Siyasi məhbusun vəziyyəti ağırlaşıb-SOS
Featured

23 Aprel 2019

Hazırda 15 saylı Cəzaçəkmə Müəssisəində saxlanan siyasi məhbus, ilahiyyatçı Fərhad Mirzənin (Muradov) vəziyyəti ağırlaşıb. Bu barədə vetenugrunda.az-a siyasi məhbusun yaxınları məlumat verib. Ailəsinin verdiyi xəbərə görə, Hepatit C-dən əziyyət çəkən Fərhad Muradovun qəfil dalağından tutan şiddətli ağrıdan bayılıb. Kamera yoldaşları nəzarətçilərə dəfələrlə müraciət etsələr də onlar məhbus üçün vaxtında həkim çağırmayıblar. Fərhad Muradovun xanımı Vüsalə Muradova bildirdi ki, hazırda görüşmək üçün cəzaçəkmə müəssisəsinə gedir.

Keçmiş siyasi məhbus, ilahiyyatçı Elçin Qasımlı da sosial şəbəkədə Fərhad Muradovun səhhətində yaranmış problemlə bağlı məlumat paylaşıb. Məlumatı olduğu kimi təqdim edirik:

"Əziz dostlar! Aldığımız məlumata görə MBH nin idarə heyətinin üzvü İlahiyyatçı Fərhad Mirzənin səhhəti daha da pisləşib. Biz özümüz bunun şahidi olmuşuq ki, Cəza Çəkmə Müəssisələrində tibbi yardım demək olar ki, yox həddindədir. Onsuzda ciddi xroniki xəstəlikdən əziyyət çəkən bir insan daim həkim nəzarətində olmalıdır. Bu baxımdan məsul olan dövlət qurumlarına səslənirik ki, şərlənərək günahsız yerə həbs edilmiş Fərhad Mirzə ən azından Müalicə Müəssisəsinə köçürülməsi təmin edilsin. Əks təqdirdə İlahiyyatçının həyatı təhlükəsi ilə əlaqədar yarana biləcək hər hansı vəziyyətinə görə bütün məsuliyyəti Azərbaycan iqtidarı daşıyır". 

YADDAŞ

2015-ci il noyabrın 26-da baş verən Nardaran olayları ilə bağlı həbs edilənlərdən biri də ilahiyyatçı Fərhad Muradov idi. 2017-ci ilin 12 dekabrında Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən proses başa çatdı Fərhad Muradun da təmsil olunduğu "Nardaran işi-2" qrupuna hökm oxundu.

Fərhad 12 il 6 ay müddətinə azadlıqdan məhrum edildi.

Qeyd edək ki, Fərhad Muradov Hepatit C-dən əziyyət çəkir.

Top
JoomlaLock.com All4Share.net