Həbsxanadan məktub var: GƏNCƏ İŞİ
Featured

05 Aprel 2019

Gəncə olayları ilə bağlı həbs edilən Elvin Nəzərov zindandan məktub yazıb.

E.Nəzərovun xanımının vetenugrunda.az-a verdiyi xəbərə görə, o, hazırda Kürdəxanı Müvəqqəti Saxlanama Təcridxanasında saxlanılır. E.Nəzərov məktub vasitəsilə ona və digər innanclılara qarşı edilən zülmü Kərbəla hadisəsi ilə müqayisə edib. O, hazırda Qobustan qapalı həbsxanasında cəza çəkən birinci qrup əlil, siyasi məhbus Əbülfəz Bünyadovdan nigaran olduğunu bildirib. Məktubları təqdim edirik:

"Allahın salamı olsun qardaşlarıma.
Ümidvaram ki, yaxşısınız. Şükürlər olsun Allaha ki, mən yaxşıyam. Qardaşlarımızın cismani azadlığa qovuşmaq xəbərini eşitdikdə dahada yaxşı oldum. Azadlıqları əbədi olsun inşəallah. Bu azadlıq xəbəri digərləri uçundə olsun inşəallah. İnşəallah digər arzularımızda çin olar. Ən böyük arzum isə, imam Hüseynin (ə) "İmdada yetən varmı" çağrışına cavabın verilməsidir. Axı biz "hər gün aşura,hər yer Kərbəla" deyirik. Bəli hər gün aşura hər yer Kərbəladır. Ancaq Hüseyn (ə) hələdə tənha və məzlumdur. Yezid hələdə izdihamlı və qana susamış qoşunu ilə, fəratın yolunu bağlayıb, xeymələri mühasirədə saxlayır. Əbbasın qolları hələdə qələm, gözü oxlu, teşnə balaların naləsindəm ürəyi qanlıdır. Xanım Zeynəbin gözləri hələdə yaşlı, Əsğərin boğazı hələdə qanlıdır. Susuz və qızmar səhrada qamçılanan körpə Rüqəyyə hələdə dörd bir yanda, başı nizədə olan atasını axtarır. Təəssüflər olsun ki, bütün bunlar dörd yüz milyon şiənin olduğu dövrdə baş verir. Axı niyə? Cavabı çoc sadədir. Çünki biz, dünya adlı zindanda nəfsimizin əsiriyik. Kimisinə ailə-uşaq, kimisinə şan-şöhrət, kimisinə iş və var dövlət eşq karvanına qoşulmağa mane olur. Allah bizi bu zindandan azad olub, imam Hüseynin (ə) xeyməsinə daxil olanlardan etsin. Amin Rəbbəl aləmin! Allah canı, malı,qanı bahasına hüseyn məktəbini yaşadan siz əzizlərdən razı olsun. Seyyid Şühədaya zəvvar olan əzizlərdən bir xahişim var. Ağama deyin, Hüseynçi ola bilmədiyim üçün məni bağışlasın. Çox xəcalətli olduğumu deyin.Tək təsəllim bu zindan həyatıdır. Çünki bura imam Museyi Kazimin (ə) ətrini verir. Allahdan diləyim budur ki, Kərbəla ətrini duymağıda mənə nəsib etsin.Ruhum çox susuzdur.Bu susuzluq yalnız şəhadət qanımla sirab olar. Əzizlərim yaxşı ki, varsınız və yaxşı ki, qardaşımsınız. Qobustanın yalnız və zəncirə vurulmuş aslanı və yaralı vücuduyla zülmlər evini nurlandıran,səbr nümunəsi, canlı şəhid hacı Əbəlfəz sizə əmanət. Hər kəsə salam duamı çatdırın. Səbr edin və Allaha çoxlu dua edin. İnşəallah hər şey yaxşı olacaq.Haqqınızı halal edin. Xudahafiz.
YEL YATAR TUFAN YATAR YATMAZ HÜSEYNİN MƏKTƏBİ".

Qeyd edək ki, 2018-ci il iyulun 10-da Gəncədə baş verən aksiya ilə bağlı 200-ə yaxın insan həbs edilib. Onlardan bəziləri 30 sutka inzibati cəza ilə cəzalandırılıb. Lakin adının çəkilməsini istəməyən bu adamlar hətta 30 sutka ərzində hər gün dəhşətli işgəncələrə məruz qaldıqlarını bildirir. Onlar təqdim edilən ifadəyə imza atmaları üçün döyülüblər. İfadəyə imza atdıqdan sonra isə 30 sutkalıq cəzalarını çəkiblər.

Amma 56 nəfərə yaxın şəxs məhkəmə qarşısına çıxarılıb. Həbs edilənlər bir-neçə qrupa ayrılıb. Qrupların bəzisinə, Gəncə Ağır Cinayətlər Məhkəməsində, bir qisminin isə Sabunçu Rayon Məhkəməsində məhkəmə prosesi keçirilir. Artıq 4 qrupa hökm oxunub. Digər qrupların məhkəmə iclasları hələ də davam edir.

Martın 1-də hökm oxunan 6 nəfərlik qrupdan birində Mingəçevir sakini Elvin Nəzərov da var.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Xəqani Səmədovun sədrliyi ilə keçirilən məhkəmədə Nəzərov Elvin Novruz oğluna 7 illik həbs cəzası verilib. Elvin Nəzərov və onun yaxınları ittihamlarla razılaşmır və bütün bunların şər-böhtan olduğunu bildirir.

Elvin Nəzərovun xanımı Şəbnəm Nəzərova mətbuat konfransında çıxış edir

Top
JoomlaLock.com All4Share.net