Eldəniz Quliyev: "İnanclıları kütləvi şəkildə həbs edirlər-SƏBƏBİ..."
Featured

27 Aprel 2019

Azərbaycanda islamafobiya varmı? Bu sualın cavabını axtaranda çox nəsnələrlə rastlaşırsan. Ən sonda Gəncə olayları zamanı şərlənərək həbs edilənlərin demək olar ki, əksəriyyəti inanclılardır. Hətta inanclı olmayanlara da məhkəmələrdə "dindar" "damğası" vurmağa çalışırlar. Niyə görə "damğa"? Çünki dindarlıq gözəl, üstün bir məqamdır. Dindar həyatın dibindəki keyfə, eyş-işrətə deyil, həyatdan üstün olan haqqa üz tutanlardır. O zaman bu gün Azərbaycanda inanclı insanların niyə görə "qara siyahıya" salındığını düşünməyin özü çox ağrılıdır. Çünki bu düşüncəni yaradan mühitin artıq formalaşması və ciddi təzyiqləri yaxşı olmayan oyunlardan və bu oyunların günahsız qurbanlarından xəbər verir.

Vetenugrunda.az-a bu barədə danışan İnanclı Məhbusların Hüquqlarının Müdafiə Komitəsinin sədri, rejissor Eldəniz Quliyev də söhbət zamanı dedi ki, siyasi məhbusların 70 faizini inanclılar təşkil edir.

-Siz inanclı məhbusların hüquqlarının müdafiə komitəsinin təmsilçisiz. Bu gün Azərbaycanda böyük sayda inanclı məhbuslar var. Onların hüquqlarını necə müdafiə edirsiniz? Saxlanma şəraiti ilə tanış olmaq üçün inanclıların məhkum edildiyi həbsxanalarda görüşlər təşkil edə bilirsizmi? Ümumiyyətlə, bu sahədə fəaliyyətiniz barədə nə deyə bilərsiz?

-Qarabağ qazisi Rövşən Əhmədli və mən İnanclı Məhbusların Hüquqlarının Müdafə Komitəsinin həmsədrləriyik.

Syasi məhbusların adları müxtəlif siyahılarda sıralanıb. Amma bütün siyasi məhbus siyahılarında inanclı insanların sayı 60-70 faizdi. 152 nəfər siyasi məhbusun 70-dən artığı inanclı insanlar idi. Daha sonra 51 nəfər siyasi məhbus azadlığa çıxdı, onların da 15 nəfəri dindarlar idi. Müdafiə Komitəsi olmasaydı bəlkədə bu 15 nəfərin tam əksəriyəti azadlığa çıxmayacaqdı.

Biz mütəmadi olaraq iclaslar keçiririk, insan haqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlarla əlaqələrimiz var. Ölkəmizdəki xarici ölkə səfirliklərinə müraciətlər edirik. Yəni daim gündəmdə saxlayırıq bu mövzunu və hesab edirəm ki, inanclı məhbusların hüquqlarının müdafiəsi üçün daim aktif fəaliyyət göstərməliyik.

-Bu gün zindanlarda xeyli sayda məhkumlar var ki, onların səhhətində çox ciddi problemlər var. Məsələn Hepatitdən, vərəmdən əziyyət çəkən məhbuslar var. Nardaran olayları zamanı yaralanan Şaiq Abduləliyev hazırda zindanda onurğasına taxılmış iki güllə ilə yaşayır və əməliyyat edilmir. Ən dəhşətlisi odur ki, 1-ci qrup əlil, Əbülfəz Bünyadov Qobustanda ciddi rejimdə saxlanılır. Bu insanların həyatı təhlükə qarşısındadır. Bu təhlükənin qarşısını almaq üçün hansı addımları atırsz?

-Biz Rövşən Əhmədli ilə mütəmadi olaraq həbsxanalara baş çəkirik. Bir neçə dəfə Qobutan qapalı həbsxanasında və 15 saylı Cəzaçəkmə Müəssisəsində olmuşuq. Eləcə də məhbusların saxlandığı digər həbsxanalara baş çəkmişik.

Qobustan həbsxanasında saxlanan Nardaran məhbusları Abbas Hüseynov və Cabbar Cabbarlının işgəncələrə məruz qaldığını eşitdik. Biz həbsxanaya getdik və Cabbar Cabbarlı ilə, eyni zamanda Müsəlman Birliyi Hərəkatının lideri Tale Bağırzadə ilə görüşdük. Rəhbərliklə görüşdən sonra müəyyən yumşalmalar əldə edildi. O cümlədən rəhbərliyin qarşısında tələb qoyduq ki, məhbusların ailələri ilə görüşməsinə və telefon danışıqlarına qoyulan məhdudiyyət aradan götürülsün. Biz buna nail olduq.

Bütün hallarda həbsxana şəraiti ağırdır. Üstəlik, cəza almış bir insanın həbsxanada, bu ağır şəraitdə işgəncə edilməsi, incidilməsi yolverilməzdir. Qobustan qapalı həbsxanasında saxlanan Tale Bağırzadə Abbas Hüseynə və Cabbar Cabbarlıya işgəncə verilməsinə etiraz olaraq aclıq aksiyasına başlamışdı. Biz onunla görüşüb xahiş etdikdən sonra bu aclıq aksiyasını da dayandırmağa nail olduq. Yəni daim bu insanlar bizim diqqətimizdədir.

Eyni zamanda həbsxanalarda Hepatitə, vərəmə yoluxmuş adamlar var, bəziləri bu xəstəliklərlə düşüb oraya. Bu adamlar daha çox diqqət, qayğı tələb edir. Amma Əbülfəz Bünyadova gəlincə, birinci qrup əlilin belə rejimdə həbsxanada saxlanması bütün insan haqlarına ziddir və bütün insanlığa vurulan zərbədir. Bu elə bir biabırçı məqamdır ki, adi sözlə ifadə etmək çətindir.

Bundan başqa 15 saylı Cəzaçəkmə Məüssisəində saxlanan hicab məhbusu Ruhulla Axundzadə ilə görüşdük. Rövşən Əhmədli ilə birgə müəssisənin rəhbərliyinə ərizə ilə müraciət edib, burada saxlanan inanclı məhbuslarla görüşmək üçün imkan yaratmasını xahiş etdik.

Bizə ancaq Ruhulla Axundzadə ilə görüşməyə icazə verdilər.

Orada digər inanclı məhbuslar, Sahil Rzalı, Şaiq Abduləliyev, Fərhad Muradov və digərləri saxlanır. Bilirsiz ki, Fərhad Muradov Hepatit C-dən əziyyət çəkir. Bu günlərdə Fərhad Muradovun vəziyyəti qəfil ağırlaşdı. Onun ailəsinin görüşünə imkan verməsini və vaxtında müalicəsi üçün rəhbərliklə əlaqə saxladım və buna immkan yaradıldı. Hazırda Fərhad Muradov böhran vəziyyətindən çıxsa da, o, mütləq müalicə mərkəzinə köçürülməlidir.

Ümumiyyətlə, çalışırıq İnanclı İnsanların Müdafiə Komitəsinin iclaslarını geniş tərkibdə keçirək. Düzdür, hakimiyyət buna imkan vermir, hər cür maneə yaradır. Amma növbəti həftədə geniş bir iclas da planlaşdırılır.

-Ümumilikdə ölkədə sosial -iqtisadi böhran yaşanır. Yəni insanlar işsizlikdən və bahalıqdan çox acınacaqlı vəziyyətdə yaşayır. Amma nəzərə alanda ki, məhbus ailələrinin eyni zamanda evə çörək gətirəni, ailənin yeganə qazanc gətirəni həbs edilib, ailədə körpə uşaqlar var bunu düşünmək özü çox çətindir.

Təkcə inanclı məhbusların deyil, digər siyasi məhbusların hətta ən uzaq qohumları da vəzifələrindən kənarlaşdırılır, ailə üzvləri adi işlərə də götürülmür. Eyni zamanda biz səhhtəində problem olan məhbuslardan danışdıq. Bunların dərmanları da alınmalıdır. Bütün bunlar üçün böyük məbləğdə vəsaitə ehtiyac var. Bu ailələrin maddi problemlərinə kömək etmək üçün konkret hansı işləri görürsünüz və ya hansısa ideyanız varmı?

-Bu sualınız çox ürəkağrıdan məsələlərə toxunub. Biz gərək bütün siyasi məhbusların, o cümlədən inanclı siyasi məhbusların müdafiə məsələsinə başqa rakursdan yanaşaq. Görürsüz ki, biz hələ nəticə ilə mübarizə aparırıq. Əslində isə səbəblə mübarizə aparmalıyıq. "Obtovoy" şəkildə dindarlar tutulur. Bunun səbəbini araşdırırıq. Bu nə sifarişdir?

Bu gün ölkədə inanclı qismə olan bu təzyiqlə əslində hökumət belə bir fikir formalaşdırmaq istəyir ki, guya bu insanları həbs etməsəydi, onlar islam dövləti, xurafat dövləti quracaqdılar və bu qədər təhlükəlidirlər.

Niyə bu absurd fikirə düşürlər?

Mən eyni zamanda Siyasi Məhbuslara Azadlıq İttifaqının təsisçisi və üzvüyəm. Bu qrumda bilirsiniz ki, Leyla Yunus da təmsil olunur. Elə bir ay olmur ki, biz inanclı məhbusların işlərinə tounmayaq. Bu məsələni beynəlxalq səviyyədə qaldırır tez-tez.

Bu insanların ailələri var, ən əsası da ailələrində körpə uşaqlar var. Bəzən bu uşaqlar xəstələnir, onlara yardım etmək lazımdır. Bayramlar, tarixi günlərdə bu ailələri ziyarət etmək lazımdır. Bu ailələrin xeyrdə-şərdə yanlarında olmaq lazımdır. Bütün bunlar üçün xeyli maddi vəsaitə ehtiyac var. Barmaqala sayılacaq qədər yardım edənlər var.

İnanclı məhbus, eləcə də digər siyasi məhbus ailələrinə maddi yardım məsələsi çox ağrılı məsələdir, bunu da həll etmək lazımdır. Amma hələ ki, bu maddi yardım məsələsinə ah çəkməklə cavab verməli olacam. Çünki hər zaman Hacı Rövşən Əhmədli ilə mən pensiyamızdan qəpik-quruşla kiməsə dərman almağa, kiməsə kömək etməyə çalışırıq, kiminsə evinə getməyə yardım edirik. Kaş ki, heç olmaya din qardaşları inanclı ailələri bu çətin günlərdə darda qoymaya, onlara yardım əli uzada. İnanıram ki, bu çətinliyin də öhdəsindən gəlmək olar. Təki kömək edənlər, zindanlardakı din qardaşını düşünən imanlıların içində bir mərhəmət qığılcımı oyada bilək.

Top
JoomlaLock.com All4Share.net