"Şəban ayının fəziləti yuxulu könülləri oyatsın..."-ZİNDANDAN MƏKTUB VAR
Featured

10 Aprel 2019

Şəban ayı fəzilətlərlə dolu aydır. Bu ay yeganə aydır ki, imamlarımızın Şəhadəti olmayıb. Ötən gün Şəhidlər sərvəri İmam Hüseyn (ə), bu gün hacətlər qapısı adlandırılan Əbülfəzlin (ə), sabah isə öz məntiqi ilə düşmənə dağ çəkən İmam Səccadın (ə) mübarək mövlud günləridir. Bu münasibətlə həbsxanadan redaksiyamıza məktub gəlib. Hazırda 15 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan inanclı məhbuslarımız Fərhad Muradov, Seyfəddin Şirvanov, Sahil Rzalı və Şamil Abduləliyev Şəban ayının müqəddəs mövlud günləri münasibətilə xalqımızı və islam dünyasını təbrik edib. Vetenugrunda.az-a göndərilən məktubda deyilir:

"Tükənməz Mərhəmət Sahibi Həzrəti Yusifi zindanla sınağa çəkdi. Həzrəti Yusif zindanları gülüstana çevirdi. Ətrafında olan cahillərin imana, dinə gəlməsinə kömək oldu. Aradan keçən min illər Yusifin cənnət qoxusunu dünyaya yaydıqca yaydı. Dünya Həzrəti Yusifin cənnət qoxusundan ayıldıqca cənnət eşqinə düşdü. Cənnəti əldə etmək üçün Allahın buyurduğu yolu seçdi Yusifi sevənlər. 

Dünya bu gün də Şəhidlər sərvəri İmam Hüseynin (ə) şücaəti qarşısında mat qalıb. Məgər yer üzü Kərbəla kimi Meydan gördümü, İmam Hüseyn kimi haqq aşiqi gördümü? Haqqın tapdanmaması üçün, əqidəsinin, dininin diri qalması üçün bütün əzizləri ilə birgə döyüşə atılan bir İgidi gördü bəşəriyyət İmam Hüseynin timsalında. Bu gün də milyonların saf qəlbində özünə isti yuva qurub İmam Hüseyn bu qəhrəmanlığı ilə. Bu yuvalar dünya durduqca artacaq, çoxalacaq. Çünki Allahın seçib Haqq Meydanlarına göndərdiyi əziz bəndələri seçilmişlərdir. 

Bu gün Həzrət Əbülfəzlin (ə) mübarək mövlud günüdür. Dolğun təfəkkürü, geniş baxışı və güclü imanı ilə bu gün də könülləri titrədən, insanları qəhrəmanlığa səsləyən Əbülfəzl... O (ə), İmam Hüseynlə (ə) birgə zalım Yezidə qarşı sonadək mübarizə apardı. O Həzrətin (ə) yolunda canını fəda edib Şəhid oldu. Şükür Allaha, Şəhadət zirvəsinə ucalanlar Mərhəmət Sahibinin seçilmişləridir. 

Sabah İmam Səccadın (ə) mübarək mövludunu qarşılayacağıq. Kimin oğlusan sualına İmam Səccad belə cavab vermişdi: "Mən o kəsin oğluyam ki, öz qanına boyandı. Mən Kərbəlada başı kəsilənin oğluyam. Mən o kəsin oğluyam ki, zülmətdəki bütün pərilər ona ağladılar və səmadakı quşlar ona növhə dedilər".

Onlar ədalətsizliyə qarşı döyüşüb Şəhid oldular. Onlardan min illər sonra dünyaya gələn bütün haqsevər insanlar onları sevdi, Şəhadətləri qarşısında baş əydi, bu məqamı özünə Yol seçdi. Əziz imamlarımızın həyatı doğrudan da bir mayakdır. Hardan, hansı səmtdən baxsan o mayakın gur işığını görəcəksən. O işığı söndürməyə min illər çalışdılar, amma nail ola bilmədilər. Çünki bir məşəl ki, Haqdan alovlanıb, onu söndrmək mümkün deyil.

Əziz müsəlman bacı və qardaşlarımız, dinindən, irqindən aslı olmayaraq dünyanın bütün haqsevər, ədalətli insanları, bu əziz mövludlarla zəngin olan Şəban ayında hamınıza işinizdə, həyatınızda uğurlar, bolluca sevinc arzu edirik.

Əziz Azərbaycan xalqımızın dəyərli övladları, daim zindandakı günahsız məhbusların hüquqları uğrunda mübarizə aparan, məhbus ailələrinin çətin anlarında yanında olan, ehtiyacları olanda yardıma tələsən sizlərlə qürur duyuruq. Sizlər bu günün Haq döyüşçülərisiniz. Heç bir təmanna güdmədən, öz işlərini bir yana qoyub, zindanlara məhkum edilən insanlara uzatdığınız əlləriniz, ədalət sevgisiylə döyünən ürəkləriniz var olsun hər zaman. Sizin böyüklüyünüz, sizin böyük mübarizənizdir bizləri var edən. Düşmən zindanında unudulan, Şəhadət məqamına qədər zindanarda əriyib Şəhid olan İmam Rzanın aşiqləriyik. Amma nə xoş bizlərə ki sizin kimi insanların əhatəsindəyik və unudulmuruq. Sizin kimi mübariz, çalışqan, qeyrətli insanların qayğısı, sevgisi bizləri gücləndirir, özünəinamı, özünəgüvəni artırır. Var olun. Kaş ki, Mövlud bayramları ilə zəngin olan Şəban ayının fəziləti yuxulu könüllərə səhər mehi kimi toxunsun və onları da ayıltsın. Amin!".

Top
JoomlaLock.com All4Share.net