəmədiyini görəndə, "mənim bildiyim buracandı, gerisini yaxşı bilən varsa, ondan soruş", deyərdi.

Məhəmmədin atası İsmayıl Mahmud oğlu müsavatın könüllü əsgəri olub. İlk Müstəqil Azərbaycan Respublikasının könüllü əsgərinə bizim kəndimizdə "müsavatın əsgəri", "dobrovol İsmayıl" deyirdilər. Cəsarətli, sözünü kəsə və birbaşa deməyindən hamı çəkinərdi.

Dili qadağasız, zərbəsi ötkəm idi. Atası Mahmud İsmayılı savadlı görmək istəyib. Oğluna Qarabağın Arazbar tərəfində, xüsusilə, Qarabağda məşhur olan öz atası Molla Alının kitablarını verib. Yəqin Mahmud oğlu İsmayılı elə ruhani kimi görmək istəyirmiş. Amma İsmayıl XX əsrin əvvəllərindəki hava ilə böyüyüb, açıq fikirli, dini xurafatdan, mövhumatdan uzaq bir şəxs olmuşdu.

Molla Alı Haqverdi Eyvatlının oğlu idi. Haqverdi Eyvatlı Ənvər Çingizoğlunun tədqiqatlarına görə 1802-ci ildə Dizax-Cəbrayıllı mahalının Eyvatlı obasında – Eyvat oğlu Alının ailəsində anadan olmuşdu. Qarabağ xanlığının ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə böyük rəşadət göstərmişdi.

II Rusiya-İran müharibəsinin iştirkçısı idi. Haqverdi Eyvatlı Xırda ilə ailə qurmuş, doğulan ilk körpəsinə də atası Alının adını qoymuşdu. Demək, nəsildəki məşhur Molla Alı da babasının adını daşıyıb. Bütün bunları tədqiqatçı Ənvər Çingizoğlu arxiv sənədləri əsasında təqdm edir. Amma bunlardan başqa da bu nəsillə bağlı əhvalatlar ayrı-ayrı salnaməçilərin yazılarında yer alıb.

Bəhlul Behcətin Qaçaq Nəbi haqqında verdiyi məlumatlar arasında Eyvatlı Haqverdinin oğlu Molla Alının mərdliyi və igidliyi ilə bağlı əhvalat da yer alıb. Bu barədə "Bir ayrılıq odu var" adlı ötən il nəşr olunan kitabımda bir fəsidə geniş söhbət açmışam. Məhmməd kişi belə bir nəslin övladı idi.

… Kəndimizdə ilk, ən çox bədii ədəbiyyat oxuyan bir adam kimi anınırdı Məhəmməd kişi. Atası İsmayıl ədəbyyat, tarix kitablarını badan-başa oxudub, dinləyərmiş. Neçə nəsil ardıcıl Məhəmmədin şəcərəsi tək oğul olub. Bizim kənddə tək oğulara xüsusi qyğı ilə yanaşmışlar. Məhəmmədi də hamı əzizləyərmiş; təkcə hörmətli nəslin övladı olduğuna görə yox, həm də elə tək oğul olduğuna görə. Kiçik yaşlarında olanda Məhəməd ağır xəstələnir.

Atası onu qucağında uzaq kəndə təbib yanına aparır. Təbib yarasına baxır, məlhəm qoyur, sonra da ümidsiz-ümidsiz deyir, aparın, bəlkə, Allah qaytardı. Atası İsmayıl yenə onu qucağında yerə qoymadan kəndə qaytarır. Uzun yolu qucağnda uşağı gətirəndən sonra yerə qoyur, ancaq dinmir. Soruşurlar ki, niyə dinmirsən. Qoy ölsün, sonra deyərm. Iki gün keçir, uşaq yenə ağır vəziyyətdə qalır. Ha indi ölər, bir azdan ölər. Səhəri gün uşağın anası Sərvinaz Zal qızı yuxudan oyanıb, qapıya çıxır.

Məhəmməd İsmayıloğlu

Üzündə sevinc var imiş. Deyirlər ki, arvadın başına hava gəlib. Hələ oğlu ölməmiş havalanıb. Yaxın qadınlardan biri yaxınlaşıb soruşur ki, ay Sərvinaz, nə olub axı, elə bil sevinirsən,? Cavab verir ki, hə, sevinirəm, oğlumun yuxusunu görmüşəm. Ölməyəck, uzun ömür yaşayacaq.

Bəli, Məhəmməd o ağır xəstəlikdən ölmür, sağ qalır. Yaxşı oxuyur və kənddə ilk təhsil alanladan olur. Dəmiryolda işarə-rabitə sistemi üzrə ixtisasa yiyələnir. Elə bu işinə görə də ona ŞeÇe Məhəmməd deyirdilər. Mən sonralar öyrəndim ki, ŞeÇe sözü elə onun ixtisası ilə bağlı imiş. Şifrovıy Çast demək imiş. Dayısı qızı – Gülövşə Heydər qızı ilə evlənib. Beş ogul, iki qız atası olub. Öz sənətini, peşəsini övladlarına ötürə bilməsə də, halallıqla yaşamaq yolunu övladlarına ən yaxşı irs kimi verib. Hamısı ailə-uşaq sahibidir. Amma iki böyük oglu haqqında bir-iki kəlmə əlavə demək istəyirəm…

Yusif Dirili – Mahmudov Yusif Məhəmməd oglu ekologiya tarixi üzrə mütəxəssisdir. Elmi işini bu yaxınlarda müdafiə edib, fəlsəfə doktorudur, məşhur professor Qara Mustafayevin yetirməsidir. Tarixi, ədəbi, publisisitik yazılarla mətbuatda ardıcıl çıxış eləyir. "Dirili Qurbani" Ədəbi Məclisinin yaradıcısı və rəhbəridir. Xələflu dəyərlərinin qorunması yolunda hər cür mənəvi əzablara qatlaşır. Uzun illərdir ki, həm də pedaqoji fəaliyyətlə məşğul olur.

İkinci oğlu Nəriman Mahmud da yazıçıdır. İxtisasca riyaziyyat müəllimi olsa da, əsasən ədəbi fəaliyyətlə məşğul olur. Bir neçə ədəbi, publisistik, detektiv kitabların müəllifidir. "Zəncirlənmiş azadlıq" sənədli povesti məşhurdur. Bu yerdə bir "nə isə" sözü yazıb, mətləbi bitirmək olardı. Ancaq…

Həmişə mənə elə gəlib ki, Məhəmməd kişi özündən sonrakı nəslə, övladlarına, eləcə də, mənə nəsə demək istəyir, ancaq demir, deyə bilmir.
İndi düşünürəm ki, onun demək istədiklərinin hamısı yaşadıgı həyatın özüdür. Yəni ki, mən belə yaşadım. Siz də özünüz bilərsiniz.
Əgər Xələflidə şeytanın yoldan çıxara bilmədiyi iki adamın adı çəkilsə, biri mütləq Məhəmməd İsmayıl oglu olardı. Düşünürəm ki, harama əli uzanmayan, özgə ocagına qızınmayan, dilində yalan bitməyən, nəhayət, son nəfəsdə yurd istəyinə yetməyən Məhəmməd İsmayıl oglu elə öz həyatı haqqında xatirələri yaddaş saxlancı kimi qoyub gedib. Və yenə düşünürəm ki, bundan üstün bir əmanət yoxdur.

Yuxarı Xələflidə baba evimizlə evləri qonşu idi. Hamı həyət-bacasına çəpər çəkmişdi. Amma Məhəmməd kişi bu çəpəri heç vaxt çəkmədi. Yuxarı Xələflidən aşagı Xələfliyə Diri dagının ətəklərinə – Xələfli stansiyasına köçüb orada yaşayırdı. Hərdənbir yay vaxtı yuxarılara yolu düşəndə, gəlib kimsəsiz yurda baş çəkirdi. Onun dədə-baba yerinə tərəf çəpər artıranlara heç nə deməzdi, eləcə başını bulayıb gedərdi.

Hökümətdən aldıgı maaşla böyük ailəni ləyaqətlə dolandırdı. Nə dünyadan, nə də insanlardan heç bir gileyi dilinə gətirmədi.
…Məhəmmədin köçünü Sulutəpənin lap zirvəsindəki qəbiristanlığa gətirdilər. Hamıdan əvvəl çatdım. Təzəcə qazılmız boş məzarın yanında durub üzü dənizə tərəf baxdım. Mənə elə gəldi ki, dünya lap axırınacan görünür.
Hə, Məhəmməd kişi, indi burdan üzü yollara sarı bax, bəlkə, Qarabaga gedən köçü də gördün.

…Bizim camaat – Qarabagın Xələfli elatı Dagbasar yerə-yurda əzəldən baglıdır. Neçə əsr boyunca tərəkəmə həyatı yaşayıb, yayda yaylaga, qışda arana dogru can atıb.

…Məhəmmədin də son evi dag başında qazılmışdı.

Əlirza Xələfli
Şair-publisist,
"Kredo" qəzetinin baş redaktoru
"KREDO" qəzeti, 28.02.2019, № 9 (934), səh.16

Top
JoomlaLock.com All4Share.net