Azərbaycanda Novruz bayramı qeyd olunur
Featured

20 Mart 2019

Bu gün Azərbaycanda xalqın sevimli bayramlarından biri olan Novruz bayramı qeyd olunur.

Şamaxı Astrofizika Rəsədxanasına istinadən bildirir ki, yazın Azərbaycana gəlişi martın 21-i saat 01:58-ə təsadüf edəcək və bu zaman gecə-gündüz bərabərliyi qeydə alınacaq. Buna görə də martın 20-si bayram günü hesab olunur.

Novruzun qeyd edilməsi yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir.

Novruz bayramının mənşəyi qədimdir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Bəzi qədim inanclara görə, kainat 4 ünsürdən -su, od, torpaq və küləkdən yaranıb. Məhz bu səbəbdən də hər il Novruz bayramından əvvəl 4 çərşənbə qeyd olunur.

Novruz bayramının özünəməxsus adət-ənənələri var: qulaq falına çıxmaq, tonqalın üzərindən tullanmaq, səməni yetişdirmək, səməni xonçaları bəzəmək, yumurta döyüşdürmək, qonaq getmək, şam yandırmaq, yallı getmək və s.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, martın 20-dən 27-dək ölkədə qeyri-iş günüdür. Onu da xatırladaq ki, Novruz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Top
JoomlaLock.com All4Share.net